Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin, o cümlədən xalqımızın estetik dünyagörüşünü, bədii istedadını, özünəməxsusluğunu və mədəni identikliyini əks etdirən milli xalçalarımızın qorunması və beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq işlər görülür. Bu işlərdən biri də Azərbaycan xalça sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi məqsədilə namizədlik faylı, film və müxtəlif dillərdə nəşr olunmuş kitabçaların hazırlanıb UNESCO-ya təqdim edilməsidir.
   Məlum olduğu kimi, 2010-cu ilin noyabrında Keniyanın Nayrobi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib, sessiyada aparılmış müzakirələrin nəticəsi olaraq “Azərbaycan ənənəvi xalçaçılıq sənəti” UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib.
   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan xalçası ilə bağlı hazırlanmış namizədlik faylı, filmin və saytın (beş dildə) geniş ictimaiyyətə təqdim edilməsi məqsədilə fevralın 7-də Muzey Mərkəzində təqdimat mərasimi keçiriləcək. Tədbirdən sonra iştirakçıların Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə ekskursiyasının təşkili də nəzərdə tutulur.
   
   Yeri gəlmişkən:
   Qədim xalçalarımızın tabloları Belçikada nümayiş olunacaq
   
   Fevralın 5-də Belçikanın paytaxtı Brüsseldəki “Art word” sənət qalereyasında Azərbaycan əsilli rəssam Timur Taştekinin fərdi sərgisi açılacaq. Sərgidə əsərləri Avropa ölkələri və Amerikada rəğbətlə qarşılanan Timur Taştekinin yağlı boya ilə çəkdiyi qədim Azərbaycan xalçalarının tabloları nümayiş etdiriləcək.
   1948-ci ildə Türkiyənin Ərdəhan vilayətində anadan olmuş Timur Taştekin indiyədək qardaş ölkədə 30-dan artıq fərdi sərgidə əsərlərini təqdim edib. Onun tablolarında Qars bölgəsinin motivləri üstünlük təşkil edir.