Mədəniyyət və turizm nazirinin sözlərinə görə, plan yaxın günlərdə ölkə prezidentinə təqdim olunacaq
   
   2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının layihəsi hazırlanıb. Turizmin inkişafı ilə bağlı bir çox tədbir və layihələri əhatə edən sənəd yaxın günlərdə dövlət başçısına təqdim olunacaq. Bu barədə İctimai Televiziyaya müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib. 
      
   Nazir deyib ki, 2011-ci ildə Azərbaycana gələn turistlərin sayının 2 milyona çatacağı gözlənilir: “Azərbaycanda irimiqyaslı beynəlxalq layihələrin gerçəkləşməsi ilə yanaşı, tarixi abidələrin qorunması layihələrinin hamısı bu proqramın tərkibinə daxil edilib. Plan bütövlükdə turizmin inkişafına yönəlib. Bununla yanaşı, plan Azərbaycan əhalisinin, regionların, bütün dövlət və qeyri-dövlət təşkilatlarının turizmin inkişafına dəstək verməsini nəzərdə tutur”.
   Xatırladaq ki, ölkə prezidenti fevralın 15-də 2011-ci ilin “Turizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması zərurəti nəzərə alınaraq, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədi ilə 2011-ci il Azərbaycan Respublikasında “Turizm ili” elan edilir. Sərəncamda Nazirlər Kabinetinə 2011-ci ilin “Turizm ili” elan edilməsinə dair tədbirlər planını hazırlayıb bir ay müddətində ölkə prezidentinə təqdim etmək tapşırılıb.