Ənənəvi olaraq təqdim olunan «Uğur» milli mükafatı yeni laureatları elan edib. 2010-cu ilin yekunlarına görə, mükafatın laureatları arasında ictimai xadimlər, dövlət təşkilatları və özəl şirkətlər var. 
      
   “UĞUR-2010” mükafatının təşkilat komitəsinin sədri İbrahim Baharov “Buta Palace” sarayında keçirilmiş təqdimat mərasimindəki çıxışında laureatların adlarını açıqlayıb. Laureatlar arasında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi də var. Mədəniyyət və Turizm Nazirliyi “Turizmin inkişafına verdiyi töhfəyə görə” nominasiyasında «UĞUR-2010» mükafatına layiq görülüb. “Bu mükafata, öz sektorunun flaqmanları olan və ölkəmizin inkişafına öz dəyərli töhfəsini vermiş təşkilatlar, şirkətlər, görkəmli şəxsiyyətlər layiq görülüb. Bizim laureatlarımız, Azərbaycanda ölkənin gələcəkdə də müxtəlif istiqamətlərdə inkişaf etməsi üçün böyük potensialın olduğunu bir daha nümayiş etdiriblər”, - deyə mükafatın təşkilat komitəsinin sədri bildirib.
   “UĞUR” mükafatı 2000-ci ildə Consulting&Business jurnalı tərəfindən təsis olunub. 1996-cı ildən etibarən nəşr olunan və iqtisadiyyat, hüquq və ölkədə özəl sahibkarlığın inkişafı ilə əlaqədar məsələləri işıqlandıran Consulting&Business jurnalı, azərbaycanlı iqtisadçılar, siyasətçilər, menecerlər və iş adamları tərəfindən aparıcı işgüzar nəşr qismində tanınıb.