Ömür xəritəsi
   
   Aydın Kazımzadə 1940-cı il yanvar ayının 15-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1958-1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsində təhsil alıb. 1985-ci ildə Moskva ÜİDKİ nəzdində informasiya-reklam işi üzrə yaradıcı və rəhbər kinematoqrafiya işçilərinin ixtisasartırma kurslarını bitirib. 1963-cü ildən bu günə kimi kino sistemində işləyir. "Kino" qəzetinin və “Film" jurnalının baş redaktoru, Azərbaycan Kinematoqrafiya Komitəsi Məlumat-Reklam bürosunun direktoru, Az.TV-də dublyaj şöbəsinin müdiri, "Azərkinovideo" İB-də reklam şöbəsinin müdiri, "Azərbaycan Kino Ensiklopediyası"nın baş redaktor müavini, Dövlət Film Fondunun direktor müavini vəzifələrində çalışıb. 1997-ci ildən Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan kino tarixi fənnindən dərs deyir, universitetin dosentidir. Eyni zamanda, Azərbaycan Dövlət Film Fondunun aparıcı mütəxəssisidir.
   1963-cü ildən dövrü mətbuatda Azərbaycan kino tarixinə, kino sənətinin müxtəlif problemlərinə dair 200-dən artıq elmi və publisistik məqalələri çap edilib. Azərbaycan kino tarixinin 1916-cı ildən deyil, 1898-ci ildən başlanması və Azərbaycan animasiya filmlərinin də yaranma tarixinin 1933-cü ilə aid olması faktlarının üzə çıxarılıb sübuta yetirilməsi məhz Aydın Kazımzadənin adı ilə bağlıdır. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, 2005-ci ildə isə Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb. 
   
    
   Kino tarixinə qısa səyahət
   
   ...Hər şey Ogüst və Lui Lümyer qardaşlarının sinematoqrafı ixtira etdiyi gündən başladı. Onlar nəinki hərəkət edən əşyaları lentə alan, həm də çəkdikləri təsvirləri ekranda göstərə bilən aparat icad etdilər. Həmin “əcaib” qurğunun sayəsində 1895-ci il dekabrın 28-də “Qran kafe”nin zirzəmisində 35 tamaşaçının iştirakı ilə ekranda “hərəkət edən şəkillər” (“kino” yunan sözü olub “hərəkət edən şəkil” deməkdir) göründü. Fransada ilk kino seansından iki il yarım sonra, qara neftin səxavətindən milyonlar səltənətinə çevrilən Bakıda kino lenti nümayiş olundu.
   
   
   112 il bundan əvvəl, avqustun 2-də Azərbaycan kinosunun əsası qoyulub. Qonağımız milli kinomuzun gerçək tarixini araşdırıb üzə çıxaran kinoşünas Aydın Kazımzadədir.
   
   Kino tarixdir, tarix kino deyil
   
   - Aydın müəllim, gəlin söhbətimizə bir qədər əvvəldən başlayaq. İxtisasca jurnalistsiniz, bəs niyə ömrünüzü kino sənətinə bağladınız?
   - Universiteti bitirəndən sonra yollar məni “Kino” qəzetinə gətirib çıxardı. O zamanlar “Kino” qəzeti sadəcə ekrana çıxan filmləri reklam edən bir vərəq idi. İlk gündən hiss etdilər ki, bu sahəni yaxşı bilirəm. Çünki universitetdə oxuduğum illərdə “Universitet” qəzetində işləyirdim. Ona görə də boynuma qoydular ki, “Kino” vərəqəsini qəzetə çevirim. Belə də oldu. Üstəlik 1966-cı ildə Mərkəzi Komitəyə müraciət etdim ki, “Film” adlı jurnal çıxaraq. Bu qəzet və jurnalı buraxmaqla, təvazökarlıqdan uzaq da olsa, deməliyəm ki, Azərbaycanda kinojurnalistika sahəsinin yaradıcısı və ilk mütəxəssisi də elə mən olmuşam. Beləliklə, ömrümü kino sənətinə bağladım, kino işçisi oldum.
   - Kino tariximizi araşdırıb üzə çıxarmağa nail oldunuz. Yəqin ki, bütün bunlar asan başa gəlmədi?
   - XIX əsrin sonunda Bakıda başlayan neft bumu iqtisadi inkişafla yanaşı, mədəni inkişafa da böyük təkan vermişdi. Bakıya üz tutanların arasında müxtəlif sənət adamları: memarlar, fotoqraflar, rəssamlar vardı. İlk dəfə Məsimə Rzayeva adlı bir alimimiz qəzetdə oxumuşdu ki, Mişon adında bir nəfər Bakıda kino çəkib. Mişonun kimliyini aydınlaşdırmaq qərarına gəldim, məlum oldu ki, Aleksandr Mixayloviç Mişon fransız deyil, rusdur. 1879-cu ildə ailəsi ilə Bakıya gəlib və 35 il burada yaşayıb.
   O dövrün qəzetlərini araşdırarkən onun haqqında yazılar tapdım və o da məlum oldu ki, bu adam təkcə kinooperator olmayıb, burda nəşriyyat açıb, jurnal çıxarıb, filmlər çəkib, fotoatelyesi olub. “Kaspi” qəzetində onun foto dərnəyində dərs dediyi proqramı tapdım. İlk dəfə filmlərini harada nümayiş etdirib, atelyesi harada olub, həmin yerləri də axtarıb tapdım.
   Araşdırmalar zamanı çox maraqlı faktlar üzə çıxdı. Məlum oldu ki, Mişon 1898-ci il iyunun 21-də çəkdiyi filmləri eksperiment kimi Vasil-Vyatskinin teatr-sirkində göstərib ki, görsün, camaat necə reaksiya verir. Avqustun 2-də isə həmin teatr-sirkdə “Bibiheybətdə neft fontanı yanğını”, “Gəminin yola düşməyi”, “Şəhər bağında xalq gəzintisi” kinosüjetlərini nümayiş etdirib və böyük uğur qazanıb.
   
   Tarix dəyişmir, tarix dəyişdirilir
   
   Bizdə kino tarixi üç dəfə dəyişib. 1920-ci ildən 1976-cı ilə kimi 27 avqustu sovet kino günü kimi qeyd etmişik. 1976-cı ildə hesablayıb gördüm ki, “Neft və milyonlar səltənəti” filminin ekrana buraxılmasının 60 illiyidir. Sənətşünas-alim Nazim Sadıqova zəng elədim ki, əl-ələ verib bu faktı üzə çıxaraq. Həsən Seyidbəyli, Cəmil Əlibəyov, Nazim Sadıqov, Süleyman Süleymanov və mən Kinematoqrafiya Komitəsinin sədri Məmməd Qurbanovun qəbuluna getdik. Məmməd Qurbanov yanımızdan Moskvaya - SSRİ Dövlət Kino Komitəsinin sədri F. Yermaşa zəng etdi ki, belə bir fakt var, yubiley keçirmək istəyirik. Yermaş telefonda Məmməd müəllimə nə dedisə, Məmməd müəllim dəstəyi yerə qoydu. Cavan idim deyə mənim cəsarətim çatmadı, Həsən Seyidbəyli soruşdu ki, Məmməd müəllim sizə nə oldu? Dedi, görmürsən, mənə deyir ki, nəinki, Azərbaycanda, bütün Zaqafqaziyada, Orta Asiyada kino sovet hökuməti qurulandan sonra olub. Özünüzdən tarix düzəltməyin. Bəlkə Azərbaycan kinosunun tarixi, Rusiya kinosunun tarixindən də qədimdi? Onda Məmməd müəllim dedi ki, ümidimiz qaldı Heydər Əliyevə. O zaman Heydər Əliyev Mərkəzi Komitənin birinci katib işləyirdi. Böyük bir arayış hazırlayıb göndərdik Mərkəzi Komitəyə. İndiki kimi yadımdadır, mart ayı idi. Heydər Əliyev o məlumatı alan kimi deyib ki, gecikmişik, gərək dekabr ayında yubiley keçirilsin. Geniş təbliğat kampaniyası başlandı, dekabrda milli kino günümüz möhtəşəm şəkildə qeyd olundu. O zaman Heydər Əliyev Məmməd Qurbanova belə bir söz də deyib ki, əgər kino mütəxəssisləri araşdırsalar, bəlkə bizim kino tariximiz bundan da əvvəllərə gedib çıxar. Bu sözü Məmməd Qurbanov, bir də kinomuzun təməl daşını qoyanlardan biri - Mikayıl Mikayılov mənə demişdi. Mən də araşdırıb kinomuzun əsl tarixini tapdım.
   1996-cı ildə köhnə tarixlə kinomuzun 80 illiyi qeyd olunacaqdı, qəzetlərdə məqalələrlə çıxış elədim, 80 illik keçirilmədi, amma bu faktı üzə çıxardığıma görə başım çox ağrıdı. 1998-ci ildə isə artıq kinomuzun yeni tarixi sübut olunmuşdu. II Şərq-Qərb kinofestivalının açılışı bütövlükdə Azərbaycan kinosunun 100 illiyinə həsr olundu. O zaman prezident Heydər Əliyev dedi ki, bu gecə öz kəşfi ilə, kinomuzun tarixinin üzə çıxması faktı ilə yadda qaldı. 2000-ci ildə prezident Heydər Əliyev sərəncam verdi, 2 avqust 1898-ci il tarixi kinomuzun yaranma tarixi kimi təsdiq olundu.
   
   Bu da bir tarixdir
   
   - Beş il əvvəl “Azərbaycan filmlərinin izahlı kataloqu”nu tərtib etməklə həm də filmlərimizin ümumi sayını müəyyənləşdirmiş oldunuz.
   - O kitabı hazırlayarkən məlum oldu ki, Azərbaycanda 2 minə yaxın film çəkilib. Onların 350-dən çoxu bədii filmlər, 100-dən çoxu animasiya filmləri, 1500-ü isə sənədli filmlərdir.
   - Kinomuzla bağlı başqa maraqlı kitablarınız da var.
   - Bakı kinostudiyasının tarixindən bəhs edən “Bizim Azərbaycanfilm” kitabını, “Azərbaycan kinosu və müharibə”, Əlisəttar Atakişiyev haqqında “Əbədi ölməzlik zirvəsi”, “Üzeyir Hacıbəyov və kino”, “Rasim Ocaqov”, “Ədəbi əsərlərin ekran təcəssümü” (bu kitabı Aqşin Babayevlə bir yerdə yazmışıq) kitablarım çap olunub. Kinooperator Kənan Məmmədov haqqında monoqrafiyam mətbəədədir. “Cəfər Cabbarlının kino fəaliyyəti” haqqında kitabım hazır olsa da, maddi vəsait ucbatından çap olunmur. İndi də “Azərbaycan kinosunun tarixi”ni yazıram. “Azərbaycan kino ensiklopediyası”nın I cildi isə artıq hazırdır, adını dəyişdirib “Kino. Ensiklopedik lüğət” qoymuşuq.
   - Aydın müəllim, bu qədər işləri görmək üçün vaxtı necə tapırsınız?
   - Heç özüm də bilmirəm. İşdə oluram, işdən sonra evdə ikinci iş növbəsi başlayır. Gecə saat 1-ə, 2-yə qədər işləyirəm. Çünki ömür gedir, 70-i artıq başa vurdum. 70 dən sonra Allahın verdiyi paydır nə qədər yaşayacağam bilmirəm, amma görüləsi işlər çoxdur.
   - 112 ildə milli kinomuzun saysız-hesabsız nümunələri yaranıb. Azərbaycan kinosunda ən çox sevdiyiniz üç filmin adını çəksəydiniz, hansı filmləri seçərdiniz?
   - Üç yox, dörd filmin adını çəkərdim: “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Bir cənub şəhərində”, ”İstintaq”. Məni Azərbaycan kinosuna bağlayan da milli filmlərimiz və bir də kino sahəsində tanıdığım insanlardır. Bəxtim onda gətirib ki, Cəfər Cabbarlı, Abbas Mirzə Şərifzadə ilə işləyən adamlarla işləmişəm, onlardan öyrənmişəm, ona görə də kinoya bağlanmışam.
   - Bu il həm də 70 yaşınız tamam oldu. Aydın Kazımzadə özü haqqında film çəksəydi, o filmin mövzusu və ideyası necə olardı?
   - (gülür) Çox qəribə sualdır. Məndə bir xasiyyət var ki, əlim çatmayan arzular haqqında fikirləşmirəm.
   - Aydın müəllim, qəzetimiz və oxucularımız adından Sizi və sizin simanızda bütün kino işçilərini peşə bayramı münasibəti ilə ürəkdən təbrik edirik!
   - Mən də öz növbəmdə “Mədəniyyət” qəzetinin kollektivini, oxucularını və həmkarlarımı təbrik edirəm.
   
   Təranə Məmmədova