Larisa Cavanşir: “Böyük beynəlxalq tədbirlər, mühüm mədəniyyət və turizm layihələrinin reallaşdırılması, ölkəmizin dünya arenasında nailiyyətləri “Azerbaijan review” jurnalı üçün hər zaman bir nömrəli mövzu olub və olacaq”
   
   “Azerbaijan review - Panorama Azerbaydjana” beynəlxalq turizm jurnalının 10 yaşı tamam olur. Bu illər ərzində nəşr Azərbaycan turizmi və mədəniyyətinin təbliğində, dünyaya təqdimatında mühüm rol oynayıb. “Azerbaijan review” özünün müxtəlif əlavələri, media-çap məhsulları ilə də yerli və əcnəbi oxucuların marağına səbəb olub. Jurnalın baş redaktoru Larisa Cavanşirlə söhbətimizdə ötən 10 ilə və gələcək planlara nəzər saldıq.
   
   - Larisa xanım, rəhbərlik etdiyiniz “Azerbaijan rewiev” jurnalı üçün 10 il media aləmində öz yerini tutmaq, turizm profilli nəşrlər arasında populyarlıq və müəyyən mövqe qazanmaq baxımından kifayət qədər zamandır. Necə oldu ki, belə bir jurnal ərsəyə gəldi və onun yaranması nə ilə bağlı idi?
   - Azərbaycanda turizm potensialının inkişafı istiqamətində vacib qərarlar 2001-ci ildən etibarən ümummilli lider Heydər Əliyev tərəfindən qəbul edilib. Turizm sektorunun fəaliyyətinin tənzimlənməsinin nazirlik səviyyəsində təşəkkül tapması, turizmin inkişafını müəyyənləşdirən dövlət proqramının qəbulu, ölkəmizdə ilk beynəlxalq turizm sərgisinin (AİTF) keçirilməsi - Azərbaycanın dünya turizm bazarına inteqrasiyasının əsasını qoydu. Bütün bunlar bu sahədə ixtisaslaşdırılmış nəşrin yaranmasına mühüm zəmin oldu. Sözsüz ki, yeni nəşr də öz növbəsində ölkəmizin təbliği, turizm potensialımızın populyarlaşdırılması üçün əlavə imkanlar açdı. Turizm, ilk növbədə, düzgün təqdimat bacarığıdır. Ölkəmizin zəngin turizm imkanları var və bunu bacarıqla, effektli vasitələrlə dünyaya təqdim etmək lazımdır. Azərbaycanın təbiəti, əlverişli coğrafi vəziyyəti, iqlim müxtəlifliyi, xalqımızın qonaqpərvərliyi, tarixi və mədəni abidələrimiz, mədəniyyət və incəsənətimiz, rəngarəng mətbəximiz bizim “vizit kartı”mızdır. Mədəniyyətimiz, qədim tariximiz, təbiətimizin gözəllikləri ilə kim yaxından tanış olursa və bu gün ölkə rəhbərliyi tərəfindən turizmin inkişafı üçün yaradılan imkanları düzgün qiymətləndirirsə, bizim nə qədər qonaqpərvər və tolerant olduğumuzu anlamağa, Azərbaycanı bir turizm məkanı kimi kəşf etməyə başlayır. Biz də bu işə öz töhfəmizi verməyə çalışırıq, ölkəmizin zəngin turizm potensialını geniş ictimaiyyətə təqdim etmək ingilis və rus dillərində nəşr edilən jurnalın başlıca vəzifəsidir.
   - “Azerbaijan review” Azərbaycanın turizm imkanları ilə yanaşı, mədəniyyətini də təbliğ edir. Əcnəbi oxucu və turist üçün maraqlı mövzu seçimində əsas prioritetlər hansılardır?
   - Ötən 10 il ərzində Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə jurnalın təxminən 60 sayını, həmçinin müxtəlif əlavələr, 8 dildə xüsusi buraxılışlar, eyni zamanda Bakıda keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə və London, Berlin, Vyana, Moskva, İstanbul, Dubay, Paris, Honkonq, Milan, Madrid və s. şəhərlərdə Azərbaycanın iştirak etdiyi turizm sərgilərində yaymaq üçün eksklüziv media məhsulları nəşr etmişik. Prioritetlər bəllidir - bizim nəşrin əsas məqsədi Azərbaycanı turizm ölkəsi kimi beynəlxalq səviyyədə təqdim etməkdir. Ona görə də nəşrin səhifələrində xarici oxucu üçün maraqlı ola bilən hər mövzudan söz açırıq. Öz fəaliyyətimizdə hər şeydən əvvəl ölkəmizin nailiyyətlərinin dünya arenasında təbliği, Azərbaycanın turizm sahəsini fəal inkişaf etdirən ölkə kimi beynəlxalq ictimaiyyətə təqdim olunması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qarşıya qoyulan vəzifələri əsas tuturuq. Bununla bağlı nazirliyin «2010-2014-cü illər üzrə Xalq Yaradıcılığı Paytaxtları» proqramını qeyd etmək lazımdır. Bu proqram regional turizmin inkişafına pozitiv təsir edir. Ölkəyə gələn qonaqlar üçün “xalq yaradıcılığı paytaxtları” haqqında təbliğat-tanıtım materialları hazırlamaqla bu şəhərlərə diqqəti daha çox cəlb etdirdik. Ümumilikdə Azərbaycanda xüsusilə mədəniyyət turizmi, əyləncəli, biznes-turizmi və ekoturizm kimi növlər yaxşı inkişaf edir. Müasir şəraitdə mən ekoturizmi daha aktual turizm növü hesab edirəm. Çünki turist səfərlərinin əsas məkanı təbiət, qoruqlar və sairlə bağlıdır. Bu baxımdan ölkəmizdə turizmin bu növünü inkişaf etdirmək üçün geniş imkanlar var.
   Jurnalın səhifələrində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük dəstəyi ilə ölkəmizin sosial-mədəni həyatının bütün sahələrində reallaşan çoxsaylı dövlət əhəmiyyətli tədbirlər geniş əksini tapır. Qəbələdə keçirilən ənənəvi beynəlxalq musiqi festivalı, Üzeyir Hacıbəyli adına beynəlxalq festival, Çexov adına beynəlxalq teatr festivalı, Bakıda gerçəkləşən “İpək Yolu” mərhələsi (2010), Bülbül adına vokalçıların beynəlxalq müsabiqəsi, Mstislav Rostropoviç festivalı kimi mühüm mədəniyyət tədbirlərinin işıqlandırılması jurnal üçün gözəl ənənədir. Bütün bunlar beynəlxalq səviyyədə ən çox xatırlanan, bizim jurnalda da təfərrüatı ilə bəhs edilən mədəniyyət hadisələridir. Jurnalda ölkəmizə səyahətlə bağlı müntəzəm olaraq reportajlar və fotosessiyalar dərc edirik. Turistlər onlar üçün böyük maraq kəsb edən mədəniyyət və təbiət abidələri - Şəkidəki Xan sarayı, Qobustan, İçərişəhərdəki Şirvanşahlar sarayı və Qız qalası, heç vaxt odu sönməyən Yanardağ və Atəşgah, palçıq vulkanları, şəfaverici Naftalan nefti və s. barədə jurnalımızın səhifələrindən dolğun və rəngarəng məlumatlar ala bilirlər. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan, turistlərə xalqımızın qədim ənənələrə mailk məişəti barədə geniş məlumat verən Qala etnoqrafik muzeyinə səyahət də təqdim etdiyimiz fotoreportajlar arasında xüsusi yer tutur.
   - Müxtəlif yaş və nəsillərə aid insanlar tərəfindən rəğbətlə qarşılanan, sıralarında mədəniyyət və turizm sahəsində çoxsaylı peşəkarların da olduğu geniş oxucu dairəsinə malik bir jurnal nəşr etmək hər halda asan iş deyil. Bu işdə hansı təcrübəyə əsaslanırsınız, bu sahədə hansı xarici nəşrlər sizin üçün maraq kəsb edir?
   - Əlbəttə, bu sahədə ixtisaslaşmış nəşrlərdə çalışan əcnəbi həmkarlarımızın təcrübəsi bizim üçün çox maraqlıdır. Bu gün turizm sahəsində geniş elektron kitabxana, çoxsaylı nəşrlər və peşəkar işlər var. Onların arasında bütün istiqamətlərdə geniş materiallar təqdim edən «Vokruq sveta», «GEO», «National geographic travel» jurnalları bizim üçün xüsusilə maraq kəsb edir. Lakin təcrübə göstərir ki, Azərbaycanda eksklüziv turizm jurnalının beynəlxalq media-arenasında öz yerini tutması üçün özünün işləyib hazırladığı ideyaları, orijinal nəşr layihəsi olmalıdır. Jurnalımızın oxucularına təkcə Azərbaycan haqqında geniş informasiya təqdim etməklə kifayətlənmirik, eyni zamanda, onları beynəlxalq turizm bazarında baş verənlər və turizm profilli ölkələrdə qonaqpərvərlik sferasında işin təşkili təcrübəsi ilə tanış etməyə çalışırıq. Bunun üstünlüklərindən biri də peşəkar turizmin perspektivli inkişafı ilə bağlı ekspertlərin tövsiyələrini diqqətə çatdırmaqdır. Yeni biliklərin, mütərəqqi təcrübənin öyrənilməsi və əldə olunması zərurəti onların elmi əsasda ümumiləşdirilməsini, bu sahəyə dair digər ölkələr üzrə məlumatların tutuşdurulmasını diktə edir. Bu, istər beynəlxalq, istərsə də regional miqyasda müqayisəli təhlil aparmaq imkanlarını təmin edir.
   - Ötən illərə qısa nəzər salaq: hansı mərhələləri keçmisiniz, nələri əldə etmisiniz?
   - Hər şeydən əvvəl, bizim nailiyyətimizi turizm, mədəniyyət və sərgi sferasında beynəlxalq jurnalistika formatında uzunmüddətli fəaliyyət kimi xarakterizə etmək olar. Kollektivimiz peşəkar jurnalistika baxımından arxivlərin təşkili, məlumat bazası, turizm bazarının öyrənilməsi spesifikası və yeni layihələrin inkişafı çərçivəsində sanballı potensial toplayıb. Nəşr özünü respublikada yaxşı göstərə bilib - bütün bu illər ərzində jurnalımız AİTF, Xəzər neft-qaz, Bakutel beynəlxalq sərgilərində iştirak edib. “Azerbaijan review” yaxın və uzaq xaricdə tanınır. Hətta bizə müxtəlif ölkələrdən əməkdaşlıq təklifləri gəlir. Jurnalın materialı əsasında «Azərbaycanın regionlarında və paytaxtında 5 gün», «Azərbaycana böyük səfər», «Diskouver», «Bakının teatr və muzeyləri», «Azərbaycan abidələri» və s. yol bələdçilərimiz nəşr edilib. Hər bir sayın hazırlanması prosesində biz Azərbaycanın mədəniyyət və turizm sahəsində bütün əhəmiyyətli hadisələri əhatə edən materialları toplamağa və onları sahifələrimizdə əks etdirməyə çalışırıq. Hesab edirəm ki, bu bizim layihələrimizin işlənib hazırlanmasına düzgün yanaşdığımızı göstərir. Böyük beynəlxalq tədbirlər, mühüm mədəniyyət və turizm layihələrinin reallaşdırılması, ölkəmizin dünya arenasındakı nailiyyətləri “Azerbaijan review” jurnalı üçün hər zaman bir nömrəli mövzu olub və olacaq.
   - Bu gün oxucularla görüşə hansı yeni yaradıcı planlarla gəlmisiniz?
   - Maraqlı layihələr daima “redaksiya çantası”nı zənginləşdirir. Bu sıraya turizm marşrutlarının populyarlaşdırılması, tanınmış mədəniyyət xadimləri və turizm işçiləri ilə müsahibələr, ölkəmizin mühüm inkişaf mərhələlərini səciyyələndirən xüsusi buraxılışların işlənib hazırlanması, müəyyən sahələrə aid ekspertlərin cəlb edilməsi ilə analitik xülasələr və s. daxildir. Gələcək planlarımızda jurnala yeni əlavənin nəşri də var. Bu nəşr beynəlxalq bazarda Azərbaycanın paytaxt və regionlarının yeni simasını və turizm potensialını təqdim etməlidir.
   
   Söhbətləşdi:
   Mehparə Sultanova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar