Məhəmməd Zülfüqarlı: “ALİSA sistemi beynəlxalq standartlara tam uyğundur”
Belçikanın “ACMİS Group” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi olan “Ultra” şirkəti ölkəmizdə 1999-cu ildən fəaliyyət göstərir. Şirkət həm sistem inteqrator, həm də dünyanın tanınmış şirkətlərinin ölkəmizdə rəsmi nümayəndəsi olaraq müxtəlif sahələrdə yeniliklər tətbiq edib. Son illərdə mədəniyyət sahəsində informasiya texnologiyalarının tətbiqi işində fəaliyyətini genişləndirib. Şirkətin direktoru Məhəmməd Zülfüqarlı ilə söhbətimiz də bu mövzudadır.
- “Ultra” şirkəti olaraq mədəniyyət sahəsində gördüyümüz ilk iş audiogid sistemlərinin qurulması olub. Heydər Əliyev Fondunun dəstəyi ilə Milli Azərbaycan Tarixi Muzeyində, “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində, Milli İncəsənət Muzeyində audio-bələdçi texnologiyaları tətbiq edilir. Bələdçi texnologiyasının iş prinsipi qabaqcadan yazılmış mətn və digər audio materialların ekskursiya zamanı səsləndirilməsinə əsaslanır. İstifadədə çox rahat olmaqla yanaşı, muzeyə gələnlərin, turistlərin kənar şəxslərin köməyi olmadan muzeylə sərbəst tanış olmaları, tariximiz, mədəniyyətimiz barədə dolğun informasiya əldə etmələri üçün geniş imkanlar yaradır. Azərbaycanda müxtəlif dövlət və özəl təşkilatlarla əməkdaşlıqlarımız davam edir. Mədəniyyət və turizmin prioritet sahələr olduğunu nəzərə alaraq, bu istiqamətlərdə icra olunan layihələrə xüsusi önəm veririk.
- Ötən ilin dekabrında Milli Kitabxanada “Avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi” layihəsinin təqdimatı oldu. Ölkəmizdə vahid elektron kitabxana-informasiya sisteminin yaradılması istiqamətində işlər hansı mərhələdədir?
- Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığa 2011-ci ildə başlamışıq. Müqavilə əsasında Azərbaycanda vahid elektron kitabxana-informasiya sisteminin yaradılmasını həyata keçiririk. Nazirlik tərəfindən müasir tendensiyalar nəzərə alınaraq belə bir təklif irəli sürüldü ki, Azərbaycanda vahid bir elektron kitabxana-informasiya sistemi yaradılsın və bu sistemdən ölkənin bütün kitabxanaları yararlana bilsin. Layihəyə may ayında yekun vurulması nəzərdə tutulur. Məqsəd respublika kitabxanalarının vahid mərkəzdən idarə olunması və oxuculara xidmət səviyyəsinin yüksəldilməsi, sadələşdirilməsidir.
Şirkətimiz Milli Kitabxanada data mərkəz qurub. Vahid informasiyanın saxlanılması üçün server otağı yaradılıb. Milli Kitabxanada “Vahid avtomatlaşdırılmış kitabxana-informasiya sistemi”nin təqdimatına həsr edilmiş tədbirdə ilk olaraq sistemlə abunə üsulu əyani şəkildə nümayiş etdirildi. Çox maraqla qarşılandı. Bu, oxuculara kitab verilişi prosesində də mühüm yenilikdir. Bu kitabxanada elektron kataloq, elektron kitabxana xidmətləri çoxdan formalaşıb. İndi oxucuya xidmətin avtomatlaşdırılması prosesi tətbiq edilir. Oxucu şəxsiyyətini təsdiq edən sənədi təqdim edərək elektron bilet alır, onunla avtomatik qeydiyyatdan keçir, elektron kataloqda istədiyi kitabı seçir, sifariş verir.
- Layihənin uğurla başa çatacağı halda, sistemin digər ölkələrə İT məhsulu kimi ixrac olunması nə dərəcədə real görünür?
- Biz bu sistemi hazırlayarkən ALİSA brendi üzərində də düşündük. Bu söz Azerbaijan Library İnformation System Adminstrartion sözlərinin abreviaturasıdır. Abreviatura sistemin adını tam olaraq özündə əks etdirir və həm də dilimizə uyğundur. Hazırda layihənin tətbiqi sınaq səviyyəsindədir. İndi paytaxt kitabxanalarının birində tətbiq olunur. Nazirlik bu yaxınlarda daha dörd kitabxanada bu sistemin sınaq tətbiqinə icazə verəcək. Sistem test rejimində işləyəndən sonra təqdim olunacaq. Biz ümidvarıq ki, sistem bəyəniləcək. Çünki kifayət qədər müasirdir, müasir texnologiyaların tətbiqi baxımdan hərtərəfli düşünülüb və bütün funksionallığı özündə əks etdirir. Layihə başa çatdıqdan sonra bu, respublika miqyasında işləyən bir sistem olacaq.
ALİSA sistem olaraq beynəlxalq standartlara tam uyğundur. Bu gün müxtəlif ölkələr işlək sistemlərin tətbiqinə can atırlar. Gələcəkdə onun məhsul kimi digər ölkələrdə qurulmasını təklif edə bilərik.
- Gələcəkdə daha hansı yeniliklər gözlənilir?
- Milli Kitabxanadakı layihə çərçivəsində bir sıra avadanlıqların təchizatı və inteqrasiyası ilə məşğul olduq. Azərbaycanda ilk dəfə Milli Kitabxanada tam robotlaşdırılmış skayner quraşdırılıb və hazırda fəaliyyət göstərir. 1 saata 2000 səhifənin üzünü köçürmək imkanındadır. Yəni 1 saata orta hesabla 3 kitabı rəqəmsallaşdıra bilir. Bu, ilk addımdır. Biz indi zədələnmiş kağızların bərpası, müxtəlif səbəblərdən yarasız hala düşmüş kitabxana fondlarının, köhnə əlyazmaların bərpasını həyata keçirən Belçika şirkəti ilə tərəfdaşlıq qurmuşuq.
Məsələn, onlarda kitabların tozdan, nəşrləri məhv edən bakteriyalardan təmizləyən xüsusi avadanlıqlar, bu sahədə təcrübə var. Azərbaycanda bir neçə kitabxana bununla maraqlanıb. Gələcəkdə bu avadanlıqların ölkəmizdə də qurulmasını planlaşdırırıq. Onlarda həmçinin xüsusi texnologiyalar var ki, təbii fəlakətlər zamanı su altında qalmış, zədələnmiş əlyazmaları, kağız nəşrləri bərpa edir. Bu texnologiyalardan istifadə edərək, həmçinin köhnəlmiş əlyazmaları elektron versiyaya keçirərək geniş kütlələrə çatdırmaq mümkündür. Bu, Azərbaycanın qədim tarixini, mədəniyyətini öyrənmək, təbliğ etmək baxımından da əhəmiyyətli ola bilər. Bu istiqamətdə iki əməkdaşımız xarici ölkələrdə kurslarda iştirak edib. Müəyyən zaman keçəndən sonra bu sahədə də öz kadrlarımız olacaq. Muzey işi, turizm sahəsində müxtəlif layihələrin tətbiqi ilə bağlı da təkliflər gözlənilir.
- Bu il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilib. Bu, sizin də fəaliyyətiniz üçün yeni istiqamətlər açır...
- "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya"nın (2003-2012-ci illər) gerçəkləşdirilməsi ölkəmizdə informasiya cəmiyyətinin formalaşdırılması üçün müvafiq hüquqi baza yaradıb. Biz ötən dövrdə dövlət qurumları arasında Mədəniyyət və Turizm Nazirliyi üçün müasir standartlara uyğun ən böyük data mərkəzlərdən birini qurduq. Şahdağ Qış-Yay Turizm Kompleksində baş ofisin avadanlıqlarla qurulmasını da bizim şirkət həyata keçirib. Mədəniyyət və Turizm Nazirliyi informasiya-kommunikasiya texnologiyalarının tətbiqi işinə böyük önəm verir.
2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi mədəniyyət və turizm sahəsində də müxtəlif layihələrə, yeni fəaliyyət sahələrinə zəmin yaradacaq. Biz də bu işlərə öz töhfəmizi verməyə hazırıq.
Ceyhun Zərbəliyev