“Bütün Şərq aləmində ilk dəfə belə bir Akademiyanın Azərbaycanda yaradılması böyük önəm kəsb edir. Bu addımın atılması Azərbaycanın xoreoqrafiya sənətinə verilən böyük qiymətin göstəricisi olmaqla yanaşı, həm də təhsilimiz üçün böyük imkandır”

Bakıda yaşı onillərlə ölçülən, Azərbaycanın elm və mədəniyyət tarixinə parlaq simalar bəxş edən xeyli sayda qabaqcıl təhsil ocağı var. Bunlardan biri də Bakı Xoreoqrafiya Məktəbidir. Prezident İlham Əliyevin 30 aprel 2014-cü il tarixli sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası yaradılıb. Yeni ali status qazanmış sözügedən təhsil ocağının gələcək fəaliyyət prinsipləri, həyata keçirəcəyi işlər, planlaşdırdığı layihələr haqqında akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevlə həmsöhbət olduq.

Akademiyanın rəhbəri indiyədək ictimaiyyətin haqqında bir o qədər də bilgili olmadığı, adi təhsil müəssisəsi kimi qəbul etdiyi sözügedən qurum barəsində ətraflı məlumat verib və Bakı Xoreoqrafiya Akademiyasını çox elitar təhsil müəssisələrindən biri kimi səciyyələndirib: "Bura çox elitar tədris ocağıdır. Sadəcə, indiyədək haqqında cəmiyyətə ətraflı məlumat verilmədiyindən çoxu bundan xəbərsizdir. Hər ürəyindən keçən burada təhsil ala bilmir. Bakı Xoreoqrafiya Akademiyasına qəbul üçmərhələli müsabiqə yolu ilə aparılır: İlk olaraq uşağın xarici görünüşünə, bədən plastikasına nəzər yetirilir. Xoreoqrafiya sənətində bunlar mühüm amildir. İkinci mərhələdə şagirdin səhhəti ciddi şəkildə yoxlanılır. Burda təhsil almaq istəyən uşağın çəkisi, onurğa, görmə sistemi ilə bağlı problemləri olmamalıdır. Son mərhələdə qəbul olmaq istəyən şagirdin musiqi duyumu yoxlanılır. 5-ci və ya 8-ci sinfə qəbul ediləndə isə əsas 3 mərhələdən əlavə, həm də ümumi dünyagörüşü də sınaqdan keçirilir və keçdiyi məktəb proqramı üzrə imtahan olunur".
Rektor vurğulayıb ki, bu tədris ocağı fəaliyyət göstərdiyi vaxtdan etibarən adi ümumtəhsil məktəblərindən bir pillə üstün təhsil verməsi ilə fərqlənir: "Digər məktəblərdə sadəcə təhsil verilirsə, Xoreoqrafiya Akademiyasında təhsillə yanaşı, şagirdlər rəqs, balet sənətinin təməl incəlikləri ilə tanış olurlar. Buranı bitirənlər orta təhsil almaqla yanaşı həm də fiziki və estetik görünüşləri ilə seçilir, yüksək musiqi duyumuna, zövqə malik olurlar". Hazırkı akademiyanın bazası olan Xoreoqrafiya Məktəbinin tarixindən söz açan T.Əfəndiyev deyib ki, Bakıda ilk balet studiyası 1923-cü ildə yaradılıb və 6 il sonra - 1929-cu ildə Opera Teatrının nəzdində Dövlət Balet Studiyasına çevrilib: "1936-cı ildən isə məktəb Bakı Xoreoqrafiya Məktəbi adlandırılıb. Azərbaycanın hazırda nə qədər tanınmış balerinaları, rəqqasları varsa, əksəriyyəti bizim məktəbin məzunlarıdır. İlk azərbaycanlı balerina, görkəmli sənətkar Qəmər Almaszadə ilk təhsilini burada alıb, milli xoreoqrafiya sənətinin tanınmış nümayəndələri - Leyla Vəkilova, Rəfiqə Axundova, Maqsud Məmmədov, Xumar Zülfüqarova, Afaq Məlikova, Vladimir Pletnev, Çimnaz Babayeva, Vitali Axundov, Təranə Muradova, Mədinə Əliyeva kimi neçə-neçə tanınmış xoreoqraf və rəqqas məhz bu məktəbin yetirmələridir . Məktəbdə digər təhsil ocaqlarında keçirilən dərslərlə yanaşı ən müxtəlif incəsənət profilləri üzrə fənlər yüksək səviyyədə tədris edilir. Bundan başqa, balet dili fransız dili olduğu üçün birinci sinifdən məktəbi bitirənə qədər fransız dili öyrədilir. Bizim məzunlarımız dünyanın aparıcı ölkələrinin nüfuzlu sənət ocaqlarında Azərbaycan xoreoqrafiya sənətinin uğurlu təmsilçiləridir".
Professor indiyədək burada klassik və xalq bölmələrinin fəaliyyət göstərdiyini, akademiya statusu aldıqdan sonra profillərin daha da genişləndiriləcəyini qeyd edib: "İndiyədək məktəbdə təhsil iki pilləli aparılıb: I-IX sinif və sonra daha 3 illik təhsil. Ancaq indi akademiya olandan sonra burada həm də xoreoqrafiya üzrə çoxpilləli ali təhsil də veriləcək. Yəni, burada təhsil almağa başlayan və istedadını zəhmətilə inkişaf etdirən gənclər buranı artıq ali təhsilli hazır kadr kimi bitirəcəklər".
Rektor hazırda nəzdində akademiya yaradılan Bakı Xoreoqrafiya Məktəbi Azərbaycan xoreoqrafiya sənətinin özül məkanı, rəqsin, balet sənətinin inkişafına böyük zəmin yaradan tədris müəssisəsi olduğunu diqqətə çatdırıb: "Bütün bunları nəzərə alan Prezidentimiz İlham Əliyev məktəbin bazasında Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında sərəncam imzalayıb. Mədəniyyət və Turizm Nazirliyi və digər aidiyyəti qurumlara bu sərəncamda qeyd olunan Bakı Xoreoqrafiya Məktəbinin binasının yerləşdiyi sahədə Bakı Xoreoqrafiya Akademiyası binasının tikilməsi, zəruri avadanlıqlarla təchiz edilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb. Artıq akademiya binasının çox gözəl tərtib olunmuş layihəsi hazırdır və yəqin yaxınlarda tikintisinə başlanacaq. Prezidentin Xoreoqrafiya Akademiyasını yaratması Azərbaycanın mədəni həyatında mühüm hadisədir. Bütün Şərq aləmində ilk dəfə belə bir akademiyanın Azərbaycanda yaradılması böyük önəm kəsb edir. Bu addımın atılması Azərbaycanın xoreoqrafiya sənətinə verilən böyük qiymətin göstəricisi olmaqla yanaşı, həm də təhsilimiz üçün böyük imkandır. Bundan sonra ibtidai təhsildən başlamış doktoranturayadək altı pilləli təhsil bir tədris kompleksində həyata keçiriləcək. Bu da sənətin inkişafı baxımından çox əhəmiyyətlidir. Bu yolu indiyədək dünyanın bir çox inkişaf etmiş ölkələri keçiblər və parlaq müvəffəqiyyət göstəriciləri nümayiş etdiriblər. Bakı Xoreoqrafiya Akademiyasının da belə dəyərli ənənələrdən faydalanaraq təhsilin bütün pillələrində uğur qazanacağına, ölkəmizin təkcə təhsil yox, həm də sənət, mədəniyyət sferasına öz töhfələrini verəcəyinə inanıram".
T.Əfəndiyev son dövrlərdə Azərbaycanın mədəniyyəti, incəsənəti ilə bağlı Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın olduqca böyük işlər gördüyünü vurğulayıb, Bakı Xoreoqrafiya Akademiyasının yaradılmasını dövlətin mədəniyyətə diqqət və qayğısının daha bir əhəmiyyətli nümunəsi olduğunu söyləyib: "Son dövrlərdə ölkədə mədəniyyət tədbirlərinin, o cümlədən, "Eurovision" beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi, Azərbaycan Xalça Muzeyinin yeni binasının istifadəyə verilməsi, Beynəlxalq Muğam Mərkəzinin, Müasir İncəsənət Muzeyinin açılması mədəniyyətimizin inkişafına bəxş edilən misli - bərabəri olmayan töhfələrdir. Mehriban xanım Əliyeva, sözün əsl mənasında, muğam sənətini yenidən özünə qaytardı, yəni indi muğama, aşıq və vokal sənətlərinə çox böyük diqqət yetirilir. Ötən illərin səs yazıları yenidən bərpa olunur, disklər, albomlar buraxılır. Xarici ölkələrdə UNESCO-nun xətti ilə dəfələrlə milli sənətimizin ən müxtəlif sahələrinin təbliğatına həsr olunan genişmiqyaslı tədbirlər keçirilir. Bir sözlə, mədəniyyətimizə qayğı və diqqət dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bakı Xoreoqrafiya Akademiyasının yaradılması da mədəniyyətimizin müvafiq sahəsinin inkişafı üçün dövlət tərəfindən həyata keçirilən zəruri layihələrdən biridir. Bu layihəyə imza atmaqla Prezidentimiz bizə böyük etimad göstərib və biz də bundan sonra bu etimadı doğrultmağa çalışacağıq. Akademiyanın qarşısında xeyli vəzifələr dayanır, görüləcək çox işimiz var. Biz klassik balet ənənələrini qoruyub saxlamaqla yanaşı, müasir dünyaya da açılmalıyıq. Belə ki, bu gün müasir dünyada xoreoqrafiya sənətində yeni yaranan və Azərbaycanda hələlik öyrənilməyən modern-balet, caz-balet, step-balet kimi müasir balet tendensiyalarını da tətbiq və təbliğ etmək fikrindəyik. Dünya teatrlarında, operalarında baletin adını çəkdiyim növləri üzrə tanınan rəqqasların, ifaçıların anşlaqla müşayiət olunan konsertlərinə düşmək mümkün deyil. Bu ənənələrdən biz də faydalanmalıyıq. Xoreoqrafiya sənətimizi inkişaf etdirib beynəlxalq səviyyəyə çatdırmaq üçün dünyanın tanınmış mütəxəssislərini ustad dərsləri keçmək üçün Akademiyamıza dəvət etməyi nəzərdə tutmuşuq. Həmçinin akademiyanın istedadlı müəllim heyətindən bəzilərini yeni cərəyanları öyrənib sonra burada tətbiq etmək üçün müxtəlif ölkələrə göndərməyi və bu yolla milli kadrlarımızı hazırlamağı da planlaşdırırıq. Bizim bütün bu işləri həyata keçirmək üçün mənəvi potensialımız mövcuddur. Amma mənəvi potensialla yanaşı, Bakı Xoreoqrafiya Akademiyasının mütləq tədris teatrı olmalıdır, çünki müəllimlərin də, tələbələrin də ən əsas yaradıcılıq laboratoriyası tədris teatrıdır. İstər diplom, istərsə də kurs tamaşaları, imtahanlar tədris teatrında keçirilməlidir. Yeni layihədə tədris teatrının da tikintisi nəzərdə tutulub. Bundan əlavə, sənətlə bağlı ixtisaslarda mütləq xüsusiləşdirilmiş sinif otaqları olmalıdır. Müasir dünyada hazırda xoreoqrafiya sənətində texnikadan geniş istifadə olunur. Yəni kompüter, montaj otaqları vasitəsilə müasir rəqslər qurulur. Bir sözlə, maddi-texniki baza müasir tələblərə cavab verməlidir. Dövlətimizin qayğısı sayəsində akademiyamız müasir standartlara cavab verən güclü maddi-texniki baza ilə təmin ediləndən və bütün sadalanan məsələlər öz həllini tapandan sonra yeni binamızda xoreoqrafiya sənətimizin müasir tələblər səviyyəsində inkişafının bəhrəsini görəcəyimizə və müasir elm-sənət ocaqları arasında Bakı Xoreoqrafiya Akademiyasının özünəməxsus mənəvi çəkisi olacağına inanıram".

S.Mürvətqızı
“525-ci qəzet”