Sərdar Fərəcov: “Müsabiqənin növbəti konsertlərinin Füzuli və Ağcabədi rayonlarında keçirilməsi nəzərdə tutulur”

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə Beynəlxalq Muğam Mərkəzində keçirilən V muğam televiziya müsabiqəsi davam edir.

Fevralın 16-dan start götürən müsabiqədə iştirak edən ifaçıların çıxışları hər həftənin bazar ertəsi və cümə günləri Azərbaycan Televiziyası və Mədəniyyət kanalında canlı yayımlanır. Müsabiqədə 20 gənc ifaçı qabiliyyətini nümayiş etdirir. Onların çıxışlarını qiymətləndirən münsiflər heyətinə muğam sənətinin mahir biliciləri, xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Quliyev, eləcə də əməkdar incəsənət xadimləri - bəstəkar Sərdar Fərəcov və müsabiqənin layihə rəhbəri Nadir Axundov daxildir.
Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov müsabiqənin gedişi ilə bağlı suallarımızı cavablandırdı.

- Muğam televiziya müsabiqəsi böyük əks-səda yaradan mədəniyyət layihələrindən biridir. Budəfəki müsabiqədə nə kimi yeniliklər var?
- Əvvəla, onu qeyd edim ki, artıq beşinci dəfə keçirilən müsabiqəyə təkcə respublikamız deyil, dünyada yaşayan soydaşlarımız tərəfindən də böyük maraq var. Yeniliklərə gəlincə, muğam sənətində hər ifaçı özü bir aləmdir və muğamı özü düşündüyü tərzdə təqdim edir. Eyni müəllimin tələbələri olan müsabiqə iştirakçıları belə öz ifaları ilə seçilirlər. Ona görə də müsabiqədə yeniliklər hər zaman olur. İştirakçılar özləri müsabiqəyə yeni bir düşüncə və ifa ilə qatılırlar. İndi ola bilər ki, bir iştirakçı tamaşaçılar tərəfindən çox bəyənilsin, biri az, digəri finala qədər gəlib çata bilsin. Mənim üçün xoşdur ki, gənclərimiz muğam sənətinə bu qədər bağlanır, ona maraq göstərirlər.

- Dinləyicilərin müsabiqəyə öz yanaşmaları var...
- Bəli, dinləyicilər də müsabiqədən böyük zövq alırlar. Onların sırasında hər yaşdan insanlar var. Üç saat ərzində yayımlanan müsabiqə axşamları insanlara fərəh bəxş edirsə, insanlar həftədə iki dəfə bunu maraqla gözləyirlərsə, demək, müsabiqə əsl hadisəyə çevrilə bilib.

- İfa üçün qəzəllərin seçimi, bədii nümunələrin düzgün tələffüzü də zəruri məsələlərdən biridir...
- Artıq Milli Konservatoriyada Şərq ədəbiyyatını, poeziyanı təbliğ edən kafedra fəaliyyət göstərir və yetərincə mütəxəssis var. Buna görə də orada muğam təhsili alan müsabiqə iştirakçısı üçün bu məsələ həll edilmiş sayılır. Nəzərə alsaq ki, müsabiqədə gözəl səsi və istedadı olan, amma təhsili olmayan gənclər də iştirak edir, bu baxımdan onlar da müəyyən vaxta qədər uğurla çıxış etdilər. Əlbəttə, bazası möhkəm olanlar finala qədər gəlib çatacaqlar. Gənclər əgər müsabiqəyə qatılmağı düşünürlərsə, bir il və daha çox müddətə hazırlaşmalı, ustadlara müraciət etməlidirlər. O cümlədən qəzəliyyatı, düzgün tələffüzü də mənimsəməlidirlər.

- Hazırda müsabiqə hansı mərhələdədir?
- İki aya yaxındır ki, müsabiqə yayımlanır, mayın sonuna kimi tamamlanacaq. Hər həftə bir nəfər müsabiqəni tərk edir. Artıq 6 iştirakçı ilə yollarımız ayrılıb. Bölgələrdə də tamaşaçılar bizi gözləyir. Paytaxt tamaşaçısından fərqli olaraq onların imkanları daha məhduddur. Buna görə də müsabiqənin növbəti konsertlərinin Füzuli və Ağcabədi rayonlarında keçirilməsi nəzərdə tutulur.

- Münsiflər heyətinin üzvü kimi ifaçıları qiymətləndirərkən çətinlik çəkmirsiniz ki?
- Bəzən, həqiqətən də, qiymətləndirmək çox çətin olur. Məsələn, ifaçı gözəl oxuyur, amma sözləri aydın tələffüz etmir. Onun səsinə yüksək qiymət versək də, həmin qüsuru da mütləq qeyd etməliyik. Buna bənzər hallar çox olur. Bir sözlə, obyektiv olmağa çalışırıq.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar