“Vaxtilə arşınmalçı kimi Şuşanın bütün küçələrini, həyətlərini bir-bir gəzib rəsmlər çəkmişəm”

Elturan Avalov milli təəssübkeşliyi ilə seçilən rəssamlarımızdandır. “Şuşa memarlığı”, “Elturan”, “Memarın gözü ilə” kitablarının müəllifidir. Ölkəmizdə və xaricdə fərdi sərgiləri keçirilib. Əməkdar incəsənət xadimi, tanınmış rəssam və memarla 75 yaşı ərəfəsində görüşdük.

- Çox diqqətçəkən, türklüyə bağlı adınız var - Elturan. Bu adı sizə kim verib?
- Adımı əmim qoyub. İkinci Dünya savaşında olanda mənim doğulduğumu bilib və xahiş edib ki, adımı Elturan qoysunlar. Onun sözünü yerə salmayıblar. Əmim müharibədən geri dönməyib. Biz kökəncə ahıskalıyıq. Atamgil Ahıska türklərinin 1944-cü il sürgünündən öncə Bakıya gəliblər, mən də burada doğulmuşam. Atam ixtisasca inşaat mühəndisi idi, indiki Azərbaycan Texniki Universitetinin dosenti olub.
Xalq yazıçısı Anar da “Sizsiz” əsərində adım haqqımda yazıb. Sovet dönəmiydi, “Qobustan” jurnalına Şuşayla bağlı yazı vermişdim, şəhərin memarlıq abidəsi kimi qorunması üçün təkliflər irəli sürmüşdüm. Təkliflərimdən biri bu idi ki, Şuşada şəhərin əsasını qoyan Pənahəli xanın at üstündə heykəli qoyulsun. Yerini göstərmiş, eskizini də cızmışdım. Buna görə Anarı baş redaktor kimi Mərkəzi Komitəyə çağırmışdılar ki, məqaləni niyə vermisən, xana da heykəl qoyarlar? Sonra deyiblər ki, müəllifin adı niyə Elturandır? Elə biliblər ki, bu, mənim həqiqi adım deyil, təxəllüsümdür.
- Sizi daha çox rəssam kimi tanıyırıq, ixtisasca isə memarsınız.
- O vaxtkı Politexnik İnstitutunun inşaat fakültəsinin memarlıq şöbəsini bitirmişəm. Bir müddət Sənaye Layihə İnstitutunda çalışmışam. 1967-ci ildə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aspiranturasına daxil olmuşam. Elmi işim Şuşa şəhərinin memarlığı ilə bağlı idi. 1973-cü ildə müdafiə etdim. Elmi rəhbərim akademik Əbdülvahab Salamzadə idi. Sonra Şuşaya aid kitabım çıxdı. Şuşada, demək olar, hər yeri çəkdim.
- Şuşada başlıca olaraq nəyi öyrənirdiniz?
- Şuşa səfərim əsasən 1968-1970-ci illəri əhatə edir. Sonrakı illərdə də çox getmişəm. Elmi işim çərçivəsində şəhərlə bağlı hər şeyi öyrənməyə çalışırdım. Başlıca işim şəhərin memarlığını öyrənmək idi. Şuşanın memarlıq abidəsi kimi qorunması da məni düşündürürdü. Yeni tikintilər şəhərin memarlığını poza bilərdi. Sonra müharibə başladı, arzularımız yarımçıq qaldı.
- Şuşanın ayrıca memarlığı vardımı?
- Şuşanın özünəməxsus memarlığı var. İstəyimiz onu bərpa etmək və qorumaq idi. Arşınmalçı kimi şəhərin bütün küçələrini, həyətlərini bir-bir gəzmişəm, çəkmişəm. Heydər Əliyev Fondu Şuşayla bağlı çəkdiyim qrafik əsərləri bir neçə dildə kitab və açıqçalar biçimində nəşr edib. O vaxt Şuşayla bağlı qrafik əsərlərim qəzetlərdə çox çap olunurdu. 1982-ci ildə Molla Pənah Vaqifin məqbərəsinin açılışı zamanı Həsən Həsənov məni respublikanın o vaxtkı birinci katibi Heydər Əliyevə təqdim etdi. Heydər Əliyev gözləmədiyim halda dedi: “Afərin, yaxşı çəkirsən”.
- Azərbaycanın ən tanınmış qrafika ustalarından birisiniz. Rəssamlığı necə öyrənmisiniz?
- Qrafikanı çox sevirəm, özümü bunda tapıram. Uşaqlıqdan rəsm çəkirəm. Evimizdə “Molla Nəsrəddin” jurnalının müxtəlif sayları vardı, uşaqlıqda rəssamlığı daha çox ondan öyrənirdim. Qrafika və karikaturaya sevgim oradan yaranıb. Rəssamlığı müstəqil öyrənmişəm, indi də öyrənirəm.
- Soyunuzda rəssam olubmu?
- Görünür, rəssamlıq, memarlıq bizdə irsidir. Məşhur teatr rəssamı Rüstəm Mustafayev atamın xalası oğlu idi. Cavan ikən dənizdə boğulub. Atamın o biri xalası oğlu məşhur memar, elmlər doktoru, professor Davud Axundov idi.
- Yaradıcılığınızda silsilə əsərlər ayrıca yer tutur...
- Bura portretlər, xalq mahnılarına, Üzeyir Hacıbəylinin yaradıcılığına həsr etdiyim əsərlər və s. daxildir. Üzeyir bəyin yaradıcılığına aid onlarla əsər çəkmişəm.
Xalq mahnıları ilə bağlı çəkdiyim işlər mərhum Rəşid Behbudovun da çox xoşuna gəlmişdi. “Qobustan” jurnalında bu silsilədən olan əsərlərimi görüb bəyənmişdi.
- Şəkiylə də bağlı qrafik əsərləriniz var...
- Şuşanı öyrənən zaman onu başqa şəhərlərimizlə müqayisə edirdim. Ona görə Şəkini də çəkmişəm. Oradan da silsilə əsərlərim var. Naxçıvanı, Ordubadı da bir az çəkmişəm.
- Elturan müəllim, sənətlə dolanmaq olurmu?
- Doğrusu, sənətə heç vaxt maddi qaynaq kimi baxmamışam. Əsərlərim ölkəmizdə və xaricdə muzeylərdə, kolleksiyalarda saxlanılır. Əcnəbilər, özəl qalereyalar əsərlərimi alırlar. Bəzi işlərimi satmaq istəmirəm. Dolanışığım isə müəllimlikdən, alimlikdən çıxır. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində “Təsviri incəsənət” kafedrasının müdiri, professoram. Həm də AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda çalışıram. Memarlıq da təsviri incəsənətdir. Əgər memar rəsm çəkməyi bacarmırsa, onun memarlığı bütöv olmayacaq.

S.Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar