İstedadlı Azərbaycan rəssamı Nigar Nərimanbəyovanın adı incəsənət aləminə yaxşı bəllidir. Tanınmış Nərimanbəyovlar nəslindən olan bu xanım Bakıda anadan olub. Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Moskvada S.A.Gerasimov adına Rusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunu olub. Azərbaycanda, eləcə də Fransa, Almaniya, Avstriya və digər ölkələrdə sərgilərdə iştirak edib. Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq İncəsənət Assosiasiyasının üzvüdür, hazırda Parisdə və Bakıda yaşayır.

- Nigar xanım, yəqin ki, peşə seçiminizdə Vidadi və Toğrul Nərimanbəyovlar faktoru danılmazdır...
- Mən uşaq vaxtından rəsm çəkməyə başlamışam. Yadımdadır ki, kiçik mənzilimizə görkəmli rəssamlar, yazıçılar, bəstəkarlar toplaşardı. Onlar bizim italyan üslublu məhəlləmizdəki tut ağacının altında bütün gecəni çay içərdilər, incəsənət haqqında möhkəm mübahisə, müzakirə edərdilər. Sürrealistlərə, impressionistlərə tənqid və təriflər yağdırardılar. Toğrul əmi italyan serenadaları ifa edərdi, yazıçı Viktor Qolyavkin öz yeni hekayələrini oxuyardı. Məşhur rəssamlar olan Səttar Bəhlulzadə, Tələt Şıxəliyev, Müslüm Abbasov, Qorxmaz Əfəndiyev, Fərhad Xəlilov, Rauf Şaşikaşvili deyib-gülər, zarafatlaşardılar. Əlbəttə ki, bu könül oxşayan kampaniyada atam Vidadi Nərimanbəyov da var idi. O, inanılmaz erudisiyalı insan, filosof, mütəfəkkir idi. Ömər Xəyyamdan, Bella Axmadulinadan, Yevgeni Voznesenskidən əzbər şeirlər söyləyərdi. Mən isə, rəssamlığı son dərəcədə sevən qızcığaz, akvarellə çəkdiyim rəsmlərimi gətirib onlara göstərərdim. Yadımdadır ki, Səttar əmi məni tərifləyib, demişdi ki, "bu lap Sezanndan da əla çəkir". Mən də bundan çox qürurlanmışdım. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini əla qiymətlərlə başa vurandan sonra Gerasimov adına Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun multiplikasiya kinosu fakültəsinin quruluşçu rəssamlıq bölümündə məşhur multiplikasiya ustası Lev Milçinin sinfinə qəbul oldum. Əlbəttə, peşə seçimimdə böyüyüb, boya-başa çatdığım mühit böyük rol oynadı. Uşaqlıq hər bir rəssamın həyatında gözəl nağıl kimidir. Uşaqlıqda həmişə xəyalpərəst olmuşam. Həmin illərdə şeirlər də yazırdım. Anna Axmatovanın, Marina Svetayevanın vurğunu idim. Sonradan öz şeirlərimin əsasında rəsm çəkmək ideyası yarandı. Nə vaxtsa kitabımı nəşr etdirsəm, oraya fantasmaqorik sətirlərimi də əlavə edəcəyəm. Adətən, rəsmlərim uşaqlıq xatirələrimin simbiozundan yaranır. Bunlar kiçik qardaşım Əmirbəyə söylədiyim və uydurduğum nağıllardır. Yeri gəlmişkən, "Uşaqlıq yuxuları" seriyasından əsərlərim bu ilin yanvarında Parisdə Paulia Rosa qalereyasında, həmçinin ötən il Pyer Karden Mərkəzində - “Salon Biznes Art”da uğurla nümayiş olunub.
Digər tərəfdən mənim rəngkarlıq, rəsm və kompozisiya üzrə yaxşı pedaqoqlarım olub. Yaxşı klassik və akademik təhsil almışam. Diplom işim dahi Nizami Gəncəvinin "Leyli və Məcnun" əsəri olub. Bu vaxta kimi 25 əsər yaratmışam. Diplom işim böyük maraqla qarşılanıb və hətta Moskvada Manejdə kino və teatr rəssamlarının ümumittifaq sərgisində nümayiş olunub, "Dekorativ incəsənət" jurnalında dərc edilib.
- Rəsmləriniz arasında nar təsvirləri də var. Vaxtilə əminiz Toğrul Nərimanbəyovla müsahibəmizdə onun da xüsusi diqqət ayırdığı bu təsvir haqqında soruşmuşdum. Bildiyiniz kimi, Bakının ev sahibliyi etdiyi ilk Avropa Oyunlarının əsas atributlarından biri nar idi. Maraqlıdır, sizin aləminizdə nar elementi nəyi ehtiva edir?
- Mənim üçün nar doğma Azərbaycanımızın simvoludur. Bu, sevgi, qan kimi parlaq və istidir. Bərəkət və nağıl simvoludur. Axı, onun dənələri sehrli və müəmmalı aləmin qiymətli daşı hesab olunur. Özünüz təsəvvür edin, qalın və kobud qabığın altında incə, kövrək, sehrli cisim, ruh gizlənib. O qiymətli mücrü kimidir, özündə bizim xalqın qədim sirlərini və ənənələrini qoruyur, insanlara al qırmızı qan kimi öz şirəsini verir. Nar xalqımızın sirli nağılıdır, heç kim heç zaman onun sirrini aça bilməyəcək. Bu, böyük Azərbaycan xalqının gücü və ruhu deməkdir. Əsərimdəki nar Bakı gecəsinin fonunda təsvir olunub, onun ətrafında nağıl və əfsanələrin qoruyucuları olan pərilər uçurlar.
- Fransada keçirilən sərgiləriniz fransızlar tərəfindən necə qarşılanır və bu tədbirlərlə Azərbaycanı nə dərəcədə təmsil edə bilirsiniz?
- Artıq neçə illərdir ki, Parisdə yaşayıb yaradıram. Bu gözəl şəhərin qədim tarixindən, azad ruhundan, onun poeziya ilə dolu küçələrindən, musiqisindən ilhamlanıram. Mən Bulon meşəsindən bir qədər kənarda yaşayıram. Səhər pəncərəni açanda otağa şam ağacının, çəhrayı kolların, təravətli otların ətri dolur. Hər yerdən quşların cəh-cəh səsi gəlir. Ağ kətanı qoyuram, rəsm özü-özünə yaranır. Elə bil ki, Tanrı özü fırçanı kətanda idarə edir. Viktor Hüqo və Volterin dəfn olunduğu qədim Sorbonn və Panteonun yanındakı Latın məhəlləsinin küçələrini bloknotumda çəkməkdən xoşum gəlir. Pikassonun, Dalinin, Modilyaninin, Van Qoqun getdiyi kiçik rahat kafedə oturub, küçə musiqiçisinin akkordeonda Edit Piafın repertuarından səsləndirdiyi mahnıların sədaları altında bloknotuma eskizlər etməyi sevirəm. Luvra, xüsusən də fransız klassisizm zalına baş çəkməkdən böyük zövq alıram. Delakruanın, Davidin, Enqrin əsərlərindən ilhamlanıram. Sonra italyan renessans zalına gedirəm, Botiçellinin, Rafaelin və sevimli Leonardonun əsərlərinə baxıb onun sirlərini açmağa çalışıram. Ernest Heminquey yazır ki, Paris səninlə həmişə olan bir bayramdır. Paris və Bakı çox oxşardırlar. Onlar mənə görə dünyada ən gözəl və doğmadı. Hər ikisi də adamı maqnit kimi özünə çəkir və həmişəlik sevdirir. Dünyaya böyük mədəniyyət nümunələri bəxş etmiş iki şəhəri birləşdirən bir sərgi açmaq fikrindəyəm. Fransanın bir çox yerlərində, o cümlədən atamla və qardaşım Əmirbəylə Fransanın cənubunda yerləşən Bordo, Po, Kulunye-Şamye, Biariss və digər şəhərlərdə birgə sərgilərimiz olub. Bu sərgilər haqqında bir çox fransız qəzetləri və jurnalları yazıb. "Adajio" əsərim uzun müddət parislilərin və turistlərin sevimli gəzinti yeri olan Parisin mərkəzindəki Marre rəssamlar məhəlləsindəki qalereyanın mərkəzi vitrinini bəzəyib. Mənə çox xoş və qürurvericidir ki, doğma Azərbaycanı Avropada böyük incəsənət layihələrində təmsil edirəm. Çox xoşdur ki, fransız sənətsevərləri yaradıcılığımı böyük maraqla qəbul edir. Beynəlxalq sərgilərdə iştirak edirəm. "Teatrın bütün həyatı" silsiləsi Kannda ustad Pablo Pikassonun nəvəsi olan Marina Pikassonun kuratoru olduğu "Dünya rəssamları" beynəlxalq sərgisində nümayiş olundu.
- Xaricdə yaşayan hər bir həmvətənimiz həm də diasporumuzun nümayəndəsidir. Siz özünüzü bu rolda necə görürsünüz?
- Bizim Parisdə səfirliyimizlə sıx bağlı olan çox mehriban diasporumuz var. Bu əməkdaşlıq sayəsində Fransada Azərbaycanın təbliğatı istiqamətində çox işlər görülür. Eyfel qülləsinin yanında, gözəl yerdə yerləşən heyranedici Azərbaycan Mədəniyyət Mərkəzi var. Diaspor nümayəndələri və parislilər bura gəlməyi sevirlər. Mərkəzdə tez-tez Azərbaycan musiqisi konsertləri, bayramları, sərgiləri, poeziya və Azərbaycan tarixi günləri keçirilir.

Mehparə