Müsahibimiz Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyevdir

- Asif müəllim, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayırıq. Yəqin ki, müəssisənin fəaliyyəti ilə bağlı artıq müəyyən planlarınız mövcuddur və nazirliyin rəhbərliyi tərəfindən konkret tapşırıqlar da almısınız. İlk addımlarınız və görəcəyiniz ilk işiniz barədə oxucularımıza məlumat verə bilərsinizmi?
- Təşəkkür edirəm. Hesab edirəm ki, fəaliyyətin uğuru işin düzgün, rasional və səmərəli planlaşdırılmasından asılıdır. Pərakəndə şəkildə atılan addımlar və inersiya əsasında qurulmuş iş mütləq olaraq uğursuzluğa düçar olacaqdır və bu cür nəticə qaçılmazdır. Odur ki, tamamilə doğru olaraq qeyd etdiyiniz kimi, nazirliyin rəhbərliyinin konkret tapşırıqları vardır, o cümlədən müəssisədən də müəyyən gözləntilər mövcuddur. Və bizim ilk vəzifəmiz bu etimadı doğrultmaqdır.
İlk növbədə görəcəyim işə gəldikdə isə bu, birmənalı olaraq, müəssisənin kollektivi ilə bağlı olacaqdır. Burada çalışan hər bir əməkdaş işçi olmaqla yanaşı, eyni zamanda özünəməxsus keyfiyyətlərə, bacarıqlara malik olan fərddir. Hesab edirəm, qarşımda duran ən mürəkkəb vəzifələrdən biri məhz budur. Hər bir əməkdaşın potensialını və qabiliyyətini düzgün qiymətləndirmək, onu zövqlə çalışacaq və maksimum səmərə verə biləcək bir vəzifəyə təyin etmək - bu gün üçün mənim prioritet məsələ olmaqla yanaşı, ən çətin və mənəvi baxımdan ən məsuliyyətli işimdir. Burada nazirlik tərəfindən müəyyən edilən vəzifələrin effektiv icrası, əməkdaşların arzu, istək və bacarıqları, habelə rasionallıq kimi meyarlar arasında “qızıl orta hədd”in tapılması zəruridir. Ümid edirəm, əməkdaşlar bu işdə dəstək göstərəcək və biz səfərbər olaraq, veriləcək hər bir tapşırığın öhdəsindən birgə gələcəyik. Eyni zamanda nəzərə alınmalıdır ki, qəbul olunan qərarlar və atılan addımlar mütləq olaraq perspektivə və qarşımızda duran mühüm vəzifələrin effektiv həllinə yönəldilməlidir.
Bizim üçün necə şərait yaradılsa da, necə qərarlar və normativ sənədlər qəbul edilsə də, fəaliyyətin uğurunu təmin edən əsas amillər əməkdaşın peşəkarlığı, onun öz işinə məsuliyyətlə yanaşması və gördüyü işdən zövq almasından ibarətdir. Düşünürəm ki, bilavasitə yaradıcılıq, habelə mədəniyyətimizin qorunması və təbliği ilə bağlı olan sahəmiz üçün qeyd olunan amillər xüsusilə aktualdır.
Burada Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları ilə bağlı bir neçə məsələni qeyd etməyi özümə borc bilirəm. İlk növbədə bildirim ki, müəssisənin tarixi 1975-ci ildən başlayır. Ötən illər ərzində müxtəlif adlar altında fəaliyyət göstərsə də, öz təyinatını təqribən qoruyub saxlamışdır. Odur ki, burada formalaşmış müəyyən iş ənənələri də mövcuddur və biz onlardan faydalanmalıyıq. Qeyd edim ki, müəssisədə təcrübəli əməkdaşlarla yanaşı, gənc kadrlar da fəaliyyət göstərir. Və bu əslində məni sevindirir. Müəyyən müddət sonra təcrübənin və çevikliyin, ənənənin və kreativliyin vəhdətini təmin edə bilsək, hesab edəcəyik ki, kadrlarla bağlı olan hədəflərimizə nail ola bilmişik. Əslində bunlar cənab nazir Əbülfəs Qarayev tərəfindən mənə verilən əsas tapşırıqlardandır.

- Kadrlardan demişkən, yəqin ki, müəssisədə müəyyən struktur islahatları da gözlənilir?
- Mütləq və bu qaçılmazdır. Əslində nazirlik tərəfindən təsdiq olunmuş yeni struktur bizim fəaliyyət prioritetlərimizi müəyyən edən əsas göstəricilərdəndir. Sürətlə dəyişən müasir informasiya cəmiyyətinin çağırışlarına mədəniyyət sahəsinin adekvatlığını təmin etmək və ölkə rəhbərliyi tərəfindən sahənin qarşısında müəyyən edilən mühüm məqsədlərə nail olmaq - elmi potensiala və kreativ metodlara müraciət olunmasını vacib edir. Bir sözlə, elmi potensialın və kreativ metodların iştirakı sahənin inkişafında artıq mütləq şərt kimi qəbul olunmalıdır.
Məhz bu səbəbdən mədəniyyət və turizm naziri mərkəzin fəaliyyətində islahatların aparılmasına dair qərar qəbul etmişdir. Əslində bu qərarı nazirliyin mərkəzi aparatında aparılmış islahatların davamı kimi qəbul etməliyik. Bildiyiniz kimi, hər hansı bir struktur islahatlarının aparılması zərurətini müəyyən edən əsas səbəb sadəcə kadr dəyişikliklərinin aparılmasından ibarət deyil. Burada, ilk növbədə, yeni strateji hədəflərin, yeni fəaliyyət istiqamətləri və yeni aktual vəzifələrin müəyyən olunması kimi səbəblərin adları çəkilməlidir. Belə ki, kreativ yanaşmaların və mürəkkəb elmi metodların mədəniyyət sahəsində geniş tətbiqinin təmin edilməsi - nazirliyin ən böyük elmi müəssisəsi olan bu qurumun fəaliyyətinin daha müasir və effektiv şəkildə təşkili tələb olunur.
Elmi metodların geniş tətbiqi hazırda cərəyan edən sosial-mədəni proseslərin adekvat qiymətləndirilməsi, inkişaf modellərinin müəyyən edilməsi, nazirlik sistemində fəaliyyət göstərən müxtəlif profilli mədəniyyət müəssisələrinin işinin daha effektiv və müasir formada təşkili, fərqli mədəni təsisatların idarə olunma modellərinin, fəaliyyət prinsiplərinin və göstərilən mədəni xidmətlərin mütəmadi şəkildə modernləşməsi və ümumilikdə sahənin inkişafını təmin edən başlıca səbəblərdəndir. Mərkəzin gələcək fəaliyyəti nazirlik ilə sıx əlaqələndirilmiş şəkildə təşkil olunaraq mədəniyyətin bütün əsas sahələrini əhatə etməlidir. Hesab edirəm, müəssisənin rəhbərliyinə nazirlikdə uzun müddət çalışmış şəxsin gətirilməsi mərkəzin işini nazirliyin ümumi fəaliyyəti ilə daha sıx əlaqələndirilməsi məqsədilə izah olunur.
Ümid edirəm ki, cənab nazir tərəfindən təsdiq olunmuş müəssisənin yeni strukturu, onun elmi xəttinin qorunması şərti ilə, burada mövcud olan struktur bölmələrin fəaliyyət dairəsinə görə qarşımızda duran vəzifələrin öhdəsindən uğurla gəlməyə xidmət edəcəkdir.

- Mərkəzin gələcək strateji fəaliyyət prioritetləri haqqında qısaca olaraq məlumat verə bilərsinizmi?
- Mahiyyət etibarı ilə geniş olan və bütün gələcək fəaliyyətimizi özündə əks etdirəcək sualınıza qısa şəkildə cavab verməyə cəhd etsəm, aşağıdakı əsas strateji istiqamətləri qeyd etməliyəm. İlk növbədə, milli mədəni irs nümunələrinin tədqiqi və təbliği; nazirliyin rəhbərliyinin tapşırığı və sifarişi əsasında, xüsusilə respublikamızın regionlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin monitorinqi və monitorinqin nəticələrinin təhlili əsasında müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edən tətbiqi xarakterli konkret təkliflər paketinin hazırlanması; sahə üçün yeni sayıla biləcək eksperimental pilot layihələrin hazırlanması və onların icrası; nazirlik tərəfindən daxil olunacaq müxtəlif xarakterli sənədlər üzərində elmi ekspertizanın aparılması və rəylərin verilməsi; mədəniyyət müəssisələrinin fəaliyyətini tənzimləyən, praktik əhəmiyyət kəsb edən metodiki tövsiyələrin hazırlanması; beynəlxalq təcrübənin öyrənilməsi; müvafiq təlimlərin aparılması və s. Əslində qeyd olunan hər bir istiqamət də öz növbəsində onlarla şaxələrə ayrıla bilər. Bu amil isə mərkəzin fəaliyyət dairəsini artıraraq, üzərimizə düşən böyük məsuliyyəti müəyyən edir. Bununla da biz, müəssisə olaraq, Mədəniyyət və Turizm Nazirliyinin əsas elmi-metodoloji və yardımçı qurumuna çevrilməliyik.

- Sirr deyil ki, fəaliyyətin uğuru eyni zamanda müəssisənin əməkdaşlıq əlaqələrindən asılıdır. Bu istiqamətdə görüləcək işlər haqqında da məlumat verməyinizi xahiş edirik.
- Tamamilə doğrudur. Bu barədə danışarkən, biz eyni zamanda həm yerli, həm xarici əməkdaşlıq əlaqələrini nəzərə almalıyıq. Mərkəz mədəni təzahürlərin tədqiqi və tədrisi ilə məşğul olan müxtəlif xarakterli müəssisələrlə yanaşı, eyni zamanda digər dövlət və qeyri-dövlət müəssisələri ilə, habelə fərd olaraq hər bir alim tədqiqatçı ilə əməkdaşlıq əlaqələrinin qurulmasına hazırdır. Mövcud istiqamətdə qabaqcıl xarakterli beynəlxalq təcrübənin öyrənilməsi və onun ölkəmizdə tətbiqinin zəruriliyini nəzərə alaraq, müvafiq xarici qurumlar ilə əməkdaşlığın aparılması da bizim əsas fəaliyyət istiqamətlərimizdən olacaqdır.
Burada kiçik bir dəqiqləşmənin aparılmasını vacib hesab edirəm. Mərkəz məhz Mədəniyyət və Turizm Nazirliyinin olduğu üçün sahəli müəssisə kimi qəbul olunmalıdır və onun təyinatı elmi yanaşmalardan istifadə edərək sahənin inkişafına və təbliğinə xidmət edən tətbiqi xarakterli tədqiqatların aparılmasından ibarətdir. Bununla da qurum Mədəniyyət və Turizm Nazirliyi tərəfindən reallaşan mədəniyyət siyasətində kreativ xarakterli elmi metodların iştirakını təmin edəcəkdir.

- Mədəniyyət sahəsinin ölkəmizdə artan aktuallığı bir reallıqdır. Bu aktuallığın qorunması və inkişafı istiqamətində konkret tədbirlərin görülməsi nəzərdə tutulurmu?
- Əslində, mərkəzin bütün səyləri bu məqsədə xidmət etməyə yönəldiləcəkdir. Ölkə rəhbərliyinin bilavasitə diqqəti və qayğısı sayəsində mədəniyyət siyasəti öz inkişafının ən parlaq mərhələsini yaşayaraq, iqtisadi, sosial və xarici siyasət kimi istiqamətlərlə yanaşı, dövlətimizin inkişafında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkəmizin birinci xanımı, millət vəkili Mehriban Əliyeva tərəfindən mədəniyyət sahəsinin inkişafına ayrılan misilsiz diqqət bizim üçün olduqca böyük əhəmiyyət kəsb edir. Biz mədəniyyət işçiləri çalışmalıyıq ki, bu ayrılan diqqətdən maksimum faydalanaq.
Etiraf olunmalıdır ki, mədəniyyət siyasəti bu gün siyasi, elmi, ictimai və beynəlxalq maraq kəsb edir. Bu siyasətin qarşısında duran bir neçə strateji məqsədlərin qeyd olunması artıq kifayət edəcəkdir ki, biz bu artan aktuallığı dərk edə bilək. Burada: mədəni müxtəlifliyin dəstəklənməsi, mədəni irs nümunələrinin qorunması, böyük tərbiyəvi əhəmiyyət kəsb edən və estetik zövqün formalaşmasında əvəzsiz rola malik olan bədii təhsilin inkişafı, yaradıcılıq fəaliyyəti üçün lazımi şəraitin yaradılması, tolerantlıq və mədəniyyətlərarası dialoq mühitinin yaradılması, yenilikçi keyfiyyətlərin və təşəbbüslərin dəstəklənməsi, milli mədəniyyətin və bütövlükdə mədəni təzahürlərin tədqiqinə və təşviqinə xidmət edən tədbirlərin görülməsi və s. bu kimi məqsədlərin vurğulanması olduqca zəruridir.
Eyni zamanda qeyd olunmalıdır ki, tükənməz mədəni sərvətlərə, böyük tarixə, zəngin adət-ənənələrə və müstəqil dövlətə sahib olan xalqın inkişafı və onun özünəməxsusluğunun qorunub saxlanılmasında mədəniyyət siyasəti əvəzolunmaz əhəmiyyətə malikdir. Dünyada cərəyan edən sosial-iqtisadi və siyasi proseslər, habelə mahiyyət etibarilə mürəkkəb olan qloballaşma təzahürləri mədəniyyət siyasətinin qarşısında milli mənəvi dəyərlərin qorunması və təbliği, mədəni inteqrasiyanın optimal yollarının araşdırılması, mövcud nəzəri baxışların və yanaşmaların konseptual bir şəklə gətirilməsi və digər bu kimi vəzifələri müəyyən edir. Qismən elə bu səbəbdən də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi elmi potensiala müraciəti sahənin prioritet məqsədlərindən biri kimi müəyyən etmiş və bu istiqamətdə ardıcıl islahatlar aparır. Ümid edirəm ki, bu funksional və struktur islahatlardan sonra Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz yuxarıda qeyd olunan mühüm vəzifələrin icrasına, kiçik də olsa, öz töhfəsini verəcəkdir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar