Türk dünyası tarixçilərinin iştirakı ilə hazırlanan “Ortaq türk tarixi” kitabı 4-5 sentyabrda Astanada keçiriləcək Türk Şurası təhsil nazirlərinin 4-cü toplantısında təqdim ediləcək

Astanada yerləşən Beynəlxalq Türk Akademiyası (BTA) son illərdə türk xalqlarının tarixi, mədəni köklərinin öyrənilməsi, təbliği istiqamətində önəmli layihələr həyata keçirməkdədir. Akademiyanın prezidenti Darhan Kıdralı ilə müsahibəmiz də elə bununla bağlıdır.

- Bu yaxınlarda Beynəlxalq Türk Akademiyası (BTA) Astanada Türk Dünyası Beynəlxalq Elmlər Akademiyaları Birliyinin ilk toplantısını gerçəkləşdirdi. Birliyin yaranması türk dünyasında elmin inkişaf etdirilməsinə nə kimi fayda verə bilər?
- İlk öncə bu birliyin qurulması ideyasından danışmaq istərdim. 23 avqust 2012-ci ildə Bişkekdə keçirilən Türk Şurası 2-ci zirvə görüşündə dövlət başçıları tərəfindən elm və təhsil sahəsində işbirliyinin inkişaf etdirilməsi zərurətinə xüsusi diqqət çəkilib. Ötən il noyabrın 28-də Bakıda gerçəkləşdirilən Türk Şurası təhsil nazirlərinin toplantısında verilən qərara əsasən BTA-ya Türk Dünyası Beynəlxalq Elmlər Akademiyaları Birliyini qurmaq xüsusunda səlahiyyət verildi. Nəhayət, bu il iyunun 29-da Astanada ilk toplantı keçirildi. Toplantıya qatılan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Başqırdıstan və Tatarıstan elmlər akademiyalarının rəhbərləri, digər iştirakçılar, səfirlər dəyərli düşüncə və təkliflərini paylaşaraq birliyin qurulması fikrini dəstəklədiklərini bildirdilər. Toplantıda Türk Dünyası Beynəlxalq Elmlər Akademiyaları Birliyinin qurulması ilə bağlı sənəd, qurumun fəaliyyətini müəyyənləşdirən əsasnamə imzalandı. Zamanla qurumun genişlənəcəyinə ümid edirik. Birlik türk dünyasında işbirliyini ortaq elm və təhsil fəaliyyətləri vasitəsilə dəstəkləmək məqsədilə qurulub. Bildiyiniz kimi, dünyada bir çox akademik birliklər var. Onların çoxu qardaşlıq əlaqələrinə, ortaq maraqlara dayanmaqdadır. Bu müstəvidən baxdıqda dil və tarix ortaqlığına, eyni mədəniyyətə və eyni maraqlara sahib olan türk dünyasının da ortaq elm sahəsinin qurulması şərtdir. Bu səbəbdən Astanada keçirilən ilk tədbirimizin Baykaldan Balkanlara qədər uzanan coğrafiyada ortaq elm və düşüncə sahəsinin qurulması və genişləndirilməsi baxımından önəmli olduğunu deyə bilərik. Biz həm də qardaş xalqların işbirliyi və bütünləşməsinin intellektual platforma təməlində gerçəkləşəcəyinə inanırıq. Digər bir həqiqət də ondan ibarətdir ki, türk respublikalarının elmlər akademiyaları fərqli strukturlara sahib olduqları üçün elmləri də fərqli şəkildə inkişaf etdirilib. Məsələn, Türkiyə Qərb tərzini mənimsədiyi halda, keçmiş sovet respublikalarında fərqli sistem olub və bu müəyyən mənada davam edir. Çoxtərəfli iş birliyinə əsaslanan Akademiyalar Birliyi bu mənada Türk dünyasının elmi inteqrasiyasını asanlaşdıracaq.

- Yeri gəlmişkən, rəhbərlik etdiyiniz Beynəlxalq Türk Akademiyası son vaxtlar türk dünyası adına hansı ortaq layihələri gerçəkləşdirir. Bu barədə nə deyə bilərsiniz? Məsələn, arxeoloji qazıntılarla bağlı hansı nəticələr əldə olundu?
- BTA olaraq UNESCO, İSESCO və IRCICA kimi nüfuzlu beynəlxalq təşkilatlarla, Beynəlxalq Akademiyalar Birliyi ilə, ayrıca Azərbaycan, Qırğızıstan, Türkmənistan, Rusiya, Tatarıstan, Monqolustan, Macarıstan elmlər akademiyaları, bir çox tanınmış araşdırma mərkəzləri və nüfuzlu universitetlərlə əlaqələr qurduq. Eyni zamanda beynəlxalq konfranslar düzənlədik, İstanbul, Paris, Pekin, Moskva, Sankt-Peterburq, Ulan-Bator, Seul, Aşqabad, Ankara, Bişkek və digər yerlərdə çeşidli tədbirlər keçirdik. Dövlət başçılarının tapşırığı ilə türk dünyası işbirliyinin konsepsiyası və türk dünyası tarixçilərinin iştirakı ilə “Ortaq türk tarixi” kitabını hazırladıq. Kitabın hazır nüsxəsini 4-5 sentyabrda Astanada keçiriləcək Türk Şurası təhsil nazirlərinin 4-cü toplantısında nazirlərə təqdim edəcəyik.
Bununla yanaşı, digər elm sahələrində də ortaq dərs kitabları hazırlamağı düşünürük. Əgər dövlət başçıları razılıqlarını bildirsələr, bu ildən etibarən türk dünyasının ortaq tarixi məktəblərdə tədris oluna bilər. Azərbaycan Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud" abidəsinin ilk dəfə alman şərqşünası Henrix Fridrix fon Dits tərəfindən dünya elm aləminə tanıdılmasının 200 illiyi ilə bağlı imzaladığı sərəncama müvafiq olaraq BTA bu ilin aprel ayında Parisdə UNESCO və Bakıda yerləşən Türk Mədəniyyəti və Miras Fondu ilə birlikdə “Qorqud mirası və türk dünyası” mövzusunda beynəlxalq forum təşkil etdi. Qorqud mirası türk xalqlarının mədəniyyət və mənəviyyatını günümüzə gətirən və davam etdirən qızıl körpüdür. Toplantıya Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan respublikalarından çoxlu sayda dəyərli qonaqlar və diplomatik missiyaların nümayəndələri, akademiklər, mədəniyyət xadimləri qatılmışdı. Dünyanın 200-ə yaxın ölkəsini əhatə edən UNESCO-nun ofisində ilk dəfə belə əhatəli tədbir təşkil etməyimiz qururvericidir. Bundan əlavə, sadəcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının ortaq qüruru olan, böyük elm və dövlət adamı Əli bəy Hüseynzadənin 150 illiyi və Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130-cu ildönümü münasibətilə böyük beynəlxalq konfrans keçirdik. Ötən il tanınmış arxeoloq, tarix elmləri doktoru Zeynolla Samaşevin rəhbərliyi altında Altay dağlarında başlanan arxeoloji qazıntılar əsasında mühüm nəticələr əldə olundu. Qazıntılar zamanı Dədə Qorqud dövrünə aid qədim türk əsgəri və aşığının qəbirləri tapılıb. Diqqətçəkən isə aşığın atı, silahı və musiqi alətləri ilə birlikdə dəfn edilməsidir. Aparılan qazıntı və araşdırmalar nəticəsində türk əsgərinin VII əsrdə yaşadığı sübut olundu. Arxeoloji qazıntılar bu il də davam edəcək. Bununla yanaşı 8-ci Astana İqtisadi Forumu çərçivəsində Qazaxıstan Respublikası Parlament Məclisi və Xəzər Strateji İnstitutu ilə işbirliyi formasında “Xəzər tranzit kəsişməsi” mövzusunda panel keçirdik.

- Maraqlıdır, nə üçün panelin əsas mövzusu məhz Xəzər seçildi?
- Çünki Xəzər dənizinin türk dünyası üçün böyük əhəmiyyəti var. Bu dəniz türk xalqlarının geniş əhatə olunduğu Avrasiya coğrafiyasının iki hissəsini bir-birinə bağlayır. Azərbaycan, Qazaxıstan, Türkmənistan və Türkiyə Xəzər üzərindən nəqliyyat-kommunikasiya əlaqələri potensialını artırmaq üçün böyük imkanlara sahibdir. Xəzər bölgəsində işbirliyinin inkişaf etdirilməsi ilə son illərdə müzakirə edilən İpək Yolu ideyası gerçəkləşməkdədir. Bu, eyni zamanda Xəzərin qərbində və şərqində olmaq üzrə iki yerə ayrılan türk dünyasının bütövlüyünü saxlamaq deməkdir.

- Önümüzdəki illərdə daha hansı layihələri gerçəkləşdirməyi düşünürsünüz?
- BTA-nın gələcəyə yönəlik bir çox plan və layihələri mövcuddur. Öncə Akademiyanın təşkilatlanma dövrünü tamamlamaq və beynəlxalq qurumlarla əlaqələrimizi gücləndirmək istəyirik. Bundan başqa, digər türk dövlətlərindən alimləri cəlb etməyi planlaşdırırıq. Hazırda Özbəkistan, Qırğızıstan və Sibirdən gələn mütəxəssislər BTA-da öz fəaliyyətlərini davam etdirirlər. Eyni zamanda kitabxana və muzeyimizi də genişləndirməyi düşünürük. Təbii ki, elmi qurum olduğumuz üçün öncə elmin müxtəlif sahələrində akademik fəaliyyətimizi fasilə vermədən sürətlə davam edəcəyik.
Yaxın gələcəkdə gerçəkləşdirəcəyimiz tədbirlərə gəlincə, sadəcə bu ilin sonuna qədər keçirilməsi planlaşdırılan tədbirlərin bəziləri haqqında məlumat verim. Bu ay Monqolustan və Qazaxıstanda “Qızıl beşik Altay” adlı kəşf səfəri və sahə seminarı düzənləyərək bu günə qədər aparılan arxeoloji işlərin nəticələrini tanıtmağı düşünürük. Seminara Azərbaycan, Türkiyə, Qırğızıstan Qazaxıstan, Tatarıstan, Monqolustan və digər ölkələrin akademik və mətbuat nümayəndələrini dəvət etdik. Avqustun sonunda Bişkekdə Beynəlxalq Türk Akademiyasının təqdimatı olacaq. Eyni zamanda Bişkekdə Qırğızıstanla bağlı nəşr etdiyimiz kitabların təqdimatını da keçirmək istəyirik. Məsələn, Akademiya tərəfindən nəşr edilən “Manas” dastanı sözlüyü və ensiklopediyası orijinal layihələrdəndir. Türk Dünyasının ortaq şəxsiyyətlərinin doğum və vəfat ildönümləri münasibətilə keçirilən tədbirlər Akademiyamızın ənənəsinə çevrilib. Bu il Başqırdıstanın paytaxtı Ufada Zəki Validi Toğanın 125-ci ildönümü münasibətilə böyük toplantı keçirməyi planlaşdırırıq. Bununla birlikdə böyük qazax şairi və yazıçısı Abay Kunbabayevin 170-ci ildönümü ilə bağlı tədbir keçirəcəyik. Önəmli planlarımızdan biri Əhməd Yasəvi Beynəlxalq Qazax-Türk Universiteti ilə birlikdə oktyabrın 7-də türkoloji konqres keçirməkdir. 1926-cı ildə Bakıda baş tutan məşhur Birinci Sovet Türkoloqları Konqresinə Qazaxıstandan ünlü dilçi Əhməd Baytursınulu da qatılaraq kürsüdən qardaş xalqların gələcəyi ilə bağlı önəmli bir məruzə etmişdi. Konqresin 90-cı ildönümü münasibətilə 2016-cı ildə Bakıda böyük bir türkoloji konqres düzənləməyi planlaşdırırıq. Eləcə də Azərbaycanda “Qafqazda türk izləri” mövzusunda seminar və Xəzər dənizi ilə bağlı elmi toplantı keçirmək istəyirik. Bir sözlə, qarşıda bizi çoxsaylı layihələr, mühüm işlər gözləyir.

Mehparə Sultanova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar