İftixar Piriyev: “İnsanların dolğunlaşmasının yaş həddinə, istedadlı olub-olmamağına heç bir aidiyyəti yoxdur. İnsan ömrü boyu inkişafa doğru irəliləyir”

Onunla yubileyi ərəfəsində görüşdük. Çoxdan tanıdığım, dünyaya baxışını tamaşalarından, rollarından, yazdığı əsərlərdən az-çox bildiyim bir aktyor, rejissor, müəllif kimi istər sənət, istərsə də həyat həqiqətləri haqqında söhbət etdik.
Bu gün 55 yaşını qeyd edən C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, aktyor, şair, dramaturq, publisist, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev sadaladığım bütün məziyyətlərindən əlavə həm də əsl teatr təəssübkeşi, sənət vurğunudur.


- İftixar müəllim, teatr insanın zamanını əlindən almaq gücündə olan bir yaradıcılıq sahəsidir. Yəqin teatra özünəməxsus yanaşmanız var...
- Zamanı insanın əlindən heç bir qüvvə ala bilməz. Çünki zaman insanın ritmindədir. Əksinə, insan teatr sənətini zamanın dinamikasında hərəkətə gətirərək bir anlamda onu öz ritminə qoşa bilir. Yəni, teatr zamanı əldən almır, zaman teatrı insanın ritmində yaşadır. İnsan həm zamanla irəliləyərək ömrünü tükətməklə, həm də sevdiyi peşə ilə məşğul olaraq, zamanı aldatmaqla məşğuldur. Zaman elə bilir ki, sən onun necə keçdiyini anladıqca nigarançılıqdan əzab çəkirsən, lakin insan, deyək ki, teatr adamı, bu sənətin sehrində tilsimləndikcə zamanın necə keçdiyinə əhəmiyyət vermir, zamanı aldadır.
- Hər yaş öz hesabat dönəmi ilə yadda qalır. Kimi məhsuldar, kimi sadəcə sükutla keçir bunu...
- Hər kəsin bir ömrü var. Hər kəs öz ömrünü əməlləri ilə zamanın anlarına həkk edir. Kimi yaradır, kimi dağıdır. Hesabatı isə insan bir kərə verir. Əbədiyyətə qovuşduqdan sonra. O dünyada Allahına, bu dünyada zamana...
- İllər İftixara nə verdi?
- İllər İftixara Allahın 1960-cı ildən bu günə qədər bəxş etdiyi 55 illik bir zaman orbitində sevincli, kədərli, ağrılardan, acılardan, bəzən rəvan, bəzən sıldırımlardan keçən, nəticədə zəngin və dolğun, mənəvi rahatlıqla dolu bir ömür yolunu isbatladı. İllərin fəsillərində gah üşüdü, gah isindi İftixar. Lakin üşüyə-üşüyə, isinə-isinə mənəvi qazanc sahibinə çevrildi.
- Bu mənəvi qazancdan qürurlanırsınızmı?
- Bir halda ki, mənəvi qazanc deyilən bir sərvət sahibi ola bilmişəmsə, demək ki, bununla yalnız qürurlanmaq lazımdır. 1981-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirdim. Həmin ildən Akademik Milli Dram Teatrında aktyor fəaliyyətinə başladım, milli və dünya klassiklərinin əsərlərində rollar oynadım. Teletamaşalarda, teleseriallarda, bədii filmlərdə tamaşaçı rəğbətinin ləzzətini daddım. 1998-2000-ci illərdə Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Peşəkar Dram Teatrının bərpa rəhbəri oldum. Həmin illərdə ulu öndərin Tiflisə işgüzar səfəri zamanı o böyük şəxsiyyətlə ünsiyyətdə olmaq imkanı nəsibim oldu. 2000-ci ildə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına rəhbər təyin olundum. 15 ildir ki, bu qocaman sənət ocağında sevimli kollektivlə birgə teatr sənətimizin yaşaması uğrunda əzmlə çalışırıq. Bu illər ərzində 12 kitabım işıq üzü gördü. Çoxlu şeirlər, poemalar, pyeslər, elmi məqalələr, portret və publisistik yazılarım çap olundu. Dəfələrlə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İrəvan Teatrını beynəlxalq arenaya çıxara bildik. Bu gün də bu fəaliyyət bizim üçün prioritetdir...
- Müasir dövrün insanı istənilən məsələyə bir az loyal yanaşır. Yəqin bu səthi və soyuqqanlılıq sizə yaddır...
- Siz insanları qınamayın. Bunun hamısı zamanın sürəti ilə əlaqəlidir. Daha doğrusu, elm, texnika inkişaf etdikcə hərtərəfli sürət fərqi yaranmağa başladı. Bu, insanların şüurunda, düşüncəsində, idrakında özünə xüsusi yer tutdu. Fayton əsrindən, birdən-birə kosmik sürət orbitinə düşən zaman və zamanın dinamik hərəkətindəki sürətlilik insanların münasibətlərində dəyişikliklərin yaranmasına səbəb oldu. Nə qədər ki zamanın təkəri ləng gedirdi, insanların daxili dinamikası da həmin sürətə uyğunlaşırdı və heç bir şey diqqətdən kənarda qalmırdı. Düşüncə və təfəkkür də öz ləngəri ilə hərəkət edirdi. Zamanın sürəti artdıqca, insanın daxili dinamikası da dəyişdi. Həmin sürətlə ayaqlaşmağa çalışdı. Bəzən sürətə uyğunlaşmayan hadisələr geridə qalmaq məcburiyyətində oldular, o cümlədən münasibətlərdəki ölçülər də istər-istəməz öz balansını itirdi. Bu da uyğunluq təşkil etməyən məsələlərə loyallıq, soyuqqanlılıq göstərməyə gətirib çıxardı. Bəzi meyarlar itdi. Sürət çoxaldıqca itkiləri hesabata almaq da çətinləşdi. Ona görə də insanlar baş verən bütün hadisələrə alışqan olmağı öyrəndilər.
İnsanlar bir məsələni unutmamalıdır ki, zamanın sürəti onların əməlləri ilə tənzimlənir. Odur ki, münasibətləri də həmin sürət ölçülərinə yerləşdirməyi bacarmaq lazımdır. Heç bir itkiyə yol vermədən mükəmməl qalmaq lazımdır. Mən hiss adamıyam, hər şeyə həssasam. Odur ki, çalışıram daxili dinamikamın sürətinə elə uyğunlaşım ki, heç bir məsələyə loyal qalmayım.
- Şair, dramaturq, aktyor, rejissor, teatr direktoru. Bunların hansı İftixar Piriyevin daxili dünyasını daha dolğun şəkildə ifadə edə bilir?
- Bilirsiniz, bunların hər biri ayrıca bir ifadə vasitəsidir. Lakin bütövlükdə İftixarın ifadəçisidir. Bütün bunlar - hər gün yaranan və isti-isti ruhuma yayılan şeirlər, yeni doğulan personajların canlı dinamikası, zamanın, hadisələrin, ömrümün ritmini özündə ifadə edən, həyatımın mənasına çevrilmiş, daxilimdə hər an yeni yaranan monoloqların elə içimdəcə səslənməsi, düşündüklərimi bir kompozisiya ətrafında birləşdirmək qüdrətini özündə yaradan və rəngarəng tərtibatda bir kontekstə gətirən çoxşaxəli hərəkətlər, mizanlar, birgə fəaliyyət göstərdiyim və çox böyük sevgi ilə yanaşdığım kollektivimizlə hər gün yeni ruhsal ünsiyyət, yaradıcılıq üzərində bərabər çəkilən zəhmət bütövlükdə mənim varlığımın ifadəsidir.
- Adətən, yaradıcı adamların dolğunlaşma yaşını 50-dən sonraya şamil edirlər. Necə düşünürsünüz, istedadın zühuruna yaş faktoru nə qədər mane ola bilir?
- İnsanların dolğunlaşmasının yaş həddinə, istedadlı olub-olmamağına heç bir aidiyyəti yoxdur. İnsan ömrü boyu inkişafa doğru irəliləyir. Bir də ki, heç istedadsız insan yoxdur. Ümumiyyətlə, insan çox mükəmməl bir mexanizmdir və o, saat kimi işləyir. Yaradıcısı da, oğrusu da, cinayətkarı da, qəhrəmanı da, xeyirxahı da... Allah hər kəsi istedadlı yaradır. Sadəcə hər kəs özünü bir sahədə və müəyyən bir ölçüdə ifadə edir. İstedadın ortaya çıxması insanın təhtəlində ruhunun seçdiyi sahə üzrə onu hərəkətə gətirən nüvənin dinamik qüdrətindən asılıdır. Kimində nüvə tez partlayır və hərəkətə keçir, kimisində isə gec.
- Qocaman bir teatr ocağına rəhbərlik edirsiniz. Sizcə, Azərbaycan teatrı və tamaşaçısı arasında rabitədə əsas faktor nədir və bir tamaşaçı kimi öz teatrınıza baxdıqda kifayət qədər tənqidi yanaşa bilirsinizmi?
- Əsas faktor tamaşaçını öz illüziyasında tilsimləməkdir. Tamaşaçını az zaman kəsiyində, yəni bir tamaşa ölçüsü çərçivəsində elə “tələyə” salmalısan ki, zaldan çıxdıqdan sonra da ondan qurtula bilməsin. Bu ecazı yarada bilən teatr həmişə tamaşaçısı ilə bərabər inkişaf edəcəkdir. O ki qaldı öz teatrımızın məhsuluna, ümumiyyətlə, mən nəinki öz teatrımıza, ən çox özümə tənqidi yanaşmağı doğru hesab edirəm. Əlbəttə, öz tamaşalarımızda qüsur görməmək üçün tənqidi yanaşmada bir fayda olduğunu birmənalı şəkildə dəyərləndirirəm. Doğrudur, bizim fəaliyyət göstərdiyimiz şəraitin mükəmməl məhsul almaq üçün imkanı, demək olar ki, yoxdur. Lakin peşəkarlığımız imkan vermir ki, şəraitsizliyin burulğanında çapalayaq. Həm teatrımızın ənənəsi, həm də işimizə vicdanlı və peşəkar münasibətimizə görə məhsullarımız qənaətbəxş hesab olunur.
- İftixar müəllim, əsərləri İrəvan, Tiflis, Naxçıvan, Gəncə teatrlarının səhnələrində uğurla oynanılan və yetəri qədər sənət uğurları olan teatr adamı kimi fikriniz maraqlı olar: Azərbaycan teatrı gəncləşməlidir, yoxsa tamaşaçı düşüncəsi?
- Bilirsinizmi, ümumiyyətlə, gəncləşmək anlamı yanlışdır. Heç vaxt gəncləşmək mümkün deyildir. Püxtələşmək, müdrikləşmək və yaxud yeniləşmək anlamı mövcuddur. Teatrlarımız zamanın və insan idrakının inkişaf həddinə sıçrayış etməlidir. Hətta mən deyərdim ki, teatrlarımız həmin hədləri o qədər yüksəyə doğru aşmalıdır ki, insanlar teatr möcüzəsinə özlərini və dərketmələrini təslim edə bilsinlər. Bunun üçün birinci növbədə teatr xadimləri öz mövqelərində ciddi dəyişikliklərə nail olmalıdır. Passiv iş prosesindən aktiv iş prosesinə keçilməlidir. Yeni texnologiyanın şərtlərinə yeni təfəkkür və yeni forma ilə cavab verməyə çalışılmalıdır. Ənənəvi, klassik üslubdan imtina etməməklə yeniləşmək, fabulasız, lakin fabulanın üst qatına yüksələn yeni nöqtəyə doğru sürətlə irəliləmək, orijinal nəticələr əldə etmək qüdrətinə yüksəlmək lazımdır.
- Yeni mövsümdə tamaşaçılara nə vəd edirsiniz?
- Premyeralarımız olacaq. Məzuniyyətimiz sentyabrın 7-də bitdiyindən yeni mövsümə bundan sonra başlayacağıq. Repertuarda yarımçıq qalmış əsərlərin yekunlaşmasını təmin edəcəyik. Yeni repertuar təsdiq edildikdən sonra bu barədə geniş məlumat verəcəyik.
- Bir neçə şeir kitabının müəllifisiniz. Poetik yanaşdıqda zaman insana tabedir, yoxsa insan onu dəyərli etməyə məhkumdurmu?
- İnsan daim zamanın anlarını özündə yaşatmağa məhkumdur. Bu yaşantılar həm də zamanın yaşadığını ifadə edir. İnsan olmasa zamanın yaşamağı kimə lazımdır və bu nə qədər məzmunlu ola bilər? Məhz zamanı zaman edən və onu dəyərə yüksəldən insandır.
- Və son olaraq: İftixar Piriyev 55-dən geriyə boylandıqda hansı mənzərəni görür və 60-a qədərki marafondan gözləntiləri nədir?
- Bu sualınıza 1997-ci ildə, 37 yaşımda yazdığım bir şeirimlə cavab vermək istəyirəm:
Ömrümün asılqanından
sürüşüb düşmüş
gecələrimi, gündüzlərimi
əlhavası
axtara-axtara
gəlib çatdım
otuz yeddi yaşımın astanasına,
dayandım...
Bir anlıq
gəldiyim yolları
yüyürüb qaçmaq istədim
geriyə.
Geridən gəldiyim yolları
yenidən gəlməyə...


Söhbətləşdi: Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar