Xalq artisti Firəngiz Əlizadə: “Azərbaycan musiqisinə şərəf gətirəcək yeni layihələrimiz nəzərdə tutulub”

Hər bir insanın seçdiyi sənət onun xarakterinin, daxili aləminin güzgüsüdür. Bəstəkar ömrü də elə musiqiyə bənzər. Bu sənəti seçən insan notların rəngləri qədər rəngarəng bir həyat yaşayır. Bəzən minor, bəzən də major tonlarla. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin yaradıcılığı bütünlüklə günümüzlə səsləşir, dünyada yüksək qiymətləndirilir. Onunla söhbətimiz zamanı rəhbərlik etdiyi qurumun fəaliyyəti və yaradıcılığındakı yeniliklərdən danışdıq.

- Firəngiz xanım, ilin son rübünü yaşayırıq. Bəstəkarlar İttifaqı bu ili hansı nailiyyətlərlə başa vuracaq?
- İl başlanandan gərgin rejimlə çalışdıq. Mart ayında Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Bakıda 4-cü dəfə “Muğam aləmi” beynəlxalq festivalı keçirildi. Layihə çox əhatəlidir. Festivalın çərçivəsində müxtəlif ölkələrdə ifaçıların müsabiqəsi, UNESCO səviyyəsində simpozium, maraqlı konsert proqramları təşkil olundu. Hər dəfə festivalda yeniliklər edilir, musiqi bayramına yeni ölkələr qatılır. Bu dəfə bağlanış mərasimi simfonik konsert kimi quruldu və festivala qatılan ölkələrin nümayəndələri, ənənəvi musiqi ifaçıları bir səhnəni bölüşdülər. Caz musiqisi, türkmən musiqisi və simfonik musiqi birlikdə anlamlı körpülər yarada bildi.
Bundan əlavə, Bəstəkarlar İttifaqının layihəsi olan “İpək Yolu” beynəlxalq festivalı da bu il çox yüksək səviyyədə gerçəkləşdi. 1-5 iyul tarixində Şəki şəhərində 6-cı dəfə keçirilən festival sübut etdi ki, o, öz ənənələri, məkanları, iştirakçıları ilə formalaşıb. Festivala Yaponiya və Polşa ilə yanaşı, Türkiyədən 75 nəfərlik böyük bir ansambl qatılmışdı. Möhtəşəm konsert keçirildi. Türk simfonik orkestri Azərbaycan xalq mahnılarından ibarət popurri hazırlamışdı. Bu da festivala bir hədiyyə idi. Dirijor hörmətli sənətkarımız Fəxrəddin Kərimov idi. Yapon musiqiçiləri Xan sarayının qarşısında çox ekzotik bir konsertlə çıxış etdilər. Azərbaycanda yaşayan 11 azsaylı xalqın musiqi folkloru, mərasim və mahnıları və rəqsləri nümayiş olundu. Bir daha sübut olundu ki, Azərbaycan multikulturalizmin mərkəzidir.
Festivalda ustad dərsləri və görüşlər keçirildi. Bəstəkarlar İttifaqının nəzdində fəaliyyət göstərən musiqi kollektivləri də festivalda iştirak etdi. Mümkün olan köməyini bizdən əsirgəməyən Mədəniyyət və Turizm Nazirliyinə və Şəki Şəhər İcra Hakimiyyətinə bir daha təşəkkürümüzü bildiririk.

- VII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında da, həmişəki kimi, yaxından iştirak etdiniz...
- Bu festival çərçivəsində 22 və 23 sentyabr tarixində Üzeyir bəyin və Müslüm Maqomayevin 130 illiyinə həsr edilən elmi konfransımız və konsertimiz oldu. Şəxsən mən Üzeyir bəyin Sankt-Peterburqdan Müslüm Maqomayevə yazdığı məktubları göz yaşlarsız oxuya bilmirəm. Bu yazılar, arxiv bizə insani örnəkdir. Üzeyir bəy bütün türk dünyasını, müsəlman aləmini tanıdan dahi musiqiçidir. Türk dünyası böyükdür. Bir-birimizə qucaq açmağı, dəstəkləməyi, sevməyi bacarmalıyıq. Əlbəttə, yaradıcı insan olaraq hər birimizin öz düşüncələrimiz var. Bu təbiidir. Amma biz vətənpərvər olmalı, vətənimizi sevməliyik.

- Rəhbərlik etdiyiniz qurumda hansı işlər həyata keçirilir?
- İttifaq öz gündəlik qayğıları, tədbirləri, konsertləri ilə fəaliyyətdədir. Bəstəkarlarımızın yubileyləri, musiqişünaslarımızın araşdırmaları, kitab təqdimatları, müəllif konsertləri keçirilir. 2007-ci ildən həyata keçirilən “Gənc musiqiçilər Azərbaycan bəstəkarlarının əsərlərini ifa edir”, “Müasirlərlə dialoq” adlı layihələr uğurla davam etdirilir. Yazıçılar, bəstəkar və rəssamlarla görüşlər təşkil olunur. Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri ilə birlikdə gənc, istedadlı bəstəkarları tanıdır, onlara dəstək oluruq.

- Şəxsi yaradıcılığınızda nə kimi yeniliklər var?
- İttifaqın işi ilə bərabər, yaradıcılığa da vaxt ayırmağa çalışıram. Yuxarıda sadaladığım layihələrə ayrılan vaxtdan əlavə bu işlərə də ürək qoyulur, enerji sərf edilir. İstəmirəm ki, yaradıcılığımda fasilə olsun. Bu il uğurlarım az olmadı. Şükürlər olsun ki, dünyanın bir çox yerlərində yüksək səviyyədə konsertlərim keçir. Məşhur amerikalı skripkaçı Hillari Xanın “Deutsche Grammofon” albomu kamera musiqisi nominasiyasında “Qremmi” mükafatına layiq görüldü. Həmin albomda mənim də musiqim yer almışdır. Kamera musiqisində “Qremmi” mükafatını almaq böyük şərəf və uğurdur. Lakin başa düşürəm ki, bu, hələ son hədd deyil və yenə işləmək lazımdır. İlk dəfə azərbaycanlı bəstəkarın adı bu mükafatda hallandı. Bu yaxınlarda San-Fransisko şəhərindən “Kronus” kvartetindən məktub aldım. Bildirilir ki, kvartet qastrolları zamanı mənim əsərlərimi bütün dünyada ifa edir. Onlardan yeni sifarişlər aldım. Amsterdam və Münhendən də yeni təkliflər almışam. Bu yay Almaniyada ənənəvi Vaqner festivalında iştirak etdim, “Tristan və İzolda” operasını izlədim. Həmçinin Zalsburqda açıq havada “Sehrli fleyta”ya baxdım. Bu təəssüratlar yaradıcılığa daha da müsbət təsir göstərir. Bunların nəticəsində insan gələcəyə ümidlə baxır və yeni-yeni əsərlər yaratmağa can atır.

- Türkiyə ilə Azərbaycanın şair və bəstəkarlarının birgə layihəsində siz də iştirak edirsiniz. Layihənin məqsədi nədən ibarətdir?
- Türkiyədə alim və ədəbiyyatçıların məslək birliyi olan İLESAM adlı qurum var. Onlar bir layihə ilə Azərbaycan Yazıçılar Birliyinə və bizə müraciət etdilər. Hər iki ölkədən şair və bəstəkarların cəlb olunduğu maraqlı bir layihədir. Onların şairlərinin əsərlərinə bizim bəstəkarlar, bizim şairlərin əsərlərinə isə onların bəstəkarları musiqi bəstələyəcək. Düzü, mahnı yazmaq fikrim yox idi. Amma bir şeir mənə o qədər xoş təsir bağışladı ki, etiraz etmədim. Azərbaycan tərəfdən bəstəkarlar Sərdar Fərəcov, Cəlal Abbasov, Türkiyədə yaşayan həmkarlarımız Cavanşir Quliyev və Həsən Adıgözəlzadə də bu layihəyə qoşuldu. İnşallah, qarşıda Azərbaycan musiqisinə şərəf gətirəcək yeni layihələrimiz nəzərdə tutulub.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar