“Artıq 16 ildir ki, buradayam. Yetirmələrimin bəziləri indi mənimlə birlikdə çalışırlar”

Soydaşımız Həqiqət Məhərrəmova uzun illərdir Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universitetində piano sənətindən dərs deyir. İndiyədək yüzlərlə tələbə yetişdirib. Yetirmələri Türkiyənin çeşidli bölgələrində çalışırlar. Həmsöhbətimiz ilk olaraq təhsil illərini xatırladı:

- 1971-ci ildə Bakı Musiqi Akademiyasını bitirmişəm. Sənət müəllimim professor Nigar Usubova olub. O, təhsil ocağında 17 il prorektor işləyib. Bu il onun anadan olmasının 100 illiyidir. Aprel ayında Bakıya gəlmişdim. Türkiyədə yaşayan pianoçu Gülşən Nağıyevanın konsertində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyevanı gördüm. Fərəh xanım təklif etdi ki, gəlin bizim universitetdə ustad dərsi keçin. Söylədim ki, ustad dərslərini müəllimimlə bağlı keçmək istəyirəm. Konsertim aprelin 29-da Mədəniyyət və İncəsənət Universitetində gerçəkləşdi.
- Karyeranızda Sankt-Peterburq dönəmi ayrıca yer tutur...
- Sovet vaxtı dövlət imtahanlarının sədrləri Moskvadan, Sankt-Peterburqdan gələrdi. Bizim imtahanımızda Sankt-Peterburqdan Yakob Vinşteyni Bakıya dəvət etmişdilər. O vaxt iki dövlət imtahanımız var idi. Biri ixtisasdan, biri də kamera ansamblından. Kamera ansamblı üzrə Azər Rzayevin sinfində oxuyurdum. İmtahanlardan sonra Y.Vinşteyn haqqımda gözəl sözlər söylədi, musiqiçi kimi yaxşı gələcəyimin olduğunu bildirdi. Bir neçə gündən sonra müəlliməm Nigar xanım aspiranturaya zəmanətimin verildiyini bildirdi.
Beləliklə, 1972-ci ildə Sankt-Peterburqa gedərək N.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasına qəbul olundum. Rektor, SSRİ Xalq artisti Pavel Serebryakovun sinfində oxudum. Orada təhsil aldığım illər ömrümün ən gözəl çağları idi. Sovetlərin 50 illiyi ilə bağlı konsert təşkil olunurdu. Həmin konsertdə Pavel Serebryakovla birlikdə Aleksandr Skryabinin etüdünü ifa etdik. O zaman ifaçılar üçün aspirantura mühüm təcrübə imkanı sayılırdı. Serebryakov çox istəyirdi ki, mən aspiranturanı bitirəndən sonra Sankt-Peterburqda qalım. Babam, anam, müəlliməm Nigar xanım orada qalmağıma razılıq vermədilər. 1974-cü ildə Bakıya qayıtdım, bir il sonra konservatoriyada müəllimə kimi çalışmağa başladım.
- Pakistana necə getdiniz?
- 1997-ci ildə məni Pakistana işləməyə dəvət etdilər, Lahor şəhərində bir il pianoçu kimi çalışdım. Hindistanla Pakistan arasında savaş vardı, durum yaxşı deyildi. Ona görə Vətənə qayıtdım. Pakistanda işləyəndə Belçikadan iş təklifi aldım. Bundan öncə Belçikanın Pakistandakı səfiri konsertimdə olmuşdu, o, məni ölkəsinə tanıtmışdı. Orada mənim CD-lərimə qulaq asmaq istəyirdilər. Bakıya gələndə onları hazırlayırdım, bir gün dərs zamanı rektor dedi ki, Türkiyənin Ərzurum şəhərindən sizi arayırlar, onlara mütəxəssis gərəkdir. Dedim, əgər görkəmli rus şairi Puşkin orada olubsa, mən niyə olmayım? Sonra Ərzurum Atatürk Universitetinin prorektoru Sevil xanım sinfə gəldi, danışdıq, Türkiyədə işləməyə razılaşdım.
Türkiyəyə bir illiyə getmişdim. Di gəl ki, 1999-cu ilin sentyabrından indiyə kimi orada çalışıram. Türkiyəyə Nailə Mirzəzadə ilə birlikdə getmişdik. O, skripka ifaçısıdır, indiyə qədər bir yerdə çalışırıq. Onunla birgə çoxlu konsertlər vermişik, Azərbaycanı layiqincə təmsil etmişik.
Türkiyəyə gələndən sonra namizədlik dissertasiyası müdafiə eləmək haqqında düşündüm. 2008-ci ildə Bakıda sənətşünaslıq üzrə fəlsəfə doktoru diplomunu aldım. Azərbaycanda professor adı almışam, amma Ərzurumda dosent olaraq çalışıram.
- Türkiyədə yaşadığınız müddətdə hansı işləri görə bildiniz?
- Atatürk Universitetinin gözəl sənətlər fakültəsində işləyirəm. Çoxlu tələbə yetişdirmişəm. 2007-ci ildə Ərzurum Piano Günlərini keçirdim. Bu yarışmada tələbəm birinci yeri tutdu. 2010-cu ildə həmin yarışmanın ikincisini düzənlədim. Jüridə Türkiyənin tanınmış pianoçuları vardı. 2012-ci ildə isə I Ulusal Klassik Musiqi Festivalını keçirdik. Festival çərçivəsində azərbaycanlı sənətçilər Fəridə Məmmədova və Gülər Dəmirova ilə birlikdə “Odlar yurdundan əsintilər” adlı konsert verdik. Bu, ən bəyənilən konsert oldu.
- İşlədiyiniz universitetdə sizdən öncə pianoçu vardımı? Ümumiyyətlə, Türkiyəyə piano sənəti ilk dəfə haçan gəlib?
- Gözəl sənətlər fakültəsində yox idi, orada piano tədrisinin əsasını mən qoydum. Yetirmələrimin bəziləri indi mənimlə birlikdə çalışırlar. Ərzurumda indi musiqiyə böyük həvəs var. Türkiyəyə piano cümhuriyyət qurulandan sonra gəlib. Atatürk bacarıqlı gəncləri Avropaya oxumağa göndərib. Bu ölkədə pianoda tanınmış bir ifaçı var: xanım İdil Biret. Fransada oxuyub. Azərbaycanda da olub, dünyada tanınmış pianoçudur. O, mənim pianoçu kimi istedadımı yüksək dəyərləndirib.
- Başqa ölkələrdən Türkiyədə çalışanlar çoxdurmu?
- Bizim universitetdə Rusiyadan, Gürcüstandan gəlib ayrı-ayrı sahələrdə çalışan mütəxəssislər çoxdur.

S.Soltanlı