Balabanın bir musiqi aləti kimi formalaşması təxminən 4-5 min il əvvəl baş verib. O, peşəkar alət kimi uzun illərdir ki musiqi texnikumlarında, son illər isə Azərbaycan Milli Konservatoriyasında tədris olunur.
Balaban 1931-ci ildə Xalq Çalğı Alətləri Orkestri yarandığı gündən onun tərkibinə daxil edilib və aparıcı alət hesab olunur.
Balaban sözü iki türk sözündən, «bala» və «ban» sözlərinin birləşməsindən əmələ gəlib. «Bala» - kiçik, zərif, həzin və s. mənalarını bildirir. «Ban» isə dilimizin arxaik sözlərindən olub səs, ün mənasını daşıyır. Yəni balaban sözünün mənası «həzin səsli» alət kimi açılır.
Balaban diatonik səsdüzümlüdür, lakin xromatik (diyezli, bemollu) səsləri də ifa etmək mümkündür. Alətin diapazonu kiçik oktavanın sol səsindən II oktavanın re səsinə qədərdir.
Səslənməsinə və ölçüsünə görə balabanın müxtəlif növləri var: aşıq balabanı, orkestr balabanı, pikkolo (cürə) balaban, bəm balaban, tenor balaban, alt balaban və s.
Mənbə: Abbasqulu Nəcəfzadənin «Çalğı alətlərimiz» kitabı