Gənc aşıqlar barədə
   
   Bütün zamanlarda sənətin inkişafı gənclərin imkan və perspektivi ilə ölçülüb. Sovetlər zamanında aşıq sənətinin əsl mahiyyətindən uzaqlaşdırılaraq ideoloji əhəmiyyət kəsb etdiyini hamımız bilirik. Bəs ömrünün ən parlaq, ən enerjili dövrünü müstəqil Azərbaycan vətəndaşı kimi yaşayan aşıqlar bu tarixi fərqi tamaşaçıya çatdıra bildilərmi? “Bax, biz sovet dönəmində, o çətin illərdə yaşayıb yaradan ustadlarımızın etmədiyi filan-filan işləri gördük” söyləməyə hünərləri çatırmı? 
   
   Gəlin etiraf edək ki, müstəqillik dövrünün də bir sıra çətinılikləri vardır. Üstəlik aradan elə də böyük vaxt keçməyib ki, gənc ifaçılardan konkret nələrsə istəyək. Ancaq məsələnin ən ciddi və problemli tərəfi ondadır ki, gənclərdə əsl sənətin inkişafı istiqamətində inamlı addımlar az müşahidə olunur. Məsələn, müstəqillik dönəmində gənc aşıqlarla bağlı yadımda üç ciddi tədbir qalıb:
   
   1. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə bölgələrdə və Bakıda keçirilən saz festivalları, yekun konsertlər;
   2. Yenə də nazirliyin köməyi ilə Avropanın bəzi şəhərlərinə gənc aşıqların səfərinin təşkili və bu şəhərlərdə yaddaqalan konsert proqramlarının keçirilməsi;
   3. 2008-ci ildə Lider TV-də keçirilən saz müsabiqəsi.
   
   Sizcə sadalananlar aşıq sənətində peşəkar gənclərin formalaşması üçün kifayətdirmi?
   Məncə, gənc aşıqların bugünkü fəaliyyətində ən böyük nöqsanlardan biri onların qazanc xatirinə əsasən toy və şadlıq məclislərinə aludə olmasıdır. Əlbəttə, hər kəsin seçim etmək və hardansa, necəsə pul-para qazanmaq haqqı var. İntəhası, biz əsl sənətlə bu məsələni qarışdırmamalıyıq. Yaşlı adamların indi də xatirindədir ki, sovetlər dönəmində opera müğənnilərinin toya getməsinə imkan vermirdilər. Məncə bu, səhv addımla tənzimlənən doğru qənaət idi. Sənətkar toyla səhnənin sərhədlərini dəqiq bilməlidir. Təəssüf ki, bu gün nəinki gənclər, hətta bəzi yaşlı sənətkarlar belə səhnəyə, ekrana ucqar kənd toylarının əhval-ruhiyyəsində çıxırlar. Vulqar ləhcə elementləri, köntöy hərəkətlər və s. Toylarda camaatın xoşuna gələn elə hərəkətlər var ki, efirdə və səhnədə çox pis görünür.
   Gənclərlə bağlı daha ciddi problemlərdən biri də, onların, demək olar ki, mütaliə etməmələridir. Azərbaycan estradasında olan kütləvi savadsızlıq faktını redaktə etmədən gənc aşıqlara da aid etmək olar. Mən ağlım kəsəndən aşıq sənətini həssaslıqla izləyirəm. Bu günəcən, həqiqi sözün nə olduğunu bilən, klassik aşıq şeirinin simvolik dilini anlayan bir nəfər də olsun gənc aşığa rast gəlməmişəm. Bu məsələ, əlbəttə ki, bir az problemlidir. Çünki uzun illər boyu bizi söykəndiyimiz mənəvi dəyərlərdən uzaq salıblar. Klassik şeir dilini bilmək baxımından biz, tutaq ki, qardaş Türkiyənin ən ucqar kəndində yaşayan bir əyalət şairinə də uduzarıq. Bu mənada günahın hamısını aşıq həmyaşlarımın üstünə yıxmaq istəmirəm. Lakin bir məsələ var ki, insan dediyi sözün mənasını bilməli, ən azı bunu öyrənməyə cəhd etməlidir. Peşəkarlar gözəl bilir ki, aşıq oxuduğu sözün mənasını bilməyəndə səhvə yol verir, tələffüzdə problemlər yaranır.
   Gənc aşıq öz üzərində həmişə işləməli, mütaliə etməli, klassik aşıq və divan şeirini mükəmməl öyrənməlidir. Bundan əlavə, istedadını reallaşdırmaq üçün çalışmalıdır. Hər yaşın bir gözəlliyi var. Gənc aşıq barmağı pərdə tutan vaxtlardan ifalarını peşəkar studiyalarda yazdırmalıdır. Bizdə 30-35 yaşında çox istedadlı ifaçılar var ki, hələ də hər cür imkanları ola-ola bir disk belə buraxmayıblar.
   Təbii ki, gənclərlə bağlı yazımıza tənqidlə başlamağımız saz sənətinin sabahı üçün ən azı elə bu istedadlı insanların özü qədər narahat olmağımızla bağlıdır. Onu da bildirək ki, sənətimizin sabahı üçün pessimist olmaq lazım deyil. Bu gün Azərbaycanda Azər Xanlaroğlu, Aşıq Mehdi, Ramin Qarayev, Şöhrət, Samirə, Familə, Əli Tapdıqoğlu, bir az öncəki nəsildən Aşıq Zülfiyyə, Nemət Qasımlı, Fəzail Miskinli, Aşıq Dəmir, Aşıq Altay və başqaları kimi maraqlı ifaçılar vardır. Azərin atası Xanlar Məhərrəmova, ustadlar ustadı Ədalət Nəsibov başda olmaqla böyük sənətkarların heç birinə bənzəməyən, eyni zamanda onlardan peşəkarcasına bəhrələnən maraqlı çalğısı vardır. Ramin Qarayev sanballı çalğısı və oxunuşu ilə Kamandar, gənc Şöhrət isə şaqraq zəngulələri və gözəl səsi ilə Aşıq Əkbər məktəbinin layiqli davamçılarıdır. Aşıq Mehdini dinləyərkən bir yox, bir neçə ustad yada düşür. Mehdi Göyçə və Borçalı məktəblərindən yaradıcı şəkildə bəhrələnərək ustad kimi çalıb-oxuyur. Onun ürəklərə işləyən bişmiş səsi, təmkinli davranışı əsl sənətkara xas keyfiyyətlərdəndir.
   Nemət Qasımlı uşaqlardan ibarət maraqlı bir ansambl yaradıb. O, səhnə davranışları üçün ciddi şəkildə işləyən, toyla səhnənin, efirin fərqini aydınca dərk edən azsaylı aşıqlardandır. Onun özünün də, rəhbərlik etdiyi ansamblın da bütün çıxışlarında sənəti sənət kimi təqdim etmək istəyini aydınca hiss edirsən. Yaxınlarda Dövlət Mahnı Teatrında düzənlədiyi konsert proqramı qeyd olunanların əyani sübutu idi.
   Adını çəkdiyim hər bir gənc aşığın ifa özəlliklərindən uzun-uzadı yazmaq olar.
   Mən, hələlik gənc dostlara uğurlar diləməklə kifayətlənirəm və sənət üçün daha çox çalışmalarını, daha çox işləmələrini arzu edirəm. Unutmayaq ki, zaman gözləmir və adam həmişə gənc qalmır...
   
   Vüsal