Ötən əsrin 60-cı illərində dünyanın iki fövqəldövləti - ABŞ və SSRİ arasında münasibətlərin «soyuq müharibə» həddinə çatdığı dövrdə amerikalı alim-folklorşünas Alan Lomaksın Sovet İttifaqına gəlməsi, burada aşıq musiqisini lentə yazaraq uzun illər öz fondunda saxlaması indi çoxlarına qəribə görünə bilər. Amerikalı alim Azərbaycan aşıq musiqisini yazmağa necə müvəffəq olmuşdu? Onun azərbaycanlı aşıqlar və musiqişünas Əminə Eldarova ilə görüşü 40 il sirr olaraq qalıb. 1964-cü ildə baş vermiş və demək olar ki, təfərrüatına belə varmadan hamı tərəfindən unudulan maraqlı bir hadisə 2004-cü ildə oxşar formada təkrarlanır və elə bununla da məsələnin mahiyyəti bəlli olur. Əslində, nə baş vermişdi?
Hadisənin əsl mahiyyəti amerikalı folklorşünas Anna Oldfild tərəfindən açılır. Azərbaycan aşıq musiqisi haqqında elmi iş yazmağı qərara alan Anna Bakıya gələndə ağlına da gəlməzdi ki, onun tədqiqatları maraqlı bir tarixçənin üstünü açacaq. Bu barədə bir qədər sonra. Hələlik Annanın tədqiqatı barədə danışaq.
Anna Oldfild ABŞ-ın Viskonsin Universitetindən götürdüyü dissertasiya işini yazmaq üçün 2004-cü ildə Azərbaycana gəlir. O, Britaniya Şurasının qrant layihəsi əsasında Azərbaycan aşıq musiqisini araşdırmaq üçün iki il Bakıda qalmalı idi. Hər şey ondan başlayır ki, amerikalı alim Əminə Eldarovanın 1984-cü ildə yazdığı «Azərbaycan aşıq yaradıcılığı» kitabını oxuyur və bundan sonra onunla görüşmək istəyir.
Annanın dediklərindən: «Bilirdim ki, Əminə Eldarova məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun tələbələrindən biri olub, tanınmış musiqişünasdır. Ona zəng edib görüşmək istədiyimi bildirəndə məni böyük iltifatla evinə dəvət etdi. Biləndə ki, Amerikadan gəlmişəm, dedi: «Bilirsiniz, mən artıq bir dəfə aşıq musiqisi ilə maraqlanan bir amerikalı alimlə görüşmüşəm. 1964-cü il idi, Moskvada antropoloq və etnoqrafların VII Ümumdünya Konqresi keçirilirdi. Orada Alan Lomaks adlı gənc amerikalı da var idi. O, bizim aşıqların səsini lentə yazıb özü ilə Amerikaya aparmışdı».
Bu məlumat Annanın təəccübünə səbəb olur. Necə ola bilərdi ki, SSRİ ilə Amerika arasında münasibətlərin kəskinləşdiyi dövrdə bir amerikalı folklorşünasın Azərbaycan aşıq musiqisini dinləmək şansı yaransın və o həmin musiqini lentə köçürərək Amerikaya aparsın?
Lakin ortadakı dəlil - amerikalı folklorşünas Alan Lomaksın, Əminə Eldarovanın və Azərbaycan aşıqlarının səsləri olan lent yazısı - bu yöndə şübhələri tamamilə aradan qaldırdı. Ən maraqlısı isə odur ki, Əminə xanım uzun müddət bu hadisənin təfərrüatından, demək olar ki, xəbərsiz olub.
Alan Lomaksın göndərdiyi bağlama partkoma verilir
İki il bundan əvvəl dünyasını dəyişən Əminə Eldarova sənətşünaslıq elmləri namizədi, aşıq musiqisinin tədqiqatçısı, Bəstəkarlar İttifaqının üzvü olub. Elmi tədqiqatları Azərbaycan aşıqlarının musiqili-poetik terminoloji lüğətinin hazırlanması, ifaçılıq məktəbləri, sazın morfologiyası və s. məsələləri əhatə edib. Azərbaycanda aşıq yaradıcılığını fundamental şəkildə araşdıran ilk qadın musiqişünas olub. Tez-tez beynəlxalq elmi konfranslara dəvət alırdı. 1964-cü ildə Moskvada keçirilən antropoloq və etnoqrafların VII Ümumdünya Konqresi də həmin elmi toplantılardan biri idi.
Annanın dediklərindən: «Əminə xanım mənə dedi ki, Alan Lomaksla 1964-cü ilin avqustunda Moskvada tanış olub. Konqresdə təşkil olunan konsertdə azərbaycanlı aşıq Əkbər Cəfərov və balabançı Müseyib Abbasov çıxış ediblər. Onların çıxışı böyük alqışlarla qarşılanıb. Alan Lomaks Əminə xanımın konfransdakı məruzəsini çox bəyənir. Sonra isə ona deyir ki, Aşıq Əkbərin səsini lentə yazmaq istəyir. Lakin həmin vaxt SSRİ ilə Amerika arasında münasibətlər yaxşı deyildi. Ona görə də səlahiyyətli şəxslər onlara amerikalılarla geniş ünsiyyət saxlamağa icazə vermirdilər. Əminə xanım bilirmiş ki, Alan Lomaksın istədiyi icazəni almaq üçün çoxlu bürokratik maneələrdən keçməli olacaq. Xoşbəxtlikdən Lomaks hazırlıqlı idi və Əkbərlə Müseyibin ifası başlayan kimi maqnitofonunu işə salıb, onların səsini lentə yazır».
Bir neçə ay keçdikdən sonra Alan Lomaks Əminə xanıma aşıqların lent yazısının fonoqramını göndərib. Folklorşünas həmin lent yazısına Amerika folklor musiqisini də əlavə etmişdi. Lakin Əminə xanım ehtiyat etdiyindən poçtdan aldığı bağlamanı açmır və onu Partiya Komitəsinin katibinə verir.
Maraqlıdır ki, Əminə xanım Amerikadan gələn bağlamanı açmasa da, onun üzərində Lomaksın şəxsi imzası və Nyu-Yorkdakı ev ünvanı olan qəbzi 40 il qoruyub saxlayıb. Amma uzun müddət A.Lomaksın kim olduğu və aşıq musiqisinə göstərdiyi marağın səbəbləri Əminə xanıma məlum olmayıb. Baş verən hadisənin təfərrüatı ilə yanaşı, Alan Lomaksın kimliyini o, yalnız 2004-cü ildə Annadan öyrənə bilir.
Lent yazısının axtarışı və xoş təsadüf
Əminə xanımın dedikləri Annaya elə təsir edir ki, o, Lomaksın Əminə xanıma göndərdiyi həmin lent yazısını axtarmağa başlayır. Elə bu arada, 2005-ci ildə etnomusiqiçi Teodre Levin Bakıya gəlir və bu səfər sözügedən lent yazısının tapılmasına mühüm bir vəsilə olur.
Folklorşünas hesab edir ki, bunun özü də ona taleyin verdiyi böyük şans idi: «2005-ci ildə etnomusiqiçi Teodre Levin bir sıra lent yazıları seriyası üzərində işləmək üçün Bakıya səyahət etmişdi. Biz Azərbaycan musiqisi barəsində söhbət edərkən o, mənə bir CD bağışladı. Dedi ki, bu, Alan Lomaks tərəfindən yazılan və onun arxivində saxlanılan lent yazısıdır.
Mən ona aparacağım araşdırma ilə bağlı danışanda xeyli təəccübləndi. Ağlıma gələn ilk insan Əminə xanım oldu və elə ilk fürsətdə CD-ni ona apardım. O, CD-yə diqqətlə qulaq asdıqdan sonra təəccüb içində soruşdu: «Bu, mümkündürmü?».
Əminə xanım həmin CD-nin 1964-cü ildə Moskvada Alan Lomaks tərəfindən yazılmış lent yazısı olduğunu təsdiq edir. Həmin lent yazısında Əminə xanımın Alanın suallarına verdiyi cavablar da əks olunmuşdu. Amma hiss olunurdu ki, amerikalı folklorşünas ən çox Əkbər Cəfərovun ifasından təsirlənib və tərcüməçiyə deyirdi: «Əkbər Cəfərova deyin ki, onun səsi mənim həyatda eşitdiyim ən gözəl səsdir».
Böyük işin uğurlu sonluğu
Axtardığını əldə etdiyinə tam əmin olduqdan sonra Anna CD-lərin nüsxələrini Azərbaycan Dövlət Milli Səsyazma Arxivinə təqdim edir. Lakin onu bir hiss rahat buraxmır: Əkbərlə Müseyibi tapmaq və həmin səs yazıları olan kaseti onlara təqdim etmək istəyirdi.
Amerikalı qadın elə bu niyyətlə 2005-ci ildə sənətçilərin doğma yurduna, Tovuza yola düşür. Tədqiqatçıya məlum olur ki, Əkbər Cəfərov 1990-cı ildə dünyasını dəyişib, Müseyib Abbasov isə sağdır. Müseyibin evinə gedən Anna həmin kaseti də götürür. Anna deyir ki, sənətçinin ailəsi onları görəndə çox təəccüblənir: «Həmin vaxt Müseyibin 70 yaşı var idi. Gəlməyimizin səbəbini izah edəndə o, dərhal Alan Lomaksla 1964-cü ildə olan görüşünü xatırladı. Mən maqnitofonu işə saldım və Aşıq Əkbərin səsini eşidəndə Müseyibin gözləri yaşla doldu. O, bizə Azərbaycanın bölgələrində Aşıq Əkbərlə birlikdə olan çıxışları haqqında danışdı. Onlar 30 ilə yaxın birgə çıxışlar ediblər. 40 il yaşı olan lent yazısını dinləyən Müseyib bizi əmin etdi ki, bu səs onlara məxsusdur».
Bununla da, Anna Oldfild başladığı işi uğurla başa çatdırır. Bu hadisə əslində, həm tarixi nöqteyi-nəzərdən, xalqların bir-birinin mədəniyyətlərinə bəslədiyi hörmətin nümunəsi olaraq, həm də Azərbaycan aşıq musiqisinin tanınması baxımından böyük əhəmiyyət kəsb edir.
Digər yandan, sözügedən lent yazısı «soyuq müharibə» tarixinin bir parçasıdır. Amerika ilə SSRİ arasında münasibətlərin yüksək həddə çatdığı bir vaxtda Azərbaycan aşıq musiqisinin timsalında iki ölkənin mədəniyyəti arasında bir körpü yaranmış, mədəniyyətlərin qovuşması baş vermişdi. Azərbaycan musiqisi o zaman düşmən hesab edilən bir ölkənin sərhədini keçə bilmişdi. Bu isə zamandan və münasibətlərdən asılı olmayaraq, bir xalqın digərinin musiqisinə bəslədiyi hörmətə gözəl nümunədir.
Nəhayət, burada diqqəti cəlb edən məqamlardan biri də odur ki, ötən əsrin 60-cı illərində amerikalı folklorşünas Alan Lomaksın başladığı işi illər sonra elə onun həmyerlisi, amerikalı tədqiqatçı Anna Oldfild başa çatdırır. Bu illər ərzində Azərbaycan aşıq musiqisinin dünyada, o cümələdən Amerikada tanınması, təbliği imkanları da artıb. Sözsüz ki, Azərbaycan aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi bu imkanları daha da genişləndirəcək.
Mehparə Sultanova