Haqq aşığı
   
    Qaracaoğlan o xoşbəxt sənətkarlardandır ki, sərhədsiz söz dünyası zamanın sərhədlərini aşıb dünyanı həm öz, həm söz süzgəcindən keçirdi. Nəğmələri qanad açıb sözünü Yer üzünə yaydı.
      
   Qaracaoğlan sazın-sözün qüdrəti ilə hər şeyi mümkün edən bir övliya kimi tapdanmış yollarla getməyib, öz yolu, söz yolu olan bir sənətkara çevrildi. Elə bir sənətkara ki, öz dövründə və özündən sonrakı dövrlərdə türkdilli poeziya uzun müddət Qaracaoğlan sənətindən bəhrələndi. Onun xalqın ruhunu oxşayan nəğmələri, lirik şeirləri xalqın yaddaşına köçüb günümüzə qədər gəlib çıxdı.
   Tədqiqatçıların araşdırmalarına görə, Qaracaoğlan 1606-cı ildə Mut elinin Çuxur obasında tanınmış Sayıoğlu nəslinə mənsub ailədə anadan olub. Kiçik yaşlarından yayı Anadolu yaylalarında keçirən Qaracaoğlan ömrü boyu xalqa bağlı olmuş, gəzərgi həyat keçirmiş, Balkan ölkələrini, Şərq vilayətlərini, Azərbaycanı, İranı gəzmiş, şeirlərində də bu yerlərdən bəhs etmişdir.
   Təsadüfi deyil ki, Qaracaoğlanın şeirlərini orta əsr türk həyatının güzgüsü sayırlar. Bu güzgüdə xalqın həyatı, məişəti, adət-ənənələri ilə yanaşı, türk gözəllərinin sevgisi, zərif duyğuları, böyük məhəbbəti yüksək sənətkarlıqla tərənnüm olunur.
   
   Ala gözlü xallı dilbər,
   Xəlvət danış, söz edərlər.
   Söndürərlər can odunu,
   Ürəyimi buz edərlər.
   
   “Qaracaoğlanın şeir dünyası xalqın dünyasıdır” - deyən tədqiqatçılar haqlı olaraq onun nəğmələrinin uzunömürlü olmasının sirrini də şeirlərin xalqa sıx bağlı olması, etnoqrafik baxımdan zənginliyi ilə əlaqələndirirlər. Xalq dilinin incəlikləri və zənginliyi Qaracaoğlan yaradıcılığında olduğu kimi qorunub saxlanılır. Qaracaoğlan sənətinin ölümsüzlüyü də elə bundadır.
   
   Qaracaoğlan, gəz mərdilən,
   İşim yoxdur namərdilən.
   Fələk bizi bu dərdilən
   Qoyub qaçar demədimmi?
   
   Qaracaoğlan şeirlərində fikir daha oynaq, dil daha şirin, qafiyələr daha tutumludur.
   
   Qoyun mələr, quzu mələr,
   Su axıb çuxura gələr,
   Ağlayanlar bir gün gülər,
   Qəmlənmə, könül, qəmlənmə.
   
   Azərbaycan Qaracaoğlanın ikinci vətənidir. Qaracaoğlanın Gədəbəydə olması, Göyçədə yaşaması haqqında rəvayətlər də dolaşmaqdadır. XVI-XVII yüzillikdə yaşayıb yaratmış Qurbaninin, Sarı Aşığın təsiri Qaracaoğlan yaradıcılığında hiss olunduğu kimi, özündən sonrakı aşıqların - Aşıq Alının, Aşıq Ələsgərin və başqa sənətkarların yaradıcılığında da Qaracaoğlanın təsiri aydınca duyulmaqdadır.   

   Yeri, yeri, yalan dünya,
   Sənə gələn gedər bir gün.
   İnsan bir əkin misalı,
   Əkin-biçin bitər bir gün.
   
   Rəvayətlərin birində isə Qaracaoğlanın qədim bir zamanda yaşadığı söylənilir. XVII yüzillikdə yaşamış Aşıq Ömər bir beytində belə deyir:
   
   Öysüz aşıq deyişləri əsəldir,
   Qaracaoğlan isə köhnə məsəldir.

   
   Dastanlarda da Qaracaoğlan surətinə rast gəlinir. “Mahmud və Nigar” dastanında Qaracaoğlan bağban kimi iştirak edir, Bolqarıstanda yaşayan Rza Mollovun yazıya aldığı “Xan Mahmud” əfsanəsində də “Mahmud və Nigar” dastanındakı adlar eynidir, şeirlərin bir qismi də Qaracaoğlana məxsusdur.
   “Qaracaoğlan və Qaracaqız əfsanəsi” də Qaracaoğlanın həyatından, onun nakam məhəbbətindən bəhs edir. Qaracaoğlanla Qaracaqızın rəvayətləri isə Sarı Aşıqla Yaxşı rəvayətinə çox bənzəyir.
   
   Der Qaracaoğlan yanam, alışam,
   Axıb gedən göy sulara qarışam,
   Başıma gələni gərək danışam,
   Fələk məni nazlı yardan ayırdı.
   
   Bu gün də Azərbaycanda, Orta Asiyada, Türkiyədə, İranda və Avropanın türklər yaşayan bölgələrində Qaracaoğlan nəğmələri oxunur. Bizim aşıq məclislərində, sözləri Qaracaoğlana məxsus olan “xalq mahnısı”, “el havası” kimi çox sevdiyimiz mahnılar da var:
   
   Yar gərək yarın qeydinə,
   Qala yalvara-yalvara,
   Yüz naz ilə, qol boynuna,
   Sala yalvara-yalvara.
   
   Çoxları bilmir ki, bu mahnının sözləri də, bəstəsi də Qaracaoğlana məxsusdur.
   Qaracaoğlan ellər, ölkələr gəzsə də, ömrünün axırında Çuxurobaya qayıtmış, təxminən 1679-cu ildə vəfat etmiş, Qaracaoğlan təpəsi adlanan yerdə, istəklisi Qaracaqız da qarşı təpədə dəfn olunmuşdur.
   Qaracaoğlan öz yaradıcılığında sözlə musiqini birləşdirdi. Nəğmələri qanad açdı sözünü yer üzünə yaydı. Bu gün də ulu ozanın ruhu dünyanı qarış-qarış gəzir, sözü dünyadan, dünyanı sözdən keçirir. Mahnıları qədim türk ellərini sərhədsizləşdirir.
   
   Təranə Vahid