“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi milli-mənəvi dəyərlərimizin, şifahi xalq ədəbiyyatı, unudulmaqda olan xalq sənəti nümunələrimizin araşdırılması və təbliği ilə bağlı müxtəlif layihələr reallaşdırır.
“Ustadnamələr - milli dəyərlərimizin əlifbasını birgə oxuyaq” adlı növbəti belə layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
Öz unikallığı ilə seçilən Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrinin dünyanın mədəni irs siyahısına daxil edilməsi və beynəlxalq təşkilatlar tərəfindən himayə olunması, dövlətimizin böyük qayğısı ilə gələcək nəsillər üçün qorunub saxlanması onun dəyərindən və əhəmiyyətindən xəbər verir. Bugünkü qloballaşma şəraitində dünya vətəndaşı olmaq istəyi milli deqradasiya prosesi ilə təqribən eyni addımlayır. Lakin öz milli köklərinə daha sıx bağlı olmaqla da öz inkişafının ən yüksək zirvəsinə qalxan ölkələr də az deyil. Bu mənada bu gün bizim milli dəyərlərimizə daha dərindən sahiblənməyimiz gənc nəslin düzgün tərbiyə alması ilə yanaşı, dövlətimizin gələcəyinin etibarlılığının təminatıdır.
Şifahi xalq ədəbiyyatı və aşıq şeiri nümunələrimizə diqqətlə baxsaq, onlarda Azərbaycan cəmiyyətinə, xüsusən də gənc nəslə lazım olan çox hikmətlərin olduğunu görərik. Gənc nəslin milli ruhda tərbiyəsi baxımından, aşıq ədəbiyyatının ən gözəl nümunələrindən olan ustadnamələrin daha geniş şəkildə təbliği də mühüm önəm kəsb edir. Gənc nəslin təlim-tərbiyəsində milli dəyərlərimizdən və bu dəyərlərin əlifbası olan ustadnamələrimizdən istifadənin vacibliyini nəzərə alaraq onların təbliği və gənc nəslə çatdırılması bu layihənin əsasını təşkil edir.
Birlikdən verilən məlumata görə, layihə müddətində müxtəlif müəlliflərin ayrı-ayrı mənbələrdən toplanan ustadnamələri nəfis tərtibatda kitab halında çap ediləcək. Kitab çap olunduqdan sonra hazırda yaşayıb-yaradan Azərbaycan aşıqlarının iştirakı ilə konsert təşkil ediləcək və çap edilmiş kitablar bu konsertdə ictimaiyyətə paylanacaq. Layihənin iyul ayında yekunlaşması nəzərdə tutulub.