Bölgənin Yaxın Şərq və Qafqazda ən qədim yaşayış yeri olduğu müəyyənləşib
   
   Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndinin şimalında yerləşən Qədim Şahtaxtı Arxeoloji Kompleksində qazıntı işlərinə başlayıb.
   Arxeologiya və Etnoqrafiya İnstitutundan bildiriblər ki, kompleksin 5 hektarlıq sahəsində Şahtaxtı qədim yaşayış yeri, 10 hektarlıq sahəsində isə qəbiristanlıq yerləşir. Bu yaxınlaradək mənbələrdə Şahtaxtı qədim yaşayış yerinin tarixi 4000 il göstərilsə də, artıq onun tarixinin daha qədim - 8000 il olduğu müəyyənləşdirilib.
   Bu abidə Yaxın Şərqdə və Qafqazda insanların eneolit, yəni mis-daş dövründən indiyədək intensiv yaşadığı yeganə abidədir. Bütün tarixi dövrləri özündə birləşdirən bu qədim yaşayış yerində hazırda da insanlar yaşayır. Yeni qazıntılar zamanı eneolit dövründən əvvəlki dövrə - neolit dövrünə çıxa biləcəyik. Bununla da yaşayış yerinin tarixi daha da qədimlərə aid ediləcək.