Astara
   
   Mayın 25-də Astara Rayon Mərkəzi Kitabxanasında Respublika Gününə həsr olunmuş “28 May xalqımızın azadlığı günüdür” mövzusunda konfrans keçirildi. Konfransı rayon mədəniyyət və turizm şöbəsinin inspektoru Əfqan Şəfiyev açaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışdı.
   MKS-nin direktoru Nazim Fərəməzov çıxışında 1918-ci ilin 28 mayında elan edilmiş Xalq Cümhuriyyətinin Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizə tarixinin parlaq səhifəsi olduğunu vurğuladı. Qeyd olundu ki, müqəddəs amallar uğrunda mübarizə aparmış cümhuriyyət fədailərinin xatirəsini hər zaman yaşatmaq, xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifələrini gələcək nəsillərə çatdırmaq, dövlətimizi daha da möhkəmləndirmək, müstəqilliyimizi əbədi etmək hər birimizin şərəf və ləyaqət amalıdır.
   Tədbirdə Astara şəhər 4 saylı orta məktəbin direktoru Mircəfər Babazadə, şəhər 1 saylı orta məktəbin dil-ədəbiyyat müəllimi Zümrüd Ərçəyeva, Heydər Əliyev Mərkəzinin direktoru Gülnarə Məcidova, kitabxanaçı şairə Sakitə Əliyeva çıxış etdilər.
   Tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə sona çatdı.
   
   Kürdəmir
   
   Kürdəmirdə 28 May - Respublika Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Əsaslı yenidənqurmadan sonra ilk rayon şənliyinə ev sahibliyi edən “Gənc Heydərçilər parkı” bu münasibətlə bayramsayağı bəzədilmişdi.
   Burada Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən söz açan, müstəqil Azərbaycan dövlətinin inkişaf yolu, əldə olunan nailiyyətləri əks etdirən sərgi nümayiş etdirilmişdir. Tədbirdə ulu öndər Heydər Əliyevin tarixi xidmətləri, müstəqil respublikamızın çiçəklənməsi istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi nəhəng quruculuq işlərindən ətraflı bəhs olunmuşdur.
   Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev bayram şənliyində iştirak etmişdir.
   Tədbir rayonun incəsənət ustalarının iştirakı ilə böyük konsert proqramı ilə başa çatmışdır.