Rayonda tarix-mədəniyyət abidələrinin təmir-bərpası da nəzərdə tutulub

   Bərdə rayonunda mədəniyyət obyektlərinin təmiri və tikintisi, tarixi abidələrin bərpası diqqət mərkəzindədir. Rayon İcra Hakimiyyətindən bildiriblər ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Bərdədə uşaq incəsənət məktəbi tikilərək istifadəyə verilib, mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, mərkəzi kitabxana, 1 nömrəli şəhər kitabxanası, uşaq kitabxanası, Kolayır və Qaradırnaq kənd kitabxanaları, 1 nömrəli uşaq incəsənət, 3 nömrəli, Divanlı və Kolayır kənd uşaq musiqi məktəbləri, rəsm qalereyası təmir edilib, elektron kitabxana yaradılıb. Hazırda 1 nömrəli uşaq incəsənət məktəbi üçün yeni binanın tikintisi davam etdirilir. Şəhər mədəniyyət sarayının tikintisi üçün layihə-smeta sənədləri hazırlanıb.
   Dövlət Proqramında rayon ərazisində olan tarix-mədəniyyət abidələrinin bərpası da nəzərdə tutulub. Yaxın vaxtlarda Bərdə şəhərində “Allah-Allah” və “Axsadan baba” türbələrinin, İbrahim məscidinin və Şirvanlı kəndindəki hamamın bərpasına başlanılacaq.