Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemindən bildiriblər ki, bu il rayonda “Kitabxanalar ili”nin elan olunması ilə bağlı tədbirlər davam edir. Bu günlərdə “Nizami” adına istirahət parkında kitab bayramı keçirilib. Kitabı təbliğ etmək, mütaliəyə maraq yaratmaq məqsədilə açıq səma altında keçirilən aksiya rəğbətlə qarşılanıb.
   “Tarix yaradan şəxslər”, “Dahi şəxsiyyətin layiqli davamçısı”, “Uşaqların maraq dünyası”, “Xarici ədəbiyyat” mövzulu sərgilər oxucuların marağına səbəb olub.
   Kitabxanada M.F. Axundzadənin 200, M.Ə.Sabirin 150 illiyinə həsr edilmiş dəyirmi masalar təşkil olunub, Xurşidbanu Natəvanın 170, Mirvarid Dilbazinin 100 illik yubileyləri ilə əlaqədar şeir müsabiqələri keçirilib. Oxucu sorğusu olmayan kitablar kitabxana fondundan çıxarılıb, yeni nəşrlər əlavə edilib. Kitabxana 10 kompyuter, SD və DVD disklərlə təmin olunub.
   Hazırda Quba Mərkəzi Kitabxanasının yaradılmasının 80 illiyinə hazırlıq gedir.