20 noyabr - Beynəlxalq Uşaq Hüquqları Konvensiyası Günü münasibətilə Zaqatala Rayon Mədəniyyət Evində uşaqlar üçün bayram şənliyi keçirilib.
   
   Mədəniyyət və turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva bu günün planetin hər yerində “Dünya Uşaq Günü” kimi qeyd edildiyini diqqətə çatdırıb. Bildirilib ki, 1989-cu il noyabrın 20-də BMT Baş Məclisinin 44-cü sessiyasında “Uşaq hüquqları haqqında” Konvensiya qəbul edilib. Dünyanın 200-ə yaxın dövləti, o cümlədən Azərbaycan bu Konvensiyaya qoşulub.
   Tədbirdə Bakı şəhərindən gəlmiş Müslüm Maqomayev adına 26 nömrəli uşaq musiqi məktəbinin şagird və müəllimlərinin, habelə Zaqatala Rayon İncəsənət Məktəbi kollektivinin təqdim etdikləri rəngarəng konsert proqramı uşaqların ürəyincə olub.
   * * *
   Qax rayon MKS-nin Uşaq kitabxanasında “Biz hüquqlarımızı bilirikmi?” adlı dəyirmi masa keçirilib. Tədbiri kitabxananın müdiri Rüxsarə Babayeva açaraq Azərbaycan Respublikasında uşaq hüquqları ilə bağlı dövlət siyasəti, ölkəmizin BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmasının 20 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə respublikamızda “Uşaq hüquqları aylığı” keçirilməsi haqqında məlumat verib. Tədbirdə məktəblilər, müəllimlər, uşaq baxçasının rəhbərləri, rayon Mədəniyyət və Turizm Şöbəsinin inspektoru D.Əzizova iştirak ediblər.
   Dəyirmi masada uşaq hüquqları, dövlətin uşaqlara qayğı və diqqətindən söz açılıb.
   Tədbirdə fəal iştirak edən məktəblilərə MKS-nin rəhbərliyi tərəfindən “Göy qurşağı” jurnalı hədiyyə edilib.