Mayın 15-də Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi Masallı rayonunda dəyirmi masa təşkil edib.
Mərkəzin direktoru, fəlsəfə doktoru Ramazan Şabanov tədbiri açaraq ölkə Prezidenti İlham Əliyevin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" barədə danışıb. Tədbirin Milli Fəaliyyət Planının müvafiq bəndinin icrası ilə bağlı təşkil edildiyini bildirib. Direktor “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələr və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunla bağlı məruzə ilə çıxış edib.
Qafqaz Universitetinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundovanın “Mədəniyyət mərkəzlərinin fəaliyyət istiqamətləri və qeyri-maddi mədəni irsin qorunması təcrübəsi” mövzusunda məruzəsi dinlənilib.
Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktor müavini Nəzakət Rəhmanova “Ana dili milli dövlətçiliyin başlıca rəmzi kimi: Dövlət Proqramından irəli gələn vəzifələr. Dövlət qulluqçularının etik davranış məsələlərinin həllində nitq mədəniyyətinin rolu” mövzusunda məruzəsində bu sahədə mövcud olan problemlərə toxunub.
Dəyirmi masada müzakirə olunan daha bir məsələ cəmiyyətin inkişafında İKT-nin rolu, innovasiya və şəffaflığın artırılmasında elektron xidmətlərdən istifadə mexanizmləri, sənədlərin elektron dövriyyəsi və İKT-nin mədəniyyət müəssisələrində tətbiqi barədə olub. Mərkəzin informasiya-kommunikasiya və elmi təminat şöbəsinin müdiri Ruhiyyə Namazovanın bu mövzu ilə bağlı məruzəsi dinlənilib, müzakirələr aparılıb.