İyulun 29-dan etibarən Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına Mədəniyyət evinin qarşısında “Mütaliə həftəsi” adlı aksiya keçirilir.
   
   Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir oxucuların kitaba və kitabxanaya marağını daha da artırmaq məqsədilə təşkil edilib.
   Aksiyada “Tarix yaradan şəxsiyyət”, “Müstəqilliyimiz əbədidir”, “Doğma Qarabağım”, “Kitabxanalarımız bu gün”, “Azərbaycan folkloru”, “Dünyanı dolaşan mədəniyyətimiz”, “Uşaqların nağıl dünyası” və s. başlıqlı sərgilər nümayiş etdirilir. Həmçinin ədəbiyyatımızın görkəmli nümayəndələrinə həsr olunmuş “Mikayıl Müşfiq - 105”, “İslam Səfərli - 90”, “Əliağa Kürçaylı - 85”, “Məmməd Araz - 80”, “Cabir Novruz - 80” və s. sərgilər təşkil olunub.
   Ümumilikdə “Mütaliə həftəsi”nə 1000-ə yaxın kitab, 19 adda qəzet, jurnal, habelə xarici dillərdə çap məhsulları çıxarılıb. Sərgilərlə yanaşı, "Mütaliə stolu" təşkil edilib və yeni oxucuların kitabxanaya üzv olması üçün şərait yaradılıb.
   Tədbirin açılışında çıxış edən Quba rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elxan Məhərrəmov, MKS-nin direktoru Saməddin Nəsirov və başqaları kitab və mütaliənin təbliğində belə tədbirlərin əhəmiyyətini vurğulayıblar.
   Tədbirdə qubalı şair, yazıçı və ədəbiyyatşünaslardan Ramiz Qusarçaylı, Şıxəmməd Seyidməmmədov, Cabir Albantürk, Pirəli Rüklü, Kərim Dünyamalı, Abdulla Məmməd, Tahir Saleh, mədəniyyət işçiləri, məktəblilər, gənclər iştirak ediblər.