Avqustun 3-də Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) yazıçı Varislə görüş keçirilib.
"Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı, Quba rayon MKS, Gənclər və İdman İdarəsinin dəstəyi ilə Mərkəzi kitabxanada gerçəkləşən tədbirdə yerli yazarlar, gənclər iştirak edib.
"Yurd" İctimai Birliyinin sədri Ramin Mahmudov tədbiri açaraq yazıçı Varisin yaradıcılığı barədə danışıb.
Quba rayon MKS-nin direktoru Saməddin Nəsirov gənclərlə görüşə gəldiyinə görə yazıçıya təşəkkürünü bildirərək belə tədbirlərin müəllif-oxucu münasibətlərinin inkişafında, gənclərin kitaba marağının artmasında mühüm rol oynadığını deyib. Digər çıxış edənlər - yazar Kərim Dünyamalı, şair Cabir Albantürk və Mərkəzi kitabxananın uşaq şöbəsinin oxu zalı müdiri, şairə Rima Saçlı ədəbiyyatımızın bu günündən bəhs edib, Varisin çağdaş dövrün ruhuna uyğun əsərlərinə geniş oxucu marağı olduğunu vurğulayıblar.
Tədbirdə çıxış edən Varis ədəbiyyata gəlişindən, əsərlərinin yazılma tarixindən söhbət açıb, gələcək planları barədə məlumat verib, gənclərin suallarını cavablandırıb. Yazıçı bir sıra əsərlərini Mərkəzi kitabxanaya və oxucularına hədiyyə edib.