AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəmkir arxeoloji ekspedisiyası tərəfindən orta əsrlərə aid edilən Şəmkir qalasında aparılan qazıntılar zamanı Azərbaycan tarixinin öyrənilməsi baxımından qiymətli materiallar aşkar edilib. Ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru Tarix Dostuyevin sözlərinə görə, qazıntılar Mədəniyyət və Turizm Nazirliyi, Arxeologiya və Etnoqrafiya İnstitutu və “Regionların İnkişafı” İctimai Birliyinin birgə layihəsi əsasında aparılır.
Son qazıntıların nəticələri olaraq şəhər istehkamlarının öyrənilməsi, şəhər abadlığı, monumental memarlıq və yaşayış evlərinin tədqiqinə dair böyük uğurlar əldə edilib. Burada aşkarlanan maraqlı tapıntılar sırasında XI-XII əsrlərə aid olan və monqol işğalına qədər fəaliyyət göstərmiş paralel qoşa divarların, iç qala divarında şəhərin şərq darvazalarının və qəsr divarları ilə əhatə olunmuş monumental tikilinin üzə çıxarılmasını göstərmək olar.