Astara Rayon Mərkəzi Kitabxanasında “İnformasiya-kommunikasiya texnologiyaları ili”nə həsr olunmuş “Bəşəriyyətin ən böyük kəşfi kitabdır” mövzusunda VI uşaq kitab bayramı keçirilib.
   
   Tədbir iştirakçıları əvvəlcə kitabxananın foyesində nümayiş etdirilən “Odlar Yurdu Azərbaycan”, “Kitab mənəvi sərvətimizdir”, “Bəşəriyyətin ən böyük kəşfi kitabdır”, “Uşaqların nağıl dünyası”, “Nağıllar aləminə səyahət” və s. mövzularda kitab sərgiləri ilə tanış olublar.
   Astara Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şadoğlan Bayramov mərasimi açaraq ölkəmizdə 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə əlaqədar rayonda təşkil olunan tədbirlərdən danışıb. Mərkəzləşdirilmiş kitabxana sisteminin (MKS) direktoru Nazim Fərəməzov, təhsil şöbəsi müdirinin müavini, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin sədri Hacıbala Ramazanov, şairlər Faiq Həsənov, Aqil Ərəbov, Dilarə Azəri, İlham İlhami çıxış edərək uşaq kitab bayramının əhəmiyyətini vurğulayıblar.
   Bayram şənliyində məktəblilər ulu öndər Heydər Əliyevə, kitaba həsr olunmuş şeirlər söyləyiblər. Kijəbə qəsəbə mədəniyyət evinin xalq çalğı alətləri ansamblının hazırladığı rəngarəng konsert proqramı maraqla qarşılanıb.
   Sonda kitabxananın fəal oxucularından olan məktəblilərə MKS-nin fəxri fərmanları və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin hədiyyələri təqdim edilib.