Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə ənənəvi olaraq bu il də qaçqın və məcburi köçkünlərin məskunlaşdığı rayonlarda Novruz bayramı münasibətilə tədbirlər keçirilib.
Nazirliyin Regionlarla iş sektorunun məsləhətçisi Elçin Hüseynovdan aldığımız məlumata görə, martın 17-də Tərtər rayonunda, 18-də isə Goranboyun mərkəzi meydanında mədəniyyət və incəsənət ustalarının iştirakı ilə konsert proqramları təşkil olunub. Xalq artistləri Canəli Əkbərov, Cəmilə Bayramova, əməkdar artistlər Azad Şükürov, Zakir Əliyev, aşıq Solmaz Kosayeva, musiqiçilər Altay Niftəliyev, Araz Ağaverdiyevin ifaları, eləcə də rayonlarda fəaliyyət göstərən müğənnilərin çıxışları sakinlər tərəfindən coşqu ilə qarşılanıb. Konsert proqramlarını minlərlə insan izləyib. Novruz bayramının personajları Kosa və Keçəlin duzlu-məzəli zarafatları xüsusilə uşaqların böyük sevincinə səbəb olub.
Proqramın təşkilinə hər iki rayonun İcra Hakimiyyətinin nümayəndələri, mədəniyyət və turizm şöbələrinin tabeliyində olan mədəniyyət müəssisələrinin əməkdaşları yaxından kömək ediblər.

Fəxriyyə