23 aprel Dünya Kitab və Müəllif Hüquqları Günüdür
Kitab! Cəmi beş hərf. Amma yaşından vəzifəsindən asılı olmayaraq hər kəsin həyatında ən önəmli vasitədir bu kitablar. Kitab biliyə yol açan bilik mənbəyidir. İki min ildən çox tarixi olan dünya kitab sənəti müxtəlif mərhələlərdən keçərək günümüzə gəlib çıxıb.
Kitab insan beyninin, insan düşüncəsinin kağız üzərinə köçürülmüş məhsuludur. Hər bir insan hələ körpəlikdə şəkilli kitablara baxa-baxa, onları vərəqləyə-vərəqləyə böyüyür. Sonra bu şəkilli kitablar “Əlifba” ilə, dərsliklərlə, sonra ali məktəb kitabları ilə əvəz olunur. Bir sözlə, hər bir kəs hələ uşaq ikən kitabla dostluq edə-edə, ondan bəhrələnərək böyüyür. Demək kitab, hər bir insan ömrünün bir parçası, sabahkı gününün açarı hesab olunur. Hələ məktəb illərində müəllimlərimizin bizə ən böyük tövsiyəsi kitaba hörmət etmək olub. Ona görə də kitaba hər zaman hörmət və məhəbbətlə yanaşmışıq.
İndi kompyuter dövrü, informasiya əsri olsa da, kitabın rolu, kitabın yeri heç vaxt itmir, kitab həmişə olduğu kimi indi də öz dəyəri ilə öndədir. Mən evdar qadın və fəhlə işləyən bir nəfərin səlis danışığına heyranlıqla qulaq asmışam. Elə də böyük savadı olmayan bu insanlardan bu qədər gözəl nitq mədəniyyətinə necə sahib olduqları ilə maraqlanmışam. Hər ikisi çoxlu kitab oxuduqlarını qeyd ediblər. O zaman anladım ki, kitab insana böyük savad verməklə yanaşı, həm də insanda gözəl dünyagörüşü və səlis nitq yaranmasına səbəb olur. Ona görə də üzümü tutub hər bir kəsə deyirəm. Gəlin, kitablarımızı sevək, onların dəyərini, qiymətini düzgün verməyi bacaraq.
Kitabxanalarımız da hər zaman oxuculara böyük diqqət və qayğı ilə yanaşır. Boş vaxtlarını kitab oxumaqla mənalandıran insan heç nə itirmir, əksinə, çox şey qazanmış olur. Əziz oxucular, insan həyatında ən önəmli yer tutan bu adı sadə, özü isə insan həyatı üçün ən önəmli rol oynayan bu kitabların qədrini bilək, onlara hörmət və məhəbbətlə yanaşaq. Həyatda azdan-çoxdan nə qazanmışıqsa, biz onlara borcluyuq.
Aprelin 23-ü Dünya Kitab və Müəllif Hüquqları Günü kimi qeyd olunur. Bu günü əlinə kitab alan hər bir insan üçün böyük bir bayram hesab edirəm. Gəlin, kitabların heç nə ilə əvəzolunmaz dəyərini bilək və hər birimiz bu günü bayram kimi qeyd edək. Çünki kitaba olan borcumuz - yəni bilik, savad borcumuz çox böyükdür.
Məryəm Əliyeva,
Kürdəmir rayon MKS-nin metodika-biblioqrafiya şöbəsinin baş biblioqrafı