Bölgələrdə Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbirlər

Qax rayon Səməd Vurğun adına Mədəniyyət mərkəzində 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “Tarixin qan yaddaşı” adlı tematik gecə keçirilib. Çıxış edənlər ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı haqqında məlumat verərək, gənc nəsli belə faciələrimizi, tarixi müsibətləri unutmamağa səsləyiblər. Mərkəzin əməkdaşı Vüsalə Mustafayeva soyqırımına həsr olunmuş hekayəni səhnələşdirərək təqdim edib.
* * *
Şamaxı rayon Mədəniyyət və Turizm Şöbəsinin mədəniyyət müəssisələrində mart soyqırımına həsr edilmiş anım tədbirləri, ədəbi-bədii kompozisiyalar keçirilib, sərgilər təşkil olunub. İncəsənət Təhsili Mərkəzində “Əsrin ən böyük faciəsi” adlı ümumrayon anım mərasimi keçirilib. Əvvəlcə Rəssamlıq şöbəsinin hazırladığı sərgiyə baxış olub, sonra məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya və sənədli film nümayiş etdirilib.
* * *
Quba rayon MKS-nin Mərkəzi kitabxanasında “Tariximizin faciəvi səhifəsi” adlı dəyirmi masa təşkil olunub. MKS-nin direktoru Saməddin Nəsirov Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün dönəmlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməllər törətdiklərini diqqətə çatdırıb. Digər çıxış edənlər də ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərdən söz açıblar. Sonda mövzuya dair sərgiyə baxış olub.
* * *
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində də mart soyqırımı ilə bağlı anım mərasimi keçirilib. “31 mart 1918-ci il” mövzusunda təşkil olunan sərgidə həmin dövrlərin qanlı hadisələrini əks etdirən tarixi materiallar nümayiş etdirilib.
* * *
Neftçala rayon MKS-nin Həsənabad qəsəbə kitabxana filialı “Unudulmayan tarix” adlı məlumat günü keçirib. Kitabxanaçı S.Ağayeva çıxış edərək bildirib ki, 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş qırğınlar əsrin sonunda, Ermənistan ərazisindəki dədə-baba yurdlarımızda və Qarabağda davam etdirilib. Tədbirdə kitabxananın fəal oxucuları vətənə və şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.
* * *
Ağstafa rayon Mərkəzi kitabxanasında keçirilən dəyirmi masada MKS-nin direktoru İ.Namazova 1918-ci ilin mart qırğınlarından söz açıb. “Saxta erməni iddiaları və soyqırımı həqiqətləri”, “XX əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi terror aktları”, “Tarixin yaddaşından silinməyəcək cinayətlər” və s. mövzularda çıxışlar dinlənilib. Sonda sərgi nümayiş etdirilib.
* * *
Şirvan şəhər Mərkəzi kitabxanasında “XX əsrin dəhşətli faciəsi” adlı tədbir keçirilib. Xidmət şöbəsinin müdiri İlhamə İmanova mövzu ilə bağlı çıxış edib. Baş biblioqraf Alma Cəfərova 1998-ci ilin martın 26-da Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanın tarixi həqiqətlərini dünyaya tanıdılması baxımından əhəmiyyətini qeyd edib.