Sumqayıt şəhərində Nizami Gəncəvi adına kitabxana-klubda Milli Qəhrəmanlar Alı Mustafayev, Allahverdi Bağırov, Şövqiyar Abdullayevin xatirəsinə həsr olunmuş “Qəhrəmanlığa aparan yol” başlıqlı anım günü keçirilib. Tədbirdə iştirak edən ziyalılar vətənpərvərlik mövzusunda fikirlərini bölüşüblər, şairlər vətənsevərlik ruhlu şeirlər söyləyiblər.
Şəhərdəki Mədəniyyət evində isə Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş ədəbi-bədii kompozisiya təşkil olunub. Gənc müğənnilərin ifasında vətənpərvər ruhlu mahnılar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
* * *
Goranboy Dövlət Rəsm Qalereyasında şəhid Bəxtiyar Hüseynovun xatirəsinə həsr edilmiş "Vətən sağ olsun!" adlı sərgi açılıb. Sərgidə Goranboy şəhər incəsənət məktəbinin rəssamlıq şöbəsinin müdiri Əzanə Qarayevanın şagirdlərinin 20-dən çox rəsmi nümayiş olunub. Şəhər 3 saylı məktəbin şagirdlərinin işləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
* * *
Göyçay rayon M.Ə.Sabir adına Mərkəzi kitabxanada hərbi-vətənpərvərlik mövzusunda “Ordumuz şərəfimizdir” adlı tədbir keçirilib. MKS-nin direktoru Rövşən Balayev, Göyçay Dövlət İdarəetmə Kollecinin müəllimi Vüqar Qurbanov, Əli Səmədli adına Arvan kitabxanasının müdiri Mətanət Məhərrəmova və başqaları igid hərbçilərimizin erməni işğalçılarına layiqli cavab verdiyini diqqətə çatdırıblar.
* * *
Goranboy rayon Mərkəzi kitabxanasının oxu zalında “Vətən mənə oğul desə, nə dərdim” başlıqlı dəyirmi masa təşkil olunub. MKS-nin direktoru Gülnarə Nəsibova, oxu zalının müdiri Sevda Əliyeva, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mehdi Səfərov hərbçilərimizin düşmənə zərbə vuraraq döyüşlərdə rəşadət göstərməsi barədə danışıblar.
* * *
Quba rayon MKS-nin Mərkəzi kitabxanasında “Torpaqlarımızı düşməndən azad etməyə hazırıq!” adlı elmi-praktik konfrans keçirilib. MKS-nin direktoru Saməddin Nəsirov belə tədbirlərin gənclərin vətənpərvərlik ruhunun yüksəlməsində önəmini vurğulayıb. “Nurlu sabah” gənclər təşkilatının katibi Məhəmməd Abbasov, kitabxananın əməkdaşı Nigar Nadirova və digər çıxış edənlər Azərbaycan Ordusunun qüdrətindən söz açıblar.
* * *
Siyəzən rayon Mədəniyyət mərkəzində təşkil olunan "Vətəni sevmək azdır..." adlı dəyirmi masada Qarabağ müharibəsi veteranları, Qarabağ əlilləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib. Çıxış edənlər ordumuzun işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadir olduğunu bildiriblər.
* * *
Kürdəmir rayon Mərkəzi kitabxanasında “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı dəyirmi masa təşkil edilib. MKS-nin direktor müavini İ.Mahmudova aprel ayının əvvəllərində cəbhə bölgəsində baş verən hadisələr, Azərbaycan Ordusunun düşmənə layiqli şəkildə cavab verməsi barədə söhbət açıb. Mərkəzi kitabxananın hazırladığı kürdəmirli şəhidlər - baş leytenant İsmayılov Əbubəkr Vüqar oğlu və Qurbanov Tural Gürşad oğlunun xatirəsinə həsr edilmiş slayd, videomaterial və ədəbi kompozisiya nümayiş etdirilib.
* * *
Zərdab rayon MKS-nin Yarməmmədbağı kənd kitabxana filialı İ.Nəsimi adına kənd orta məktəbi ilə birlikdə “Sizinləyik, Azərbaycan əsgəri!” adlı tədbir keçirib.
Məktəbin direktoru Kamal Sultanov, kitabxananın müdiri O.Əzizova son günlər cəbhə bölgəsində baş verən hadisələr barədə tədbir iştirakçılarına məlumat veriblər. Şagirdlər vətənsevərlik ruhunda şeirlər söyləyiblər.
* * *
Xaçmaz rayon Mərkəzi kitabxanası İ.Qayıbov adına 3 saylı orta məktəbdə “Şəhidlər ölməz - Vətən bölünməz!” başlığı altında tədbir keçirilib. Çıxışlardan sonra 3 saylı məktəbin şagirdləri vətənə, torpağa, ordumuza həsr olunmuş şeirlər söyləyiblər.