Düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçu Rəşid Rövşən oğlu Mehdiyevin layiq görüldüyü “İgidliyi görə” medalı onun ailəsinə təqdim edilib.
Mayın 7-də Salyandakı Heydər Əliyev Mərkəzində Müdafiə Nazirliyinin, rayonun rəhbər işçilərinin, ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi mərasimdə şəhidin qısa, lakin mənalı ömür yolundan ətraflı söhbət açılıb.
Bildirilib ki, Rəşid Mehdiyev rayonunun Xələc kəndində dünyaya göz açsa da, şərəfli ölümü ilə bütün Azərbaycanın övladı oldu. İndi onun keçdiyi döyüş yolu hamı üçün örnəkdir.
Rəşid Mehdiyevin ölümündən sonra təltif olunduğu medalı rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani şəhidin anası Məxfurə Mehdiyevaya təqdim ediblər.