Məktəbəqədər və kiçik məktəb yaşlı uşaqların formalaşmasında televiziya verilişləri, teatr tamaşaları mühüm rol oynayır. Məzmunundan asılı olaraq uşaqlara təqdim olunan hər bir əyləncəli tamaşa tərbiyəvi xarakter daşımalı, cəlbedici olmalıdır. Bunun üçün folklor nümunələrinin səhnələşdirilmiş variantlarından istifadə etmək mümkündür. Nağılın səhnələşdirilməsində bütün bu keyfiyyətlər saxlanılmaqla ona yeni çalarların verilməsi, rəqs nömrələri, mahnılar, oyunlar əlavə olunması tərbiyə imkanlarını bir qədər genişləndirir, tamaşanı cəlbedici edir.
Şəki Dram Teatrının mart ayında Novruz bayramı münasibətilə uşaqlar üçün hazırladığı əyləncəli tamaşa da bu baxımdan maraqlı idi.
Tamaşa mövzu baxımından zəif olsa da, artistlər tərəfindən maraqla ifa olunurdu. Heyvan obrazları ifaçıların səsinə görə düzgün bölüşdürülmüşdü. Quruluşçu rejissor mövzuya milli xarakter verməklə yanaşı, dünya uşaq ədəbiyyatına da müraciət edə bilərdi.
Uşaqların sevə-sevə oxuduqları Korney Çukovskinin əsərinin qəhrəmanı olan Aybolit bütün heyvanların, quşların həkimidir. O, meşədə heyvanların köməyinə çatır və həmişə də müsbət qəhrəman kimi tanınır. Tamaşada isə həkim Aybolit və onun köməkçisi mənfi obraz kimi verilmişdi.
Müxtəlif yaş səviyyəsində olan uşaqlar üçün nəzərdə tutulan tamaşalarda vaxt məsələsi də önəmlidir. Bunun üçün isə tamaşa daha əyləncəli və cəlbedici olmalıdır. Bu cəhətdən də məktəbəqədər yaşda olan kiçik uşaqlar üçün kukla teatrı daha münasib səhnə ocağıdır. Şirmada canlanan kuklalar uşaqları tamamilə başqa bir aləmə, canlı oyuncaqlar aləminə aparır. Bu aləmdə hər şey uşaqlara qəribə, eyni zamanda mümkün olan bir şey kimi görünür.
Təəssüf ki, ildən-ilə artmaqda olan məktəbəqədər tərbiyə müəssisələrinin ehtiyacını təmin etmək üçün professional kukla teatrlarımızın sayı hələ azdır. Şəki şəhərində də belə bir teatrın yaradılması yaxşı olardı.
R.Nemətova
Şəki şəhər 4 saylı uşaq bağçasının müdiri