Mayın 31-də Ağcabədi rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən kurs və dərnəklərin buraxılış mərasimi keçirilib. Öncə dərnək üzvlərinin əl işlərindən ibarət sərgi nümayiş olunub.
Mərkəzin qarşısında davam etdirilən tədbirdə “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvü Gülər İsmayılova dərnəklərin fəaliyyəti haqqında məlumat verib. Mərkəzin direktoru Məhsəti Musa, rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva, “Həvəskar aktyorluq və bədii qiraət” kursunun rəhbəri Gündüz Sevindik çıxış edərək kursu bitirən gənclərə uğurlar arzulayıblar.
Sonra kursun şagirdlərinin ifasında səhnəciklər, ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Şəhər 1 və 4 saylı orta məktəblərin, 1 və 5 saylı uşaq bağçalarının rəqs qrupları da öz ifaları ilə tədbirə rəng qatıblar.
Mərkəzin təşkil etdiyi müsabiqələrin qalibləri və tədbirlərdə fəallıq nümayiş etdirən 5 saylı körpələr evinin kollektivi fəxri fərmanla təltif edilib. Kursu və dərnəkləri bitirənlərə sertifikatlar verilib.