Salyan rayon Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir 1993-cü ilin iyun hadisələrindən bəhs edən sənədli filmin nümayişi ilə başlayıb. Çıxışlarda ulu öndər Heydər Əliyevin taleyüklü məqamda respublikada hakimiyyətə qayıdışı və müstəqil dövlətçiliyin xilası yolunda xidmətlərindən söz açılıb. Şagirdlərin ifasında şeir kompozisiyası təqdim olunub.
* * *
Cəlilabad rayon MKS-də Milli Qurtuluş Günü münasibətilə ədəbi-bədii gecə təşkil olunub. MKS-nin direktoru E.Hüseynov və digər çıxış edənlər bu günün tarixindən, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışıblar. 8 saylı orta məktəbin şagirdlərinin ifasında şeirlər səslənib, musiqi nömrələri təqdim olunub.
* * *
Quba rayon MKS-nin Mərkəzi kitabxanasında “Multikulturalizm ili” ilə əlaqədar “Azərbaycanda multikulturalizm yaşam tərzidir” adlı tədbir keçirilib. MKS-nin direktoru Saməddin Nəsirov çıxış edərək bildirib ki, multikultural dəyərlərin qorunması Azərbaycan dövlətinin ən böyük nailiyyətlərindən biridir. Bu səpkidə rayonumuzda müxtəlif tədbirlər keçirilir. Mövzu ilə bağlı məruzələr dinlənilib.
* * *
Quba şəhər Nizami adına mədəniyyət və istirahət parkında isə rayon İcra Hakimiyyəti və Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə Beynəlxalq Uşaqları Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Mərkəzi kitabxananın Uşaq şöbəsi tərəfindən təşkil edilən kitab və uşaqların əl işlərindən ibarət sərgilər, “Nağıl otağı” böyük maraqla qarşılanıb.