“Mədəniyyət müəssisələrinin fəaliyyətinin turizm sahəsi ilə əlaqələndirilməsi haqqında” Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinin icrası ilə bağlı yaradılmış işçi qrupu bölgələrdə görüşlər keçirərək bu istiqamətdə tədbirlər planını müzakirə edir.
Aprel ayında Şəkidə keçirdiyi görüşün nəticəsi olaraq iyunun əvvəlindən Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsi tərəfindən silsilə mədəni-kütləvi tədbirlər təşkil olunur.
Yay teatrında 2, 3, 4 saylı və Turan uşaq musiqi məktəblərinin, Şəki uşaq incəsənət məktəbinin hesabat konsertləri, Qala meydanında mədəniyyət və folklor evlərinin musiqi və rəqs kollektivlərinin, rayondakı Respublika Atçılıq və Turizm Mərkəzinin atlılardan ibarət qrupunun çıxışları əcnəbi və yerli turistlərin marağına səbəb olub. Tədbirlərin avqustun sonunadək davam etməsi nəzərdə tutulub.