Balakən rayon Mədəniyyət mərkəzində regional konfrans keçirilib

Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, etnik-dini dözümlülük mühiti tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.
Bu fikir iyulun 27-də Balakən rayon Mədəniyyət mərkəzində keçirilən “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfransda səsləndirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, rayon İcra Hakimiyyəti və Dövlət Sərhəd Xidmətinin Zaqatala sərhəd dəstəsinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Zaqatala, Balakən və Qax rayonlarında fəaliyyət göstərən din xadimləri, ilahiyyatçılar, ictimaiyyətin nümayəndələri, N saylı hərbi hissənin zabit və əsgərləri iştirak ediblər.
Konfrans DQİDK-nın sifarişi ilə çəkilən, dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azad Balayev çıxış edərək bildirib ki, 20-dək milli azlığın yaşadığı Balakən həmişə tolerantlığı və multikultural dəyərləri ilə tanınıb. Burada müxtəlif xalqların nümayəndələri uzun illərdir ki, dostluq və mehriban qonşuluq şəraitində yaşayırlar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, müxtəlif dini inanclara malik insanların əsrlər boyu sülh şəraitində yaşadığı Azərbaycan dünyaya nümunə olacaq bir ölkədir. Ölkəmizdə hökm sürən multikultural və tolerant mühitin ideoloji prinsiplərinin ana xəttini ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq təşkil edir. Azərbaycanda milli mənəvi dəyərlərə, burada yaşayan xalqların adət-ənənələrinə həmişə hörmətlə yanaşılıb.
Komitə sədri diqqəti son dövrlər dünyada islam dinini radikalizmə sürükləmək meyillərinin artmasına çəkərək, bu sahədə maarifləndirmə işinin vacibliyini xüsusi vurğulayıb. Bildirilib ki, dini radikalizm və ekstremizmə qarşı mübarizənin gücləndirilməsi üçün ölkəmizdə mühüm qanunvericilik bazası yaradılıb.
Konfransda iştirakçıların sualları cavablandırılıb.