Qız qalaları Azərbaycan ərazisində geniş yayılmış tarixi tikililərdəndir. Bu adda qalalar Bakı, İsmayıllı, Şəki, Şamaxı, Qəbələ, Oğuz, Qazax, Yardımlı, Gədəbəy, Naxçıvan Muxtar Respublikası və Qarabağ ərazisində mövcuddur.
İsmayıllı rayonu ərazisindəki Qız qalası Xənəyə (Xanəgah) kəndindən şimalda, Axox çayının sağ sahilində, hündür qayanın üstündə yerləşir. Ümumi sahəsi 1,5 hektar olan qala üç - şərq, şimal-şərq və cənub-şərqdən sıldırım qayaların, qərb tərəfdən isə Qarasu dərəsinin əhatəsindədir. Qalaya yeganə yol Qarasu dərəsi ilə qalxır. Bu yerlər də yonulmamış çay daşı və kirəc məhlulundan inşa edilən xüsusi müdafiə divarı ilə möhkəmləndirilib.
Xanəgahdakı Qız qalasında kəşfiyyat xarakterli tədqiqatlar ötən əsrin 60-cı illərində aparılıb. Tikinti materiallarının qalıqları ilə sonrakı dövrə aid bərpa elementləri arasındakı fərqlilik nəzərə alınmaqla, qalanın IX-XI əsrlərdə tikildiyi güman edilir. Arxeoloq, tarix elmləri doktoru, professor Qafar Cəbiyev qalanın tikilmə tarixinin VII-VIII əsrlərə aid olduğu qənaətindədir.
Xalq arasında qız qalaları barədə bir-birindən fərqli çoxlu əfsanələr yayılıb. Əlbəttə, bu qalaların hamısı istinasız olaraq müdafiə qalalarıdır. Gələcək kompleks tədqiqatlar Azərbaycanın sirli xəzinələri olan bu cür tikililər barədə, o cümlədən İsmayıllıdakı Qız qalası haqda tarixi həqiqətləri üzə çıxaracaq.