Lənkəranda silsilə konsert proqramları
Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Q.Vəliyev adına Mədəniyyət mərkəzi tərəfindən “Yurdum, yuvam, məskənimsən, Azərbaycanım” adlı silsilə konsert tədbirləri keçirilir.
İlk tədbir iyulun 28-də təşkil olunub. Mədəniyyət mərkəzinin direktoru Hafiz Mirzə, şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Vüsal Nəsirli keçirilən mədəni-kütləvi tədbirlərin əhəmiyyətindən danışıb, bu işdə hər bir mədəniyyət işçisinin fəal olmasının vacibliyini vurğulayıblar.
Sonra tədbirdə mədəniyyət işçilərinin hazırladığı konsert proqramı təqdim olunub. Vüsal Ağayev, Elgün Əlizadə, Rəhim Hüseynov və Kənarmeşə kənd Sənətkarlıq evinin dərnək üzvlərinin ifasında şən mahnılar səsləndirilib. Mədəniyyət mərkəzinin bədii qiraət dərnəyi üzvlərinin, “Çölləmə”, Girdəni kənd Diyarşünaslıq evinin, Boladi Folklor klubunun rəqs kollektivlərinin təqdim etdiyi nömrələr tamaşaçıların marağına səbəb olub.