Lerik rayonu Hamarat kənd kitabxanasında Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş “Ana dili milli varlığımızın aynasıdır” mövzusunda tədbir keçirilib.
Kitabxananın müdiri Sədaqət Əsgərova çıxış edərək əlamətdar günün tarixindən danışıb. Bildirib ki, 2001-ci il avqustun 1-də ulu öndər Heydər Əliyevin siyasi iradəsi sayəsində respublikamızda latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırılıb və bu tarix Azərbaycan əlifbası və Azərbaycan dili günü elan olunub.
Hamarat kənd məktəbinin müəllimi Şahin Hacıyev “Dil xalqın mənəviyyatıdır” mövzusunda məruzə ilə çıxış edib. Şair Vüqar Həmati Azərbaycan dilinin qüdrətindən söz açıb.
Sonda məktəblilər ana dilimizi vəsf edən şeirlər söyləyiblər. Fərqlənən şagirdlərə Daster kənd bələdiyyəsinin hədiyyələri təqdim olunub.
Zəfər Orucoğlu
Lerik