“Açıq kitabxana” layihəsi, səyyar kitabxana xidməti və kitabxanalarda “yay məktəbi” böyük maraq doğurub

Sumqayıt şəhər Mərkəzi kitabxanasının Uşaq şöbəsində, N.Gəncəvi adına Kitabxana-klubda, M.Ə.Rəsulzadə adına kitabxana filialında, Mərkəzi Uşaq kitabxanasında, M.Ə.Sabir adına kitabxana filialında və digər filiallarda “yay məktəbi” təşkil olunub.
Tədbirdə uşaqlara “Mən biləni sən də bil” adı altında əl işlərinin hazırlanması da öyrədilir, intellektual yarışlar keçirilir. Kitabxana əməkdaşlarının “Yaya kitabla”, “Kitabla böyü”, “Mən oxudum, sən də oxu” devizi ilə parklarda və istirahət məkanlarında təqdim etdikləri səyyar sərgilər də maraqla qarşılanıb. “Açıq kitabxana” layihəsi çərçivəsində Nəsimi adına mədəniyyət və istirahət parkında “yay zalı” təşkil edilib.
* * *
Ağdaş rayon MKS-yə daxil olan kitabxanalar əhaliyə göstərilən xidmətin səviyyəsini yüksəltməyə çalışırlar. Kitabxananın xidmət etdiyi ərazidə yaşayan yaşlı oxuculara evlərdə və istirahət məkanlarında səyyar kitabxana xidməti göstərilib. Mərkəzi kitabxananın, 3 və 62 saylı şəhər kitabxanaları, Cardam, Yenicə, Aşağı Ləki, Şıxlı, Orta Qəsil, Aralbir, Aşağı Zeynəddin, Cüvə kənd kitabxanaları bu işdə fəallıq göstərirlər.
* * *
Yay turizm mövsümü ilə əlaqədar Balakən rayon Mərkəzi kitabxanası Heydər Əliyev parkında səyyar kitabxana xidməti təşkil edib. Səyyar xidmətin təşkilində məqsəd insanların asudə vaxtının səmərəli təşkilinə, əhalinin istirahətinin mənalı və maraqlı keçməsinə, onların kitabxanalara cəlb olunması və kitaba marağın artırılmasıdır.
* * *
Saatlı rayon MKS üzrə 4 səyyar kitabxana fəaliyyət göstərir. Saatlı şəhərinin mərkəzində yerləşən Mərkəzi kitabxananın qarşısındakı parkda kitab sərgisi və səyyar kitabxana xidməti təşkil edilib. 320-dən çox kitabın nümayiş olunduğu “Dinimiz - mənəviyyatımız”, “Mədəniyyət yenilikləri”, “Yeni kitablar”, “Azərbaycanın multikultural dəyərləri” və s. başlıqlı sərgilər maraqla qarşılanıb və onlar kitabxanaya üzv yazılıblar.
* * *
Qazax rayon MKS-nin Kəmərli kənd kitabxana filialı açıq havada səyyar kitabxana xidməti təşkil edib. Mütaliə həvəskarlarına müxtəlif mövzularda 300 nüsxə kitab nümayiş olunub. Sakinlərin böyük marağına səbəb olan səyyar kitabxana xidmətinin digər məkanlarda da təşkili nəzərdə tutulub.
* * *
M.Ə.Sabir adına Göyçay rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə hər həftə rayonun mərkəzi küçələrində və əhalinin daha sıx olduğu məkanlarda açıq kitabxanalar təşkil edilir. Sakinlər nümayiş olunan kitab sərgilərinə böyük maraq göstərirlər.
* * *

Xaçmaz rayon MKS-nin təşkilatçılığı ilə Nabran istirahət zonasında “Açıq kitabxana” layihəsi çərçivəsində növbəti səyyar kitabxana xidməti turistlərə təqdim olunub. “Dənizçi” və “Jalə” istirahət mərkəzlərindəki turistlər göstərilən xidmətdən razılıqlarını bildiriblər.
* * *
Qusar rayon Mərkəzi kitabxanasında "Mütaliə həftəsi" çərçivəsində tədbir keçirilib. Kitabxanaçıların, təhsil və səhiyyə işçilərinin, çoxsaylı oxucuların iştirak etdiyi tədbirin keçirilməsində məqsəd əhaliyə və turistlərə göstərilən kitabxana xidmətinin səviyyəsini yüksəltməkdir. Rayonun Zindan Muruğ, Ləcət, Çiləgir və digər kəndlərində bu qəbildən tədbirlər təşkil olunub.
* * *
Gədəbəy rayon MKS-nin təşkilatçılığı ilə Heydər Əliyev adına parkda, “Eldorado” mehmanxanasında və digər yerlərdə “Səyyar kitabxana”, ”Mütaliə həftəsi”, ”Açıq kitabxana” xidməti davam etdirilir. Parkda təşkil olunan "Uşaq guşəsi", "Mən oxudum, sən də oxu" başlıqlı kitab sərgilərində Azərbaycanın tarixinə, ədəbiyyatına, ekologiyaya, turizmə həsr olunmuş kitab jurnallar oxucular tərəfindən maraqla qarşılanıb.
* * *
Mingəçevir şəhər M.P.Vaqif adına Mərkəzi kitabxana və Uşaq şöbəsi, eləcə də kitabxana-filiallarda “yay məktəbi” fəaliyyətini davam etdirir. Kitabxana işçiləri yay məktəbinin oxucularına həvəslə xidmət edir, onların sorğularını ətraflı cavablandırırlar. Bu işlərdə əsas məqsəd uşaqların kitaba, ədəbiyyata marağını artırmaq, yeni nəşr olunan əsərlərlə onları tanış etməkdir.
* * *
Tərtər rayon MKS-nin təşkilatçılığı ilə Heydər Əliyev parkında “Açıq kitabxana” layihəsi çərçivəsində tədbirlər davam etdirilir. Müxtəlif elm sahələrinə aid olan və son illərdə MKS-nin fonduna daxil olunmuş yeni kitablar və dövri nəşrlər nümayiş etdirilib.
* * *
Masallı rayon Mərkəzi kitabxanası “Mütaliə həftəsi” çərçivəsində Heydər Əliyev adına mərkəzi parkda və “İsti su” istirahət mərkəzində səyyar sərgilər təşkil edib. Tədbirdə kitabxana fonduna yeni daxil olmuş müxtəlif mövzuda kitablar nümayiş etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar