Eramızdan əvvəl IV minilliyə aid qiymətli tarixi faktlar aşkarlanıb
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran arxeoloji ekspedisiyası Şabran rayonunun Aygünlü kəndi ərazisində yerləşən Çaqqallıqtəpə abidələr kompleksində ilkin arxeoloji qazıntıları başa çatdırıb. Hazırda qazıntılar zamanı əldə olunan arxeoloji materialların kameral işlənməsi prosesi davam etdirilir.
Ekspedisiyanın rəhbəri Səfər Aşurov bildirib ki, ilkin tədqiqatlar nəticəsində bu qədim yaşayış məskəninin Kür-Araz mədəniyyətinin digər abidələrindən fərqli xüsusiyyətləri üzə çıxıb. Azərbaycan ərazisindəki Erkən Tunc dövrü abidələrindən ilk dəfə olaraq Çaqqallıqtəpədə dörd memarlıq xüsusiyyəti müəyyən edilib. Birinci mərhələ üçün qazma tipli evlər, ikinci mərhələyə gil kərpicdən dairəvi formada qurulmuş evlər, üçüncü mərhələyə möhrə fundament üzərində ağac konstruksiyadan qurulmuş yüngül örtüklü evlər və nəhayət, dördüncü mərhələyə daş özül üzərində qurulmuş dairəvi evlər xarakterikdir.
Əhalinin məşğuliyyəti arasında əkinçilik və maldarlıqla yanaşı, ovçuluq da xüsusi rol oynayıb. Bunu əldə olunmuş çaxmaqdaşı və sümükdən ox ucları və osteoloji qalıqlar içərisində maral sümüklərinin çoxluq təşkil etməsi bir daha təsdiq edir.
İlkin tədqiqatlar göstərir ki, abidələr e.ə. IV minilliyin sonu - III minilliyin əvvəllərinə aiddir və Azərbaycanın şimal-şərq bölgələri və Dağıstan ərazisindəki həmin dövrə aid abidələr arasında xüsusi yer tutur.
Tədqiqatların ən mühüm nəticəsi isə Çaqqallıqtəpədən elmi ədəbiyyatda "tokin" adlandırılan bir ədəd gil əşyanın tapılmasıdır. Bu tip əşyalar Kür-Araz mədəniyyəti abidələrindən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası ərazisindəki Maxta qədim yaşayış yerindən əldə olunub.
Sədəf formalı gil əşyalar Ön Asiyada e.ə. IV minilliyin sonlarınadək mübadilə zamanı say və ölçü vahidləri kimi istifadə olunub. Sonrakı mərhələdə onları mixi yazılar əvəz edib. Bu əşyaların tapılması təsdiq edir ki, artıq e.ə. IV minilliyin sonlarından başlayaraq Erkən Tunc dövrü cəmiyyətləri inzibati cəhətdən idarə olunurdu. Bu tapıntı Azərbaycan ərazisində dövlətçilik ənənələrinin 5 min ildən artıq tarixə malik olduğunu təsdiq edir.