Mis pullar Səlcuq sultanı Arslan şahın adından kəsilib
Cəlilabad rayonunun Uzuntəpə kəndi yaxınlığındakı qədim yaşayış yerindən XII əsrə aid mis sikkələr tapılıb. Tədqiqat işləri zamanı aşkar olunan təsərrüfat küpünün içərisindəki 273 ədəd mis sikkə tədqiq olunmaq üçün AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna aparılıb.
Sikkələr numizmat alim, professor Əli Rəcəbli tərəfindən tədqiq olunub. Həmçinin AMEA Radiasiya Problemləri İnstitutunun “Radiokimya laboratoriyası”nda kimya elmləri namizədi Rauf Quliyev tərəfindən kimyəvi üsullarla təmizlənib və onların üzərində aparılmış elmi tədqiqat işləri tam başa çatdırılıb.
Mis dirhəm və fəlslərdən ibarət olan qədim pullar Atabəy Eldəgizlər dövrünə (XII əsr) aiddir. Sikkələrin epitafiyalarındakı salamat qalan hissələrindən məlum olur ki, qədim mis pullar İraq Səlcuq sultanı Arslan şahın (1161-1176) adından kəsilib. Dirhəmin bir tərəfində Abbasilərin xəlifəsi olan Əbül Müzəffər əl-Müstəncidin (1160-1170) adı həkk olunub. Digər tərəfində isə Qurani-Kərimin “Tövbə” surəsinin 33-cü ayəsindən bir hissə yazılıb.
Dəfinə nümayiş etdirilmək üçün Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.