Lənkəran Dövlət Rəsm Qalereyası 1981-ci ildən fəaliyyət göstərir. Qalereyanın direktoru heykəltəraş Məmmədsadıq Axundov 20-yə yaxın heykəl və büstün müəllifidir.

Sənət ocağında xalq rəssamları Lətif Kərimovun, Ağa Mehdiyevin, Hafiz Zeynalovun, Hüseyn Əliyevin, Maral Rəhmanzadənin və başqalarının sərgiləri keçirilib. Eyni zamanda qalereyada yerli rəssamların həm fərdi, həm də kollektiv sərgiləri təşkil olunub. Masallı və Cəlilabad rəssamlarının da əl işləri burada sərgilənib.
Qalereyada dekorativ-tətbiqi sənətə və el sənətkarlığına da diqqət göstərilir. Orta məktəblərdə uşaq və gənclərin əl işlərindən ibarət səyyar sərgilər təşkil edilir.
Hazırda qalereyada heykəltəraşlıq, dekorativ-tətbiqi sənət və rəngkarlıq üzrə dərnəklər fəaliyyət göstərir. Dərnəklərdə müxtəlif yaş qruplarında olan uşaqlar təsviri sənətin incəliklərinə yiyələnirlər. Məşğələlər təkcə qalereyada deyil, ayrı-ayrı yerlərdə - dağlıq, meşəlik yerlərdə, dəniz sahilində keçirilir. Məqsəd gənc nəslin estetik zövqünü formalaşdırmaq, onların həyata və təbiətə insani münasibətini gücləndirmək, incəsənətə maraqlarını artırmaqdır.
Yay turizm mövsümü ilə əlaqədar olaraq qalereya tərəfindən Lənkərandakı “Palıdlı sahil”, “Palmalife” və s. turizm-istirahət məkanlarında da sərgilər təşkil edilir. Lənkəran Şəhər Mədəniyyət və Turizm şöbəsi qalereyanın işinə yardımçı olur.

S.Qaliboğlu