18 sentyabr - Milli musiqi günü münasibətilə yerlərdəki mədəniyyət ocaqlarında tədbirlər keçirilib.
Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin anadan olmasının 131-ci ildönümü və Milli musiqi günü qeyd edilib. Tədbir iştirakçıları mədəniyyət müəssisələrinin təşkil etdiyi sərgi ilə tanış olublar. Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov əlamətdar gün münasibətilə musiqiçiləri və tədbir iştirakçılarını təbrik edib.
Sonra Cəlilabad şəhər incəsənət və Göytəpə şəhər musiqi məktəblərinin şagird və müəllimlərinin ifasında dahi bəstəkarın əsərlərindən ibarət konsert proqramını dinləyiblər.
* * *
Bərdədəki Uşaq musiqi məktəbində keçirilən tədbirdə dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından söz açılıb. Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlyas Hacıyev Milli musiqi gününün əhəmiyyətindən danışıb.
Tədbir konsert proqramı ilə davam edib.
* * *
Zaqatala rayon Uşaq incəsənət məktəbində Milli musiqi günü ilə bağlı konsert proqramı təşkil olunub. Tədbiri məktəbin direktoru Fərhad Acırqayev açaraq musiqi bayramı münasibətilə hər kəsi təbrik edib. Məktəbin müəllim və şagirdlərinin, valideynlərin iştirak etdiyi tədbirdə tar, qarmon, skripka, piano və digər alətlərdə əsərlər ifa olunub, Azərbaycan muğamları səsləndirilib.
* * *
Lerik rayonunun Hamarat kənd klubunda da Milli musiqi gününə həsr olunmuş tədbir keçirilib.
Klub müdiri Eldar Hümbətov, kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Azad Hüseynov, həkim Aşur İmanov, ağsaqqal ziyalı Paşa Allahverdiyev, şair Vüqar Həmati, müəllim Orucəli Şiriyev, Hacımusa Mirzəyev bu əlamətdar günün tarixçəsindən, Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin zəngin irsindən söz açıblar. Şair Muradəli Hüseynov görkəmli bəstəkara həsr etdiyi şeiri oxuyub.
Sonda Üzeyir Hacıbəylinin musiqisindən nümunələr səslənib.