Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad qəsəbə tam orta məktəbi şagirdlərinin rayon Tarix-diyarşünaslıq muzeyinə ekskursiyası təşkil olunub.
Muzeyin bələdçisi buradakı zəngin ekspozisiya barədə uşaqlara məlumat verib.
Bildirilib ki, 1995-ci ildən fəaliyyət göstərən muzey üçün 2010-cu ildə yeni ikimərtəbəli bina inşa edilib. Muzeyin ekspozisiyasındakı 16 bölmədə rayonun tarixini əks etdirən eksponatlar, arxeoloji qazıntılar nəticəsində tapılan əşyalar, dekorativ-tətbiqi sənət, xalçaçılıq nümunələri, kənd təsərrüfatı alətləri - ümumilikdə 1200-dən çox eksponat nümayiş etdirilir.
Muzeydə qədim və orta əsrlərə aid nadir əşyalar çoxdur və onların hamısı rayon ərazisindəki qədim yaşayış məskənlərindən - Kərki nekropolu, Vəlidağ ətəkləri, “Sədərək qalası”, “Kültəpə”, “Şəhər yeri”, “Bulaq başı”, “Karvansara” adlanan yerlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılıb. Bölmələrdə nümayiş olunan dulusçuluq, zərgərlik, toxuculuq məmulatları, dekorativ bəzək əşyaları qədim diyarda sənətkarlığın, mədəniyyətin inkişafından xəbər verir. Buradakı əkinçilik alətləri - xış, kotan, vəl, mərəndi, mərgüz, göndən hazırlanmış xəlbir, nehrə və sair əşyalar sədərəklilərin hələ qədim zamanlardan əkinçiliklə, maldarlıqla məşğul olduqlarını göstərir.