Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə Litva Jurnalistlər İttifaqının vitse-prezidenti, “Alkas.lt” internet portalının redaktoru Audris Antanaytis və portalın fotoqrafı Arunas Sartanaviçus cəbhə bölgəsində yerləşən Tərtər rayonunda lentə aldıqları videomaterialı paylaşıblar.
Litvalı jurnalistlər rayonun Şıxarx qəsəbəsində və Həsənqaya kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərə baş çəkib, sakinlərlə söhbət edib, müharibənin viran qoyduğu evlər və infrastrukturla yaxından tanış olublar. Onlar həmçinin ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına baxıblar.